Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT TOTAL İSLAHATLARA HAZIRLAŞIR

HAKİMİYYƏT TOTAL İSLAHATLARA HAZIRLAŞIR


1-07-2012, 16:57
HAKİMİYYƏT TOTAL İSLAHATLARA HAZIRLAŞIR

NAZİRLƏRDƏN BİRİ «VƏZİFƏDƏN GETSƏM, ÜRƏYİM PARTLAYAR» DEYİB

DİA.AZ: - «Hakimiyyət total kadr islahatlarına hazırlaşır». Bu sözləri redaksiyamıza Prezident administrasiyasına aid mənbə bildirib. Qaynağın iddialarına görə, bunun üçün hətta müvafiq konsepsiyanın hazırlanması barədə PA-da gərəkən işlər də görülməkdədir: «Çox ciddi tədarük gedir. İslahatların miqyası böyük olacaq. Hətta səs-küyünə görə 2005-i ilin 17 Oktyabr hadisələrini belə xatırladacaq. Necə ki, həmin ərəfədə hər kəsin gözü mətbuatda idi və hər kəs daha kimlərinsə qollarının qandallanacağını gözləyirdi, sentyabr ayında da eyni hadisələr yaşanacaq».

Doğrudur, bu dəfə həbslərin olmayacağını bildirən mənbəmiz, amma səs-küylü kadr islahatlarının planlaşdırıldığını bildirdi: «Çox mürəkkəb bir vəziyyət yaranacaq. Çünki planlaşdırılan dəyişikliklər zamanı konkret iki hakimiyyətiçi qruplaşmanın sıradan çıxarılması nəzərdə tutulub. Bu zaman ola bilsin ki, kimlərsə müqavimət fikrinə düşsün, amma müqavimətin baş qaldırma ehtimalları da nəzərə alınıb. Və yalnız bu zaman həbslər həyata keçirilə bilər».

Mənbəmiz eyni zamanda DİA.AZ-a maraqlı bir faktı da açıqladı: «Həmin dəyişikliklər zamanı görəvdən alınması nəzərdə tutulan məmurlardan biri artıq baş verəcəklərdən xəbər tutub. Doğrudur, proses məxfi mahiyyət daşımır. Amma hədəflər bu barədə daha çox məlumatsız tutulur. Və baş verən istisna nəticəsində vəzifəsini itirəcəyini eşidən nazirlərdən biri çox ilginc bir reaksiya verib: «Vəzifədən getsəm, ürəyim partlayar». Hər halda, planlaşdırılan şok dəyişikliklər çoxunun ürəyini partladacaq. Çünki proses zamanı təxminən 4 nazirin, 2 komitə sədrinin, daha 1 yüksəkçinli məmurun və eyni zamanda 9 icra başçısının birdəfəlik olaraq vəzifədən uzaqlaşdırılması planlaşdırılır.

Mənbəmiz onu da vurğuladı ki, bu islahatlar eyni zamanda 2013-cü ilin prezident seçkilərinə hazırlaşan YAP iqtidarının yeni simasını da ortaya qoyacaq: «Yəni bununla hakimiyyət həm də beynəlxalq ictimaiyyətə ismarıc ötürür ki, kiminlə hara qədər gedəcək. Əsas olanı odur ki, bu proses həm də 2015-ci il parlament seçkiləri üçün də mühüm əhəmiyyət daşıyacaq. Çünki bu gün digər istiqamətlərdə olduğu kimi, Azərbaycanın Milli Məclisi də ayrı-ayrı məmurlar tərəfindən bölüşdürülüb. Adı «qara siyahı»ya düşəcək nazirlərdən birinin isə parlamentdə dəstəklədiyi deputatlar var».

Onu da qeyd edək ki, redaksiyamız tərəfindən sentyabr islahatları ilə bağlı geniş material hazırlandığından daha dolğun bilgiləri yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt