Əsas Səhifə > Siyasət, Manşet > ARTUR RƏSİZADƏ MƏMURLARI HƏDƏFƏ GƏTİRİR

ARTUR RƏSİZADƏ MƏMURLARI HƏDƏFƏ GƏTİRİR


23-06-2012, 12:13
ARTUR RƏSİZADƏ MƏMURLARI HƏDƏFƏ GƏTİRİR

BİR NEÇƏ İCRA BAŞÇISI CƏZALANDIRILA BİLƏR: VƏZİYYƏT GƏRGİNLƏŞİR

DİA.AZ: - Son zamanlar hakimiyyət düşərgəsində baş nazirlik uğrunda mübarizə getməsinə dair mətbuatda kifayət qədər çeşidli məlumatlar yer almaqdadır. Məlumatlara əsasən baş nazir olmaq istəyən xeyli nazirlər var ki, onlar ən müxtəlif yollarla Artur Rasizadəyə qarşı kampaniya aparmağa başlayıblar. Bildirilir ki, bu kampaniyanın arxasında kifayət qədər ciddi fiqurlar dayanır.

Amma məsələ heç də görüntüdə olan kimi deyilmiş. Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbə iddia edir ki, əslində aparılan kampaniyada yanlış hədəflər göstərilir. Mənbə deyir ki, bu piar kampaniyasının əsas hədəfi olaraq, bir zamanlar guya Kəmaləddin Heydərovun baş nazir olmaq istəyinə düşməsi barədə məlumatlar yer alırdı və bu kökündən yanlışdır:

«Əslində Kəmaləddin Heydərova bir neçə dəfə ən yüksək səviyyələrdə baş nazirlik təklif edilib. Lakin Kəmaləddin müəllim bu təklifdən imtina edib. O, Nazirlər kabinetinin faktiki olaraq funksiyasız və əsasən Prezident Adminstrasiyasının dəftərxanası formasında işləməsini belə deyib. Eyni zamanda Nazirlər Kabinetinin sadəcə olaraq büdcə təsnifatı və büdcə məsələləri ilə bağlı olaraq fəaliyyət göstərdiyini nəzərə alaraq bu təklifdən imtina edib. Etiraf etmək lazımdır ki, Artur müəllim ölkədə büdcə məsələləri ilə bağlı olaraq tək-tük bacarıqlı kadrlardan biridir» deyə mənbəmiz bildirdi.

Bununla belə Artur Rasizadənin də kifayət qədər aqressiv olaraq bu məsələlərlə bağlı əks hücuma keçmək qərarına gəlib. Səbəb də onun barəsində əks təbliğat aparan şəxslərin nazir müavini səviyyəsində olan şəxslər olmasıdır. Məlumata əsasən baş nazir 2007-ci ildən bəri ölkə prezidentinin sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə fermer təsərrüfatlarına verilən əvəzsiz yardımların ciddi yeyintiyə məruz qalması faktlarını araşdırmaq tapşırığı verib.

Belə ki, fermerlərə ayrılan vəsaitlərin müxtəlif əllərdə dağılması və yerli təsərrüfat sahiblərinə çatmaması hətta iki nazirliyi üz-üzə qoymuşdu. Ayrılan subsidiyaların yerinə çatmaması Maliyyə naziri Samir Şərifov və bir neçə gün əvvəl kombayn sükanının arxasına keçən Kənd Təsərrüfatı naziri İsmət Abbasovu üz-üzə qoymuşdu.

İlk əvvəl İsmət Abbasov Maliyyə Nazirliyini ayrılan subsidiyaları hesablara vaxtında köçürməməkdə günahlandırmış, əvəzində isə Maliyyə naziri Samir Şərifov subsidiyaların vaxtında hesablara köçürüldüyünü, lakin təyinatı üzrə xərclənmədiyini deyərək İsmət Abbasovu ağır şəkildə ittiham etmişdi.

Bütün bunlardan sonra Prezident Administrasiyası bu işlərə birbaşa nəzarəti öz üzərinə götürmüş və Nazirlər Kabinetinin rəhbəri Artur Rəsizadəyə bu məsələ ilə məşğul olmaq tapşırığı vermişdi. Artur Rəsizadə də öz növbəsində bu barədə yerli icra orqanlarına məktub göndərərək 2007-ci ildən bəri fermerlərə ayrılan vəsaitlərin paylanmasında qanun pozuntularının olmasından bəhs edib.

Məlumatı verən şəxs deyir ki, bu məktub Maliyyə Nazirliyinin hökumətə ünvanladığı sənəd əsasında göndərilib. Maliyyə Nazirliyinin hesabatında isə göstərilib ki, 2007-2008-ci illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində ciddi yeyintilərə yol verilib.

Sənəddə deyilir ki, yerli idarəetmə orqanları qanunsuz əməliyyatlarla ayrılan pulları sənədləşdirərək, fermerlərə deyil özlərinə ayırıblar.

Bu sənədə əsasən Baş nazirin Bərdə, Tərtər, Ağcəbədi, İmişli, Zərdab Sabirabad və digər bir neçə rayon başçısına göndərdiyi məktub rayon rəhbərlərini ciddi narahat edib. Mənbə deyir ki, Maliyyə Nazirliyininin rayon nümayəndələri artıq ciddi şəkildə cəzalandırılacaqlarını düşünürlər. Belə ki, icra başçıları maliyyə şöbələrinin rəhbərlərini və icra nümayəndələrini cəzalandıraraq özlərini xilas etməyə çalışa bilərlər.

Bununla belə, bu iş istiqamətində bir neçə icra başçısını ciddi çəkildə cəzalandırılacağı qorxusu bürüyüb.


Geri qayıt