Əsas Səhifə > Partiya > "İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİ BİR YERDƏ OLA BİLMƏZ"

"İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİ BİR YERDƏ OLA BİLMƏZ"


4-07-2012, 12:59
"İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİ BİR YERDƏ OLA BİLMƏZ"

BUNU TAHİR ABBASLI DEYİR

“Son günlər bu iki partiyanın nümayəndələrinin gizli adlarla sosial şəbəkələrdə bir-birilərini təhqir etmələri də bunu sübutdur”

“İqtidara ədalət dərsi keçmək istəyən müxalifətin özünün də ədalət dərsi deyə bilən ağsaqqala ehtiyacı var”

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının “OLAYLAR”-a müsahibəsi

-Tahir bəy, hazırda Azərbaycan müxalifətinin durumunu necə qiymətləndirirsiniz?
-Azərbaycan müxalifətinin durumu çox ağırdır. Bu gün müxalifət ağır günlər keçirir. Hazırda müxalifətin yenidən bölünmə prosesinə şahidlik edirik. Onları bir araya gətirən qüvvə 2013-cü il prezident seçkiləri yaxşınlaşdıqca müxalifətin bölünmə prosesini işə salır. Ona görə də hər hansı durumu dəyərləndirmək çətindir. Etiraf etmək lazımdır ki, bu gün özünü ana müxalifət adlandıranlar cəmiyyətdən çox uzaq düşüb.

-2013-cü il seçki ili olmasına baxmayaraq bu gün müxalifət partiyaları seçkilərə hazırlıqdan daha çox qarşılıqlı ittihamlar, birincilik uğrunda mübarizəyə üstünlük verir. Bu amil müxalifətin 2013-cü il seçkilərində də məğlub olacağından xəbər vermirmi?
- Bu müxalifətin köhnə şakəridir. Müxalifət əvvəl olduğu kimi, indi də cəmiyyətdən gələn sifarişləri deyil, öz maraqlarına xidmət edən siyasət yürüdür. Buna bir sıra konkret örnək də göstərmək mümkündür. İctimai Palata adı altında fəaliyyət göstərən qurum Azərbaycan cəmiyyətində inam qazana bilmir. Çünki digər qüvvələri, onların fikirlərini nəzərə almaq istəmir. Bu mənada İctimai Palata formatındakı fəallaşma effekt vermir. Əksinə İctimai Palatanın bu cür fəaliyyəti hakimiyyətin dəyirmanına su tökür. Bu gün müxalifətin mübarizəsində fikirlərə, ideyalara yer yoxdur.

-Özünü aparıcı müxalifət kimi qələmə verən İctimai Palatada müəyyən problemlərin yarandığı, hətta bu qurumun dağılma ərəfəsində olduğu bildirilir. Siz bu barədə nə deyə bilərsiniz?
-Bir müddət əvvəl müxalifət düşərgəsinin durumunu təhlil edərkən demişdim ki, müxalifətin ağsaqqalı yoxdur. Bildirmişdim ki, iqtidara ədalət dərsi keçmək istəyən müxalifətin özünün də ədalət dərsi deyə bilən ağsaqqala ehtiyacı var. Həmçinin onu da qeyd etmişdim ki, ağsaqqal rolunu Alternativ Parlament oynaya bilər. Düzdür, müxalifətin bir neçə partiyası parlament seçkilərindən sonra İctimai Palata adlı qurum yaratdı. Amma müşahidələrə əsasən deyə bilərəm ki, bu qurum nəinki xalqa, heç müxalifətin özünə belə ağsaqqallıq etmək iqtidarında deyil. Müxalifət İctimai Palata yaratmaqla düşərgədə olan qarışıqlığı aradan qaldırmaq istəsə də, lakin bu münkün olmadı. Çünki hazırda İctimai Palata bir neçə nəfərin inhisarındadır və adıçəkilən qurumda çox komik bir səhnə yaranıb. Palatada ictimailikdən əsər-əlamət yoxdur. Hesab edirəm ki, onun adını Xüsusi Palata qoysalar daha yaxşı olardı. Əslində İctimai Palata müxalifət düşərgəsində olan problemləri bir daha ortaya qoymüş oldu. Bəlli oldu ki, özünü ana müxalifət hesab edən qüvvələr belə bir-birilərinə güvənmir. Məlum oldu ki, həmişə olduğu kimi dialoq alınmır. Dəfələrlə birləşib ayrılan İsa Qəmbərlə Əli Kərimli bu dəfə də bir yerdə ola bilməyəcəklərini ortaya qoydular. Son günlər hər iki partiyanın nümayəndələrinin gizli adlarla sosial şəbəkələrdə bir-birilərini təhqir etmələri də bunu sübutdur.

