Əsas Səhifə > Gündəm, Manşet > QAÇQIN AİLƏSİ DİN ŞEFİNDƏN KÖMƏK İSTƏDİ

QAÇQIN AİLƏSİ DİN ŞEFİNDƏN KÖMƏK İSTƏDİ


25-06-2012, 11:19
QAÇQIN AİLƏSİ DİN ŞEFİNDƏN KÖMƏK İSTƏDİ

“AĞCABƏDİ POLİSİ AZYAŞLI KÖRPƏLƏRƏ QARŞI ZORAKILIĞA GÖZ YUMUR”

DİA.AZ: - 1994-cü ildən bəri Ağcabədi rayonunun Ağabəyli kəndi Kökəltmə birliyi ərazisində yaşayan Laçın rayonundan olan məcburi köçkün Aqil Salmanovun adından redaksiyamıza məktub daxil olub. Bildirək ki, DİA.AZ-a daxil olan məktub Daxili İşlər Naziri Ramil Usubova ünvankanıb: Məktubda deyilir:

“Hörmətli nazir! Dəyərli vaxtınızı alaraq nəzərinizə çatdırıram ki, biz Laçın rayonundan olan məcburi köçkün kimi 1994-cü ildən bəri Ağcabədi rayonunun Ağabəyli kəndi Kökəltmə birliyi ərazisində yaşayırıq. Mənim bir ailə başçısı olaraq başlıca qayğım min bir zəhmət və kasıbçılıqla da olsa ailəmin dolanışığını təmin etmək, onun hər bir kasıb ailəyə məxsus çoxsaylı ehtiyaclarını qarşılamaqdır.

Lakin təəssüflər olsun ki, yaşadığımız ərazidə məskunlaşan Qasımovlar nəsli özlərini bu ərazinin qeyri-rəsmi ağası hesab etdiklərindən bizə zaman-zaman mütəmadi təzyiqlər edir, özümü və ailəmi fiziki və mənəvi zorakılığa məruz qoyurlar. Illər uzunudur ki, Qasımovların ərazidə davam edən ağalığının nəticəsidir ki, bu gün nəinki evindən küçəyə çıxan, dükana-bazara yollanan hər kəs, habelə evinə dönən və ya qonaq qarşılayan insanlar belə bunun üçün onlardan razılıq almalı, öz qohum-qardaş münasibətlərini məhz Qasımovların icazəsi əsasında müəyyənləşdirməlidir. Özlərini dövlət daxilində dövlət hesab edən, həm polis, həm prokuror, həm məhkəmə funksiyasını yerinə yetirən Qasımovlar öz maddi durumlarına arxalanaraq digər insanların haqq və hüquqlarını qəsb etməkdən çəkinmir, sözün həqiqi mənasında qanuna və hüquqa meydan oxuyurlar.

Təsadüfi deyil ki, 07 iyun 2012-ci il tarixində qaynımız Həşimov Qurban Aslan oğlunun evinə qonaq gedərkən Qasımovlar nəslinin nümayəndələri – Azər və Ədalət Qasımovlar bizə hücum etmiş, özümə, həyat yoldaşıma, habelə üç azyaşlı övladıma ciddi bədən xəsarətləri yetirmişdir. Nə qədər qəribə və inanılmaz səslənsə də Qasımovların bizi ailəlikcə döyməsinə səbəb qoluzorlu nəsil tərəfindən qoyulan “qaydaları pozmağımız”, yəni qohumumuz evinə Qasımovların evinin önündən keçən yolla getməyimiz olub. (Onu da qeyd edim ki, bu yol qaynımız Qurban Həşimovgilə gedən yeganə yoldur və biz istəsək belə o mənzilə başqa yolla yetişə bilmərik).

Məlumat üçün bildirim ki, baş verən son olaydan sonra qaynım Qurban Həşimov da evini tərk etməyə, ailəsi ilə birlikdə küçələrdə gecələməyə məcbur olub. Qasımovların əhatəsində yaşaya bilməyən və hər dəqiqə onların müdaxiləsinə, təzyiq və basqısına məruz qalan Qurban Həşimov evi olduğu halda sərgərdan dolaşmaqda, mənzil üzünə həsrət qalmaqdadır. Qasımovların özbaşınalığı mənim və ailəmin hüquqlarını, Qurban Həşimov və ailəsinin isə həm də mənzilini əlindən alıb.

Artıq həmin hadisənin üstündən günlər keçsə də, nə həyat yoldaşım, nə də azyaşlı öladlarım baş verən hadisənin psixoloji şokundan ayılmış deyil. Mən aldığımız xəsarətlərdən dolayı tibbi ekspertiziya müraciət etmişəm və həkim artıq rəyin hazır olduğunu, lakin bu rəyi yalnız tədqiqatçıya verəcəyini söyləyir”.

