Əsas Səhifə > Gündəm, Manşet > BAKI MERİ HÖKUMƏTDƏN NƏYİ GİZLƏDİR?

BAKI MERİ HÖKUMƏTDƏN NƏYİ GİZLƏDİR?


26-06-2012, 13:20
BAKI MERİ HÖKUMƏTDƏN NƏYİ GİZLƏDİR?

YENİ BULVAR QRUNT SULARINA TƏSLİM OLDU: MİLYONLAR HAVAYA SOVRULDU

DİA.AZ: - «Avroviziya» yarışması öncəsi inşaası sürətlə həyata keçirilən və qısa müddətə təhvil verilən Dənizkənarı Milli Parkın genişləndirilmiş yeni ərazisinə, yəni Yeni Bulvar adlanan əraziyə xərclənən pullar artıq havaya sovrulmuş hesab oluna bilər. Bildirək ki, artıq bir neçə gündür ki, Yeni Bulvar qrunt sularının altında qalma təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə DİA.AZ-a məlumat verən Bulvar İdarəsinin əməkdaşlarından birinin sözlərinə görə, vəziyyət çox ciddidir və hətta keçən həftə məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bulvar idarəsinin rəhbərliyinin iştirakı ilə toplantı təşkil olunub. Toplantıya mütəxəsisslərin də cəlb olunduğunu bildirən mənbəmiz bildirdi ki, amma baş verənlərlə bağlı «yuxarılara» hələlik doğru-dürüst hesabat verilmədiyindən, qrunt sularının Yeni Bulvarı yuma təhlükəsinin qarşısı bulvar idarəsi ilə BŞİH-nin daxili imkanları hesabına alınır.

Onu da xatırladaq ki, əslində köhnə bulvarın ərazisi də zaman-zaman dəniz və qrunt sularının altında qalıb və əvvəllər Xəzər dənizinə doğru daha da irəlidə olan bulvar sonradan indiki ərazisinə qədər geri çəkilməli olub. İndi isə oxşar taleni yeni bulvar ərazisi yaşamalı olur.

Amma köhnə bulvardan fərqli olaraq uzunluğu 7 kilometrə çatan yeni bulvara külli miqdarda vəsaitin xərcləndiyini nəzərə aldıqda aydın olur ki, əslində ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə xərclənməli olan həmin pullar havaya sovrulub.

Hadisə şahidlərinin bildirdiyinə görə, dünən günorta saatlarından etibarən Yeni Bulvar ərazisi bir neçə istiqamətdən qrunt sularının altında qalıb və vətəndaşların nəzərdə tutulan istirahəti də pozulub. Hətta bulvarın mühafizə xidmətinin əməkdaşları təxminən 3 saat ərzində bulvara kimsəni buraxmayıblar. Həmin müddətə isə Bakı şəhər İcra hakimiyyətinin işçiləri öz hesablarına əraziyə yerin altından qalxan qrunt sularının sovrularaq daşınması ilə məşğul olublar.

Anoloji problemin yenidən baş qaldıracağını bildirən mənbəmiz isə qeyd edir ki, Yeni Bulvar ərazisinə döşənən bahalı piltələr və həmçinin bulvarın kənarlarını əhatə edən qiymətli mərmər daşlarının bir hissəsi artıq sıradan çıxmaq üzərədir. Mütəxəssislərin bildirdiyinə görə, problemin həlli üçün yenidən əraziyə böyük maliyyə vəsaiti xərclənməlidir ki, bu da yaxın müddətə inandırıcı görünmür. Ən azından ona görə ki, baş verənlərin Bakı meri Hacıbala Abutalıbov tərəfindən hökumətdən gizlədildiyi söylənilir.

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt