Əsas Səhifə > Cəmiyyət > ZİYAD SƏMƏDZADƏNİN DAXİLİ İŞİ...

ZİYAD SƏMƏDZADƏNİN DAXİLİ İŞİ...


25-06-2012, 13:40
ZİYAD SƏMƏDZADƏNİN DAXİLİ İŞİ...

“MÜTƏLLİBOVLA GÖRÜŞÜB-GÖRÜŞMƏMƏK MƏNİM DAXİLİ İŞİMDİR”

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Modern.az-ın Azərbaycanın eks-prezidenti Ayaz Mütəlliovun vətənə qayıtması ilə bağlı sualına cavab verib.
Qeyd edək ki, Z.Səmədzadə vaxtilə A.Mütəllibovun komandasında çalışıb. O, Dövlət Plan-İqtisad Komitəsinin sədri və Ali Soveti sədrinin birinci müavini vəzifələrini tutub.

Əməkdaşımızla söhbətdə Ziyad Səmədzadə Ayaz Mütəllibovun Azərbaycana gəlişini normal qarşılayıb.

“Eks-prezidentlər haqqında qanun Azərbaycan prezidentinin təşəbbüsü ilə öz təsdiqini tapdı. Milli Məclisdə də bununla bağlı müxtəlif fikirlər oldu, müzakirələr aparıldı. Artıq Azərbaycan demokratik cəmiyyət qurur, belə bir cəmiyyətin qurulmasında insanlar fəal iştirak etməlidirlər. Qanun Azərbaycanda ziddiyətlərin aradan qaldırılmasına, müxtəlif baxışların bir istiqamətə yönəlməsinə imkan yaradacaq. Bu baxımdan mən bu sənədi yüksək qiymətləndirirəm”, - deyə deputat bildirib.

Vaxtilə Ayaz Mütəllibovun rəhbərliyi altında fəaliyyət göstərən Z.Səmədzadə onunla görüşüb-görüşməyəcəyinə dair suala belə cavab verib:

“Bu mənim daxili işimdi, kiminlə görüşürəm, kiminlə görüşmürəm. Bununla bağlı açıqlama vermək istəmirəm. Məncə belə suallar vermək yersizdir”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev keçmiş prezidentlər haqqında qanunu təsdiq etdikdən sonra Ayaz Müttəllibovun üzərindəki cinayət işi qaldırılıb və onun vətənə gəlməsinə icazə verilib. A.Mütəllibovun iyulda Bakıya qayıdacağı gözlənilir.


Geri qayıt