Əsas Səhifə > Cəmiyyət > ARTUR RASİZADƏNİN YERİNƏ GÖZLƏNİLMƏZ İSİM

ARTUR RASİZADƏNİN YERİNƏ GÖZLƏNİLMƏZ İSİM


5-07-2012, 15:23
ARTUR RASİZADƏNİN YERİNƏ GÖZLƏNİLMƏZ İSİM

YENİ BAŞ NAZİRİMİZ KİM OLACAQ?

Azərbaycanda son illərin ən aktual mövzularından biri indiki baş nazir Artur Rasizadənin nə zaman istefaya göndəriləcəyi və bu postda onu kimin əvəzləyəcəyidi. İndiyədək mətbuatda bununla bağlı müxtəlif məlumatlar yayılıb. Kəmaləddin Heydərov, Əli Abbasov, Ziya Məmmədov, İsmət Abbasov, Əli Əsədov, Yaqub Eyyubov, Samir Şərifov və digər bu kimi məmurların baş nazir postuna iddialı olması və onlardan birinin bu posta gətiriləcəyi qeyd edilib.

Gunxeber.com-un əldə etdiyi məlumata görə, vəzifə bölgüsündə ölkədə ikinci şəxs olan baş nazirin kimliyi hakimiyyət üçün çox həssas və və mühüm bir məsələdi. Hakimiyyət bu postda iddiasız, kifayət qədər zəif və qruplaşmalara meylli olmayan, hansısa klana rəhbərlik etməyən bir şəxsi gətirmək istəyir.

Bu məsələ ilə bağlı digər mühüm cəhət isə ondan ibarətdi ki, baş nazir postunu tutan şəxs diplomatik davranış qaydalarına, diplomatlara xas digər keyfiyyətlərə malik olmalıdı. Çünki Azərbaycana səfərə gələn əksər dövlətlərin yüksək vəzifəli şəxsləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, təmsilçiləri protokol qaydalarına görə çox vaxt baş nazirlə də görüşürlər. Hakimiyyət bu postda elə bir şəxsi görmək istəyir ki, o, bu cür görüşlərdə hər hansı “kruyoz” vəziyyətlə üzləşməsin. Eyni zamanda baş nazir ölkəni bir sıra mötəbər tədbirlərdə təmsil edir.

Gunxeber.com-a verilən məlumata görə, baş nazir postuna namizəd kimi bir sıra iddiasız və qruplaşmalara meylli olmayan şəxslərin adı gündəmdə olsa da, ölkə rəhbərliyi indi onlardan birinin üzərində dayanıb.

Bu şəxs Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovdu. Əslən Gürcüstanın Marnueli rayonundan olan R.Həsənov olduqca iddiasız, qruplaşmlara meyl etməyən və yüksək diplomatik keyfiyyətlərə malik bir şəxs kimi ölkə rəhbərliyinin diqqətini cəlb edib.

Hakimiyyətdə əsas söz sahibi olan bir sıra qruplaşmaların rəhbərləri də onun baş nazir gətirilməsinə loyal yanaşırlar.

Bu məsələlər barədə kifayət qədər məlumatlı olan vəzifəli şəxs Gunxeber.com-a bildirib ki, R.Həsənovun baş nazir gətirilməsi olduqca realdı və yaxın vaxtlarda bu təyinatın reallaşacağı şübhə doğurmur.

Geri qayıt