Onu da qeyd edim ki, bu hadisə Qasımovlarla bizim aramızda olan yeganə insident deyil. Bundan öncə də qolunun və pulunun gücünə arxalanan bu insanlar bizə qarşı zorakılıqlar sərgiləmiş, vətəndaş hüquqlarımızı kobud şəkildə pozmuşdur. Biz baş verən hadisələrlə bağlı Ağcabədi Rayon Polis İdarəsi müraciət etsək də, nədənsə Qasımovlar tərəfi hər dəfə polis idarəsindən kefi kök, üzü gülən şəkildə çıxmış, bu ölkədə kimsənin onlara mane ola bilməyəcəyini söyləmişdir. Son insidentlə bağlı da Ağcabədi Rayon Polis İdarəsi müraciət etsək də, Qasımovlar 5-10 dəqiqəlik polis sorğusunda sonra azad edilmiş, hər zaman olduğu kimi bu dəfə də bu insanlar haqqında heç bir ölçü götürülməmişdir. Hörmətli nazir. Bizi ən çox narahat edən məqamlardan biri də məhz Ağcabədi Rayon Polis İdarəsinin məlum olaylarla bağlı sərgilədiyi mövqedir. Nə qədər qəribə də olsa, Qasımovla bizim aramızda olan insidentlərlə bağlı sözügedən polis idarəsinə ondan çox müraciət ünvanlasam da, Ağcabədi polisi bu günə qədər problemin həlli istiqamətində heç bir əməli addım atmayıb. Nə qədər əcaib və inanılmaz səslənsə də, polis yetkililəri qrşı tərəfi məsuliyyətə cəlb etmək üçün heç bir əsas olmadığını bildirir. Polis rəsmisi qeyd edir ki, olay zamanı ölən olmayıb, buna görə də məsələ ilə bağlı hər hansı ciddi ölçü götürmək mümkün deyil. Mən isə hüquq-mühafizə orqanı əməkdaşlarına anlatmağa çalışıram ki, bizim polis idarəsinə müraciət etməkdə məqsədimiz də olayların insan ölümü ilə nəticələnən dərəcəyə çatmasının qarşısını almaqdan ibarətdir. Biz ona görə hüquq-mühafizə orqanına müraciət edirik ki, əlaqədar qurumlar ölkə qanunlarına əsasən zəruri ölçü götürsün, öz vətəndaşının həyatını xilas etsin. Lakin təəssüf ki, Ağcabədi Rayon Polis İdarəsi ölüm hadisəsinin olmadığını əsas gətirərək problemlə bağlı qəti mövqe sərgiləməkdən imtina edir. Bu cür dialoqların birində polis yetkilisindən soruşdum ki, əgər ölüm olsa, mən və ya ailə üzvlərimdən biri ölsə, onda necə olacaq? Polis yetkilisi laqeydliklə bildirir ki, heç nə, əgər ölüm olsa o zaman müqəssir məsuliyyətə cəlb ediləcək. Maraqlı məntiqdir. İndi sizdən soruşuram, doğrudanmı polis münaqişə və konfiliktə yalnız və yalnız o zaman qarışmalıdır ki, ortada bir və ya bir neçə meyid olsun ? Doğrudanmı hər hansı bir insident zamanı ölüm hadisəsinin olmaması müqəssir tərəfi məsuliyyətdən azad edir? Doğrudanmı Ağcabədi Rayon Polis İdarəsini hərəkətə gətirmək üçün ailə üzvlərimdən birinin ölməsi şərtdir və problemə başqa cür müdaxilə etmək mümkün deyil?

Odur ki, təəssüf hissi ilə sizə bildiririk ki, bizim bir vətəndaş olaraq Ağcabədi Rayon Polis İdarəsinə heç bir etimadımız qalmayıb və hesab edirik ki, Qasımovların cəzasızlıq mühitində fəaliyyət göstərmələrində, yetənə yetib, yetməyənə bir daş atmalarında bu qurumun özünəməxsus rolu mövcuddur. Odur ki, sizə ünvanladığımız bu müraciətin Ağcabədi Rayon Polis İdarəsi tərəfindən deyil, daha ali müvafiq dövlət qurumu tərəfindən araşdırılmasını xahiş edirik. Onu da vurğulayıram ki, bundan sonra özümün və ailəmin üzləşəcəyi hər hansı bir təzyiqə, fiziki və mənəvi işgəncəyə görə öz hərəkəstsizliyi ilə gərginliyin davam etməsinə rəvac verən bilavasitə Ağcabədi Rayon Polis İdarəsi məsuliyyət daşıyacaq.

Cənab nazir. Əminik ki, Sizin qayğınız sayəsində ədalət öz yerini tutacaq və özünü dövlətə bərabər tutan, pul və zorakılığın istənilən qanundan üstün olduğunu düşünən bu insanlar layiqli cəzalarını alacaqdır”.


Geri qayıt