Əsas Səhifə > Partiya > GƏNC MÜSAVATÇININ ÖLÜM İŞİNİN ÜSTÜ AÇILMAYIB

GƏNC MÜSAVATÇININ ÖLÜM İŞİNİN ÜSTÜ AÇILMAYIB


22-06-2012, 15:59
GƏNC MÜSAVATÇININ ÖLÜM İŞİNİN ÜSTÜ AÇILMAYIB

5 il öncə naməlum avtomobillə vurularaq həlak olmuş Müsavat fəalı Nahid Məmmədovun işi ilə bağlı heç kim məsuliyyətə alınmayıb, indiyəcən tutulan yoxdur.

Mərhum fəalın anası Nahidə Məmmədova “Media forum” saytına bildirib ki, istintaqdan ailəyə işin gedişi ilə bağlı heç bir məlumat verilmir: “Heç bir xəbər yoxdur. Davamlı olaraq istintaqın gedişi ilə maraqlanırıq. Hələ də ümid edirəm. Amma gör nə qədər vaxt keçir”.

Müsavat fəalı Nahid Məmmədov 2007-ci il martın 6-da paytaxtın hava limanına gedən yolda, çalışdığı “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında maşınla vurulub. Sürücü hadisə yerindən qaçıb. Ekspertiza zamanı Nahid Məmmədovun dörd qabırğasının sındığı, başından xəsarət aldığı məlum olub.

Nahid Məmmədovun ölümü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) araşdırılır. İstintaqı Xəzər Rayon Polis İdarəsi aparır.

Hadisəni araşdırmış müstəntiq Emil İbrahimov “Medim forum” saytına deyib ki, artıq bir ildir iş yerini dəyişib, hazırda başqa rayonda çalışır. O bildirib ki, Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində müstəntiq işlədiyi müddətdə Nahidin qardaşı daima onunla əlaqə saxlayıb, bütün istintaq prosesində iştirak edib və istintaqdan da heç vaxt narazılıq etməyib.

Emil İbrahimov işi araşdırdığı 4 il 4 ay ərzində hadisənin üstünün niyə açılmadığına aydınlıq gətirməyib.

“Medim forum” saytı məsələyə Xəzər Rayon Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin münasibətini öyrənə bilməyib.

Geri qayıt