Əsas Səhifə > Cəmiyyət > SEL BASAN ZONANIN İŞIĞI DA KƏSİLİB

SEL BASAN ZONANIN İŞIĞI DA KƏSİLİB


29-06-2012, 12:46
SEL BASAN ZONANIN İŞIĞI DA KƏSİLİB


İCRA HAKİMİYYƏTİ: “BU İŞLƏ MƏŞĞULUQ”

Goranboyda baş verən təbii fəlakət nəticəsində kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Bu barədə Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev məlumat verib. İcra başçısının müavini bildirib ki, güclü sel rayon ərazisində fəsadlar törədib:

“Hazırda sel fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət qrup Goranboya ezam olunub. Hazırda dəymiş ziyan müəyyənləşdirilir. Rayon mərkəzində elektrik enerjisinin verilməsi bərpa edilsə də, kəndlərdə bu problem hələ də aradan qaldırılmayıb. Kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb”.

Baxış Abdullayev bildirib ki, artıq kəndlərdə elektrik enerjisi və digər kommunikasiya xətlərinin bərpası ilə bağlı işlər görülür. İyunun 29-da günün sonuna qədər xətlərin tam bərpası və kəndlərə elektrik enerjisinin verilməsi təminediləcək. Dəymiş ziyanın müəyyənləşdirilməsinə gəlincə isə, Baxış Abdullayev hələlik bu ziyanın konkret məlum olmadığını bildirib: “Biz bununla bağlı Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlara müraciətlər etmişik və yardım istəmişik. Mütəxəssislər araşdırma aparıb dəymiş ziyanı müəyyənləşdirəcək”.

Qeyd edək ki, iyunun 28-də Goranboy rayonunun dağ ərazilərinə düşən güclü yağışlar nəticəsində rayona ciddi zərər dəyib. Rayonun Ağcakənd, Zeyvə, Qızılhacılı qəsəbələri də daxil olmaqla 15-dən artıq kəndinə güclü sel sularının daxil olması nəticəsində əhaliyə məxsus fərdi təsərrüfatlara və əkin sahələrinə, infrastruktur obyektlərinə zərər dəyib. Sel nəticəsində rayon mərkəzi ilə kəndləri birləşdirən yollar su altında qalıb.

Geri qayıt