-Son vaxtlar İctimai Palata kütləvi aksiyalara da ara verib. Sizcə, bu cəmiyyətin həmin aksiyalara maraq göstərməməsi ilə bağlıdır?
-Əvvələdn də bu fikirdə olmuşam ki, İctimai Palata mitinqlər təşkil etməməli idi. İctimai Palata əslində problemlərin müzakirə mərkəzinə çevrilməli idi. Burada müxalifətin problemləri ilə yanaşı ölkənin üzləşdiyi problemlər də müzakirə olunmalıydı. İctimai Palatada təmsil olunan inhisarçılar isə qurumu mitinq ruporuna çevirmək istəyir. Göründüyü kimi bu da alınmır. Hesab edirəm ki. bundan sonra daalınmayacaq. Çünki, qeyd etdiyim kimi, bura toplaşan təşkilatlar, xüsusilə də şəxslər bir-birilərini əsasən qəbul etməyən insanlar və təşkilatlardır. Cəmiyyət İctimai Palatada inandığı adamları, siyasətçiləri görmədiyi üçün bu quruma da etibar etmir. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti məhz bu səbəbdən İctimai Palatanın keçidiyi kütləvi aksiyaları dəstəkləmədi..

-Siz prezident seçkilərində müxalifətin hansı formada iştirakının tərəfdarısınız?
-Hesab edirəm ki, müxalifət ilk növbədə şəxsi maraqları arxa plana keçirməlidir. Təəssüflər olsun ki, Azərbaycan müxalifətində isə bu yoxdur. Əksinə bizdə parçalanmalar, şəxsi maraqlar daha qabarıqdır. Bundan başqa bəzi siyasi qüvvələr partiyalar arasında ayrı-seçkilik salırlar. İctimai Palatanı bu sıraya aid etmək olar.. Həmin qurumda təmsil olunan partiya liderləri bəyan edirlər ki, gəlin İctimai Palatada birləşək, amma partiyalar qarşısında müəyyən şərtlər qoyur və ya dedikləri fikrilərə əməl etmirlər. Buradan da bəlli olur ki, həmin partiyaların başlıca məqsədi birlik yaratmaq deyil, qrant almaqdır. Ona görə də belə bir vəziyyətdə bu suala cavab vermək bir qədər çətindir.

-Bu gedişlə müxalifət vahid namizəd müəyyən edə biləcəkmi?
-Son günlər müxalifətin vahid namizədinin müəyyənləşdirməsi ilə bağlı ortalığa atılan ideyanın reallaşacağına inanmıram. Çünki özünü ana müxalifət adlandıran düşərgədə bu missyanı üzərinə götürəcək lider yoxdu. Çünki müxalifət liderləri zaman-zaman sosial sifarişlərə məhəl qoymadıqlarından bu gün onların fəaliyyəti cəmiyyətdə qıcıq yaradır. Zaman-zaman bu ideya gündəmə gələndə elə oyunlardan çıxıblar ki, bu ideyanın özü artıq həm siyasi dairələr, həm də cəmiyyətdə gülüş doğurur.


Geri qayıt