Əsas Səhifə > Siyasət, Manşet > QARABAĞIN AZADLIĞININ BİR ADDIMLIĞINDA…

QARABAĞIN AZADLIĞININ BİR ADDIMLIĞINDA…


24-06-2012, 16:10
QARABAĞIN AZADLIĞININ BİR ADDIMLIĞINDA…

ŞANLI AZƏRBAYCAN ORDUSUNUN DOĞUM GÜNÜ ƏRƏFƏSİNDƏ TƏBRİK ƏVƏZİ

DİA.AZ: - Son bir ayda Azərbaycan Qarabağ cəbhəsində çox ciddi bir mərhələni yaşamalı oldu. Söhbət 18 illik atəşkəs dövründə ilk dəfə baş verən bir prosesdə - hərbi əməliyyatların total qaydada bərpası anında Azərbaycanın bir dövlət olaraq verdiyi reaksiyadan gedir. Əslində bunun adına bir sınaq - imtahan da demək olar. Azərbaycan bununla həmçinin müharibə hazırlıqlı olmasını da ortaya qoymuş oldu. Az qala beynəlxalq təşkilatlara dil açıb yalvaran rəsmi İrəvan nəhayətdə Qərbin və Rusiyanın təzyiqləri ilə illərdir mövcud olan Qarabağ probleminin hərb yolu ilə həllindən canını qurtara bildi.

Qeyd edək ki, hər müharibədən söz düşəndə həm yerli və həm də beynəlxalq ictimaiyyətə hesablanan müxtəlif təxribat xarakterli gedişləri də müşahidə edirik. Yerli Azərbaycan cəmiyyətini müharibədən çəkindirmək üçün dərhal döyüşlərdə verə biləgəyimiz itkiləri öz önünə gətirir və şəhid qanı ətrafında siyasi alverlər başlayır. Hətta bu zaman uzun müddət ərzində marıqda yatıb, hansısa müdafiə nazirliyi işçisindən incik düşənlərin də fəallığını görmək olur. Yəni bir ordu zabitinə qərəzli olan belə ortaya atılaraq ordumuzla bağlı aşağılayıcı dezinformasiyaları dövriyyəyə buraxır, daha geniş planda isə cəmiyyətin hərbi vətənpərvərlik ruhu təhlükə altına alınır.

Təbii ki, müharibədə itkilər olacaq. Amma nədənsə dərhal bu cür təxribatçı qüvvələrin yadına itki tərəfi düşür. Daha bu itkilərin hesabına bərpa olunacaq MİLLİ ŞƏRƏFİMİZ - QARABAĞDA ƏLDƏ EDƏCƏYİMİZ BÖYÜK QƏLƏBƏMİZ sanki kimsənin umrunda olmur. Bu atmosfer isə sırf məqsədli olaraq yaradılır. İnsanlar QƏLƏBƏ üzərində köklənməkdənsə, itkilərin fonunda yaradılan faciə içində boğdurulur. Məqsədli şəkildə…

Beynəlxalq təşkilatlara gəlincə isə onların mövqeyi anlaşılandır. Necə ki, biz azərbaycanlılar üçün hansısa Mozambik dilənçisinin ac və ya tox olmasının bir o qədər əhəmiyyəti yoxdur, eləcə də ingilis, fransız üçün Qarabağını, Qarabağda Milli Şərəfini itirmiş azərbaycanlının nəyi necə düşünməsinin heç fərqi yoxdur.

Yəni burada önəmli olanı beynəlxalq basqıların şiddəti yox, öz içimizdə verdiyimiz və verəcəyimz reaksiyalardır.

