Əsas Səhifə > Cəmiyyət > KƏRƏM HƏSƏNOV ÜÇÜN “BAZAR” AÇILIB
KƏRƏM HƏSƏNOV ÜÇÜN “BAZAR” AÇILIB4-07-2012, 12:29 |
KOMİTƏ SƏDRİ SƏNƏDLƏŞDİRMƏNİN QİYMƏTİNİ QALDIRIB Son dövrlər Azərbaycanda qeyri-qanuni tikilmiş evlərlə bağlı problem əhali arasında ciddi narazılığa səbəb olub. Bələdiyyələr tərəfindən xeyli əvvəl satılmış torpaq sahələri üzərində özünə mənzil inşa etmiş insanlar günün birində onun sökülməsi ilə üz-üzə qalıblar ki, buna da qarşı çıxaraq, toqquşmalara rəvac verirlər. TİA.AZ xəbər verir ki, ötən günlərdə Azərbaycan prezidenti İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytının verdiyi məlumata görə, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə aşağıdakı tərkibdə komissiya yaradılıb: Komissiyanın sədri Ramiz Mehdiyevdir. Komissiyanın üzvləri isə Abid Şərifov, Ramil Usubov, Ziya Məmmədov, Fikrət Məmmədov, Əli Əsədov, Fuad Ələsgərov, Əli Həsənov, Şahin Əliyev, Kərəm Həsənov, Qərib Məmmədov, Hacıbala Abutalıbov, Rövnəq Abdullayev, Etibar Pirverdiyev, Qorxmaz Hüseynovdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş Prokuroruna komissiyanın fəaliyyətində iştirak etmələri tövsiyə olunub. Komissiyaya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırmaq və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Bildirək ki, hələ bir müddət əvvəl dövlət başçısı İlham Əliyev Bakı meriyasında keçirdiyi müşavirədə bəyan etmişdi ki, qısa müddətdə sənədsiz evlərin sənədləşdirilməsini başa çatdırmaq lazımdır. Bununla bağlı müvafiq dövlət qurumlarına verdiyi tapşırıqdan sonra isə ən çox Dövlət Əmlakının İdarəedilməsi Komitəsinin sədri Kərəm Həsənov üçün bazar açılıb. Belə ki, əhali bu açıqlamadan sonra sənədlərini hazırlayaraq, yerli İcra Hakimiyyətlərinə müraciət etmişdilər. Sevincək hərəkət edən sakinləri isə elə oradaca xəyal qırıqlığına uğratdılar. Məlum oldu ki, bu işlə Kərəm Həsənovun komitəsi məşğul olur. DƏİK-ə müraciət edənlər isə BTİ-yə yönəldildi ki, nəticədə bazarın bazar yerində qaldığı yenidən məlum oldu. Yəni, BTİ-də vətəndaşlardan dövlət rüsumu 400 manat olan işlər üçün 4000 manat tələb olunanda hamı anladı ki, Kərəm Həsənov həqiqətən də özünə yeni bazar tapıb. Halbuki evə kupça almaq üçün telekanallarda belə elanlar verilirdi ki, əhali sənədləşdirmə işini tez həll etsin. Bunun tam tərsi müşahidə edildikdə isə yenidən əvvəlki vəziyyətin qalması səbəbindən narazılıq artmağa başladı. Elə bu səbəbdəndir ki, Prezidentin yaratdığı Dövlət Komissiyası ilə də bağlı tərəddüdlər var. Çünki əksəriyyət elə hesab edir ki, durum əvvəlkindən fərqlənməyəcək. Və komissiyada təmsil olunanlar da bundan öncəki prinsiplər əsasında hərəkət edəcəklər. Geri qayıt |