Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN MEDİASI ÇAŞQINLIQ YARADIR

İRAN MEDİASI ÇAŞQINLIQ YARADIR


29-06-2012, 11:04
İRAN MEDİASI ÇAŞQINLIQ YARADIR

“BU MƏLUMATLAR CƏMİYYƏTİN ƏHVALINI POZUR”

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin (Del Gerani) cinayət törətməsini təkzib edib. “Azadlıq” radiosunun məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev iyunun 28-də keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan vətəndaşlarının cinayət törətdiklərinə dair hər hansı rəsmi məlumat yoxdur: “Bu isə o deməkdir ki, mediada yayılanlar İranın rəsmi mövqeyi deyil. Bu cür məlumatlar cəmiyyətdə çaşqınlıq yaradılmasına xidmət edir, cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir göstərir”.

Elman Abdullayev əlavə edib ki, vətəndaşlarla görüşə imkan yaradılması, onların barəsində ətraflı məlumat verilməsi Vyana Konvensiyası ilə tənzimlənir: “İranın bizə bu şəraiti yaratmaması o deməkdir ki, bu konvensiyanın maddələri pozulub. Bu məsələ bizim üçün prioritetdir. Vətəndaşlarımızla görüşmək üçün səylərimizi əsirgəməyəcəyik. İranla danışıqlar davam etdirilir. Tehrandakı səfirliyimiz vasitəsilə İrana nota təqdim olunub. İmkan verməyəcəyik ki, vətəndaşlarımız barəsində cinayət işi açılsın”

İyunun 28-də İran saytları - “Arannews.ir” və “Rajanews.com” bu ölkədə tutulmuş iki Azərbaycan vətəndaşının narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunduğunu xəbər verib. “Rajanews.com”un məlumatında bildirilib ki, “özünü şair kimi qələmə verən qaçaqmalçılar” Fərid Hüseyn və Şəhriyar Del Gerani Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşımaqla məşğul olublar. “Rajanews.com” eyni zamanda gənc şairlərin İsrailin “Mossad” xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham olunduğunu iddia edib.

Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il mayın 2-də Təbrizdə tutulublar. Onlar İrana poeziya bayramında iştirak üçün gediblər.


Geri qayıt