Bəli, bir neçə gün sonra özünün YARANIŞ GÜNÜnü qeyd etməyə hazırlaşan ŞANLI AZƏRBAYCAN ORDUSUNUN bu gün ən çox ehtiyacında ollduğu bir məqam varsa da, o da millət və dövlət olaraq arxasında dayanmağımızdır. Doğrudur, bir sıra neqativ halları çıxmaq şərtilə dövlətin bu yöndəki fəaliyyətini uğurlu qiymətləndirmək olar. Hər halda, Milli Ordu elə bir mövzudur ki, burada hansısa cılız siyasi ambisiyaya yer yoxdur. Və bu gün hakimiyyətdə oturan qüvvələrə olan münasibətdən asılı olmayaraq reallıqdakı faktı etiraf etmək hər kəsin borcudur ki, Azərbaycan bir dövlət olaraq ordusunun arxasındadır. Əgər belə olmasaydı, dünyanın nüfuzlu beynəlxalq qurumları, dövlətləri az qala açıq məntlə ölkəmizi təhdid edib, «ƏGƏR MÜHARİBƏ BAŞLAYARSA, SİZƏ BAHA BAŞA OTURACAQ» ismarıclarını bir-birinin arına düzməzdilər. Deməli, Azərbaycan bir dövlət olaraq öz ordusunun arxasındadır, onun ən modern silahlarla bizi gözləyən Böyük Qarabağ Savaşına hazırlamaqdadır. Tək qalanı isə millət olaraq bu məsələdə özümüxü layiqli formada ifadə etməyimizdir.

Xatırladaq ki, bu günlərdə «Söz» Analitik Araşdırma Bürosu (SAAB) ölkədəki ictimai-siyasi durumu öyrənmək məqsədilə son altı ayın yekunları ilə bağlı sorğu keçirib. Qurumdan DİA.AZ-a verilən məlumatda bildirilir ki, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində 2024 nəfər respondent arasında keçirilən sorğu müxtəlif spektrlərdəki duruma ictimai baxışın müəyyən olunması məqsədini daşıyıb.

Həmin sorğuda verilən 3 sualdan birində isə millətin əslində öz ordusunun arxasında dayanması tam olaraq ortaya çıxmışdı. Həmin faktı bir daha diqqətinizə çatdırırıq. Məlumatda deyilir ki, Azərbaycanın dörd iri şəhərinin sakinləri «Hansı dövlət qurumunun işindən razısınız» sualına cavab verərkən maraqlı nəticə əldə edilib. Əslində keçirilən sorğunun nəticələrindən belə təəssürat yaranır ki, rəylərini açıqlayanların əksəriyyəti öz münasibətlərini son hadisələrin fonunda müəyyən ediblər.

Belə ki, sorğuda iştirak edənlərin böyük çoxluğu 53,4 faizinin qənaəti belədir ki, bu gün müharibə şəraitində olan Azərbaycanımızda Müdafiə Nazirliyinin fəaliyyəti qənaətbəxşdir. Ekspertlərin fikrinə görə, belə bir nəticənin əldə olunması təbii ki, son günlər Milli Ordumuza olan etimad yükünün artması ilə əlaqədardır. Hər halda, Qarabağ cəbhəsində ermənilərin fəallaşması və bu zaman əsgərlərimizin göstərdiyi şücaət birbaşa olaraq sorğu iştirakçılarının qənaətlərinə təsir göstərib.

Hər halda, bu vətəndaş etimadının arxasında hazırki ordu rəhbərliyinə olan inam dayanmaqdadır. Onu da bildirək ki, sözügedən sorğu ilə bağlı redaksiyamıza əlavə məlumatlar verən «Söz» Analitik Araşdırma Bürosunun əməkdaşları bildirdilər ki, keçən ilin dekabrında da anoloji nəticələr əldə olunmuşdu: «Doğrudur, həmin zaman Müdafiə Nazirliyi ən çox etimad göstərilən nazirliklər arasında 46 faizlik səslə birinci yerə çıxmışdı. Yəni respondentlərə təqdim olunan sual fərqli idi. Amma buna baxmayaraq, həmin nəticəni də vətəndaşların Milli Ordumuza olan münasibəti kimi qəbul etmək lazımdır».

Bir sözlə, bu gün bir-iki nüansı çıxmaq şərtilə Azərbayan cəmiyyətini də tam olaraq müharibəyə hazırlıqlı hesab etmək olar. Tək qalanı isə Tanrının bizlərə Qarabağımızı savaş yolu ilə azad etmə haqqını tanımasıdır.

Hər halda, Milli Ordu Günü ərəfəsində şanlı əsgərlərimizə bundan gözəl dilək ola bilməz. Uca Yaradan Sizin hər birinizi qorusun! Sizə və Bizə bir əsgər kimi bu vətən qarşısında övladlı borcumuzu yerinə yetirmə haqqı tanısın! Amin…

Azad Qarabağ arzusu ilə…

«Dünya» İnformasiya Agentliyi - Siyasət Bölümü


Geri qayıt