Əsas Səhifə > Partiya > LEYLA YUNUSDAN SƏRT AÇIQLAMALAR

LEYLA YUNUSDAN SƏRT AÇIQLAMALAR


29-06-2012, 12:39
LEYLA YUNUSDAN SƏRT AÇIQLAMALAR

“AQRAMUNT VƏ QREXƏ NÜFUZLU TƏŞKİLATDA YER OLMAMALIDIR”

“Azərbaycanın siyasi hakimiyyəti siyasi məhbusların olması üzərində qurulub”, - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus “Obyektiv TV” (obyektiv.tv) telekanalına müsahibəsində deyib. Üstəlik, bu, mahiyyət etibarilə sadəcə avtoritar yox, mafioz idarəetmə metodudur. Onun təyinatı ölkənin sərvətini talamaq üçün vətəndaşları qorxutmaqdır, ali məmurlar isə bugünkü maraqları ilə yaşayan təsadüfü adamlardır.

Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür və əgər hakimiyyət dəyişikliklərdə maraqlı olsaydı, bunu edərdi. Heydər Əliyevin dövründə 714 siyasi məhbus var idi, sonra onlardan 28-i qaldı (sayın çox olması hərbi çevriliş cəhdlərində kütləvi ittihamların olması ilə əlaqədardır).

Son vaxtlar vicdan məhbusları və siyasi dustaqlar narkotik maddələrin yayılmasında, xuliqanlıqda, hakimiyyət nümayəndəsini təhqir etməkdə, şantajda, pul tələb etməkdə ittiham olunurlar. Yəni, onları sadəcə həbs etmirlər, həm də uydurma ittihamlarla təhqir edirlər.

L.Yunusun siyahısında belə adamların sayı 70 nəfərdir. Lakin bu da tam siyahı deyil, çünki hüquq müdafiəçilərinin əhatə dairəsindən kənarda qalan məhkəmə prosesləri də olur.

Bu baxımdan Kristofer Ştrasserin AŞPA Monitorinq Komitəsi üçün hazırladığı məruzə təqdirəlayiqdir. Sənəd əsaslı, alman xırdaçılığına kimi hazırlanıb. Siyahıda 89 vicdan məhbusu və siyasi məhbusun adı var.

Çox pisdir ki, adamlar fəlakət onların özlərinə gəlib çatanda öz vətəndaş hüquqları ilə bağlı mübarizə aparmağa başlayırlar. Məsələn, Rəsul Quliyev Ali Sovetin sədri olanda qohumları ilə birlikdə XTPN-nin məhv edilməsində fəal iştirak edirdi. Sonra özünü müxalifətçi elan etdi, onun çoxsaylı qohumları həbsxanada XTPD-çilərlə eyni kamerada oturdular.

Hakimiyyətə qarşı cinayətlərdə ittiham olunan adamın yaxın qohumlarının hakimiyyətlə razılığa gəlməsi halları da olur. Onlar məhkəmə müxalifətçilərə qarşı sərt hökm çıxarıldıqdan sonra hüquq müdafiəçilərinə müraciət edirlər.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrex (Malta) Azərbaycanda pozuntu faktlarını etiraf etmirlər, - L.Yunus onlarla şəxsi söhbətinə əsasən bildirib. Onun fikrincə, nüfuzlu beynəlxalq strukturda belə məruzəçilərin yeri yoxdur və 38 QHT AŞPA-ya müraciət edərək faktiki olaraq Azərbaycan hökumətinə işləyən bu məruzəçilərin geri çağırılmasını tələb edib.

Avropadakı Azərbaycan diasporunun nümayəndələri də analoji tələblərlə aksiya keçirir və Azərbaycan üzrə məruzəçilər AŞPA-nın daha tələbkar və prinsipial nümayəndələri ilə əvəzlənməyənə qədər bu kampaniya davam edəcək, L.Yunus vurğulayıb.


Geri qayıt