Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ HƏSƏNOV NİYƏ HEYRƏTLƏNİR Kİ?
ƏLİ HƏSƏNOV NİYƏ HEYRƏTLƏNİR Kİ?1-07-2012, 17:34 |
NƏ TÖKƏRSƏN AŞINA, O DA ÇIXAR QAŞIĞINA... Məlum olduğu kimi, şənbə günü Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov baş redaktorlarla görüşü olub. Görüşdən əvvəl Ə. Həsənovla Mətbuat Şurasının sədri Əflatun Amaşov arasında maraqlı dialoq olub. Mətbuat Şurasının binası qarşısında maşından düşən Ə. Həsənovu Ə. Amaşov qarşılayır. Ə. Həsənov görür ki, şuranın binasının qarşısında son model BMW, Mercedess və “Cip”lər dayanıb. Ə. Həsənov Amaşovdan soruşur: - Bunlar kimin maşınlarıdır? Ə. Amaşov cavab verir: - Baş redaktorların. Ə. Həsənov: - Biz bura durumu ağır olan baş redaktorların vəziyyətinin müzakirəsinə gəlmişik, yoxsa Nazirlər Kabinetinin iclasına. Bəs mətbuatın vəziyyətindən narazılıq edirsiniz? Maşınlara bax, mətbuatın vəziyyəti heç də pis deyil. Mətbuat təmsilçiləri yaxşı yaşayır. Amaşov gülür və dinmir... Ə.Həsənov təkrar edir: - Maşınlara bax, heç içində Rusiya istehsalı olanı yoxdur, hamısı bahalı maşınlardır. Sonra da mətbuatın vəziyyətinin pis, ağlamalı olduğunu deyirsiniz (gülür). Amaşov isə cavab verir: -Baxın, Əli müəllim, içində ən ucuzu mənim maşınımdır... (qafqazinfo) Hər halda, yuxarıda qeyd olunan hadisə bir lətifə kimi təqdim olunsa da, əslində reallığı ehtiva edir. Bəli, bu bir faktdır. Amma ona görə yox ki, həqiqətən də qəzet redaktorları, mətbuat işçiləri Əli Həsənovun dediyi kimi yaxşı yaşayır. Bu, ona görədir ki, görüşün təşkilatçısı olan Mətbuat Şurası məhz yağ-bal içində bəslədiyi qəzetlərin rəhbərlərini həmin görüşə dəvət edib. Əslində real problemlərlə üz-üzə qalan qəzetlərin heç biri Əli Həsənovla görüşdə olmayıb. Kimlərdir onlar? Hər halda, hər birimiz yaxşı tanıyırıq. Elə keçən həftə büdcələrinə əlavə olaraq 30-50 min manat pulları daxil etdikləri qəzetlərin redaktorları qatılmışdı görüşə. Amma həmin görüşdə nə haqsız basqılarla küncə sıxışdırılmış və Əli Həsənovun şəxsən düşmən elan etdiyi «Gündəm Xəbər» qəzetinin rəhbərliyi yox idi, nə də bu gün baş redaktoru saxta ittihamlarla həbsdə saxlanılan «Xural» qəzetinin hansısa nümayəndəsi. Əgər möhtərəm Əli Həsənov problem eşitmək istəyirdisə, elə şəxsi maşını Rusiya istehsalı olan adlarını çəkdiyimiz bu iki qəzetin rəhbərliyi ilə görüşərdi. Əvəz Zeynallı ilə bağlı məsələ aydındır. Bunun üçün gərək Əli müəllim həbsxanaya getsin və yaxud da keçən il etdiyi sifarişinin əksini oxuyaraq, Əvəz Zeynallını azadlığa buraxdırsın və onu beş dəqiqəlik dinləməyə hövsələ nümayiş etdirsin. Əgər problem eştimək istəyirdinizsə, bunun üçün görüşə də hacət yox idi, elə “Gündəm Xəbər” qəzetinin üçüncü səhifəsində hər gün yer alan STEND-ə nəzər salsanız, yetərli olardı. O zaman biləcək ki, qəzetlər - NORMAL QƏZETLƏR və NORMAL QƏZETÇİLƏR hansı problemləri yaşayırlar. Təbii ki, yağ-bal içində yaşayıb, bu gün mətbuatın qayğılarından uzaq düşənləri qarşı masaya oturdanda bundan artığına şahidlik etməyəcəkdiniz, cənab Həsənov! Bir də, yeri gəlmişkən, Əli müəllim, siz MŞ-dakı görüşə gələnlərin bahalı maşınlarına heyrətlənməyin. Onları, yəni bahalı maşını olanları çağırmısınız, onlar da gəlib. Yəni nə tökərsən aşına, o da çıxar qaşığına... Geri qayıt |