Əsas Səhifə > Partiya > PARTİYA SƏDRİNİN MÜAVİNİNİN SƏHHƏTİ AĞIRDIR

PARTİYA SƏDRİNİN MÜAVİNİNİN SƏHHƏTİ AĞIRDIR


5-07-2012, 14:38
PARTİYA SƏDRİNİN MÜAVİNİNİN SƏHHƏTİ AĞIRDIR

VAQİF ABDULLAYEVDƏ BOĞULMALAR BAŞLAYIB

Azərbaycan İslam Partiyasının həbsdə olan sədr müavini Vaqif Abdullayevin oğlu Elvin Abdullayev atasının səhhətindən narahatdır.

Vaqif Abdullayev hazırda Penitensiar Xidmətin Baş Tibb İdarəsinin müalicə müəssisəsində həkim nəzarəti altındadır.

“Media forum” saytına açıqlamasında Elvin Abdullayev deyib ki, atasının səhhəti ağır olaraq qalır. O qeyd edib ki, atası 12 saylı Cəzaçəkmə Müəssisəsində xəstələnib: “Həmin müəssisə açıq sahədə yerləşir. Güclü külək, toz-torpaq atamın astma xəstəliyini gücləndirib. Onun belə havalara qarşı allergiyası var. Bunun da nəticəsində onda boğulmalar başlayıb. Ürəyi də ağrıyır. Həbs olunduğu ilk aylarda infarkt keçirmişdi. Astma tutmaları, yəni boğulmalar onda ürək ağrılarının yenidən baş qaldırmasına səbəb olub. Vəziyyəti ağır olduğuna görə onu müalicə müəssisəsinə köçürüblər”.

Elvin Abdullayev atası ilə görüşə ayda cəmi bir dəfə icazə verildiyini deyib: “Mayın 31-də görüşdük. Əlavə görüş üçün lazımi instansiyaya müraciət edib-etməməyi vəkillə məsləhətləşdikdən sonra müəyyənləşdirəcəyik”.

Vaqif Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

O, Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinib.

Geri qayıt