Əsas Səhifə > Gündəm, Manşet > MASALLIDA BƏLƏDİYYƏ SƏDRİ QEYBƏ ÇƏKİLİB

MASALLIDA BƏLƏDİYYƏ SƏDRİ QEYBƏ ÇƏKİLİB


1-07-2012, 16:35
MASALLIDA BƏLƏDİYYƏ SƏDRİ QEYBƏ ÇƏKİLİB

NƏDƏN BƏLƏDİYYƏ ÜZVLƏRİ ÖZ SƏDRLƏRİNİN ÜZÜNÜ GÖRƏ BİLMİRLƏR?

DİA.AZ: - Masallı şəhər bələdiyyəsinin 15 üzvündən 11-i Soltan Soltanov, Samirə Abbaszadə, Nurəli Feyzullayev, Əlizadə İsmayılov, Yaşar Gözəlov, Firəngiz Niftiyeva, Zöhrab Hüseynli,Yaşar Allahverdiyev, Manaf Nadirov, Fərman Zeynalov və Faiq Nağiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, həmin nazirliyin Bələdiyyələrlə iş üzrə Mərkəzinin sədri Mehdi Səlimzadəyə, YAP-ın icraçı katibi Əli Əhmədova, Masallı RİH-in başçısı Rafil Hüseynova və başqa rəsmilərə məktublar ünvanlayaraq bildiriblər ki, bu vaxta qədər bir dəfə də olsun şəhər bələdiyyəsinin sədri üzvlərinin iştirakı ilə heç bir iclas keçirməmiş, bütün qərarları təkbaşına qəbul etmişdir. Sədr bələdiyyə üzvlərini yaxın buraxmır.

Seçildiyi müddət ərzində bələdiyyə sədri seçicilərə bir dəfə də olsun hesabat verməmiş, əhali üçün heç bir iş görməmiş, saxtakarlıq edərək hər il bələdiyyə büdcəsinə daxil olan külli miqdarda pulları təkbaşına saxta sənədlər tərtib etdirərək mənimsəmişdir. Mənimsənilən pulların isə hüdudu yoxdur. Sədrin işi ancaq torpaq satmaqdır.

DİA.AZ-a daxil olan məlumata görə, 11 nəfərin imzaladığı müraciətdə daha sonra deyilir ki, Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxışov ulu öndərin miras qoyduğu, seçkili orqan olan bələdiyyə qurumunu Konstitusiyaya zidd hərəkətləri ilə idarə edir, çoxminlik seçiciləri hakimiyyətdən narazı salır.

Sonda narazılar saxtakarlıqla külli miqdarda bələdiyyə büdcəsini təkbaşına talan edən, özbaşına, maddi marağı naminə qərarlar qəbul edən, saxta, qanunsuz hərəkətləri ilə bələdiyyə üzvləri və çoxminlik seçicilərinin narazılığına səbəb olan Masallı Şəhər Bələdiyyəsinin sədri Azər Baxışovun maliyyə və digər fəaliyyətinin onların iştirakı ilə araşdırılmasını xahiş edirlər.

Redaksiyadan: Hələ 3 il öncədən, Masallı Şəhər Bələdiyyəsinə son seçkilər keçiriləndən sonra rayonda şəhər bələdiyyəsi ilə bağlı söz-söhbətlər bitmir. İlkin qənaət ondan ibarət idi ki, bu quruma sədr seçilən Azər Baxışov həmin vəzifə üçün təsadüfi adamdır. Bu vaxta qədər rayonun ictimai-siyasi həyatında onun yadda qalan hər hansı bir əməli olmayıb. O, sadəcə olaraq, xalqın iradəsi ilə yox, bəzi imkanlı sponsorlarının köməyi ilə bu vəzifəyə yiyələnib.

Məhz buna görə Azər Baxşiyevin bir bələdiyyə sədri kimi Masallı şəhəri üçün yadda qalan işlər görməsinə ümid çox az idi. Ümidlər, daha doğrusu, ümidsizliklər özünü doğrultdu. Artıq seçicilər bir yana, bələdiyyə üzvləri də sədrdən hədsiz narazı olduqları üçün üzə dirəniblər. Şikayətçi bələdiyyə üzvləri Ədliyyə Nazirliyindən və Masallı Rayon İcra Hakimiyyətinin başçısından da gileylidirlər ki, bələdiyyə sədrindən edilən şikayətlərə ciddi reaksiya vermirlər.

Geri qayıt