Əsas Səhifə > Partiya > “İLHAM SÜLEYMANOVU ŞƏRLƏYİBLƏR”

“İLHAM SÜLEYMANOVU ŞƏRLƏYİBLƏR”


22-06-2012, 13:43
“İLHAM SÜLEYMANOVU ŞƏRLƏYİBLƏR”

ADP JURNALİSTİN HƏBSİNƏ REAKSİYA VERDİ

ADP mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılın FaktXeber.com-a verdiyi məlumata görə, Azərbaycan Demokrat Partiyasının üzvü, partiyanın Saatlı Rayon Təşkilatının sədr müavini, eyni zamanda jurnalistlik fəaliyyəti ilə məşğul olan İlham Süleymanov iyunun 11-də Saatlı RPİ-nin əməkdaşları tərəfindən həbs edilib və rayon məhkəməsi onun haqqında həbs qərarı çıxarıb. İ.Süleymanov rayon torpaq şöbəsinin sabiq rəisi Ehtiram Məmmədova qarşı xuliqanlıq etməkdə ittiham olunur. Belə ki, Saatlı RPİ-nə şikayət edən sabiq məmur E.Məmmədov İlham Süleymanovun guya onu döydüyünü və xəsarət yetirdiyini iddia edib.

Mətbuatda ardıcıl olaraq Saatlı və digər qonşu rayonlardakı yerli problemlər, məmur özbaşınalığı, rüşvətxorluq, digər hüquq pozuntuları haqqında yazılarla çıxış edən İlham Süleymanov artıq bir müddət idi ki, hədəfdə idi. Belə ki, ona respublikanın müxtəlif mətbuat orqanlarına yazdığı yazıları dayandırmaq təklif olunub, bundan imtina etdikdə isə ona hədə qorxu gəlinib, şərlənəcəyi bildirilib. Bir müddət əvvəl isə vəziyyət o dərəcədə kritikləşib ki, İlham Süleymanov bir aya yaxın müddətdə rayondan qaçmalı olub.

Adıçəkilən torpaq şöbəsi müdiri haqqında da vaxtilə İ.Süleymanovun yazdığı faktlar mətbuat səhifələrinə çıxdıqdan sonra o, vəzifəsindən çıxarılıb. Bu səbəbdən də jurnalistə qarşı qəzəbli olan E.Məmmədov 11 iyunda rayon mərkəzində sərxoş vəziyyətdə İlham Süleymanova yaxınlaşaraq onu təhqir edib və İlhamın boğazından yapışaraq onu boğmağa başlayıb. Torpaq şöbəsinin sabiq rəisinin əlidən zorla qurtulan İlham Süleymanov bu işin qurama olduğunu güman etdiyi üçün polisə şikayət etməyib. Bir neçə saat sonra isə rayon polisi onu xuliqanlıq etməkdə təqsirli bilərək həbs edib.

İ.Süleymanovun atasının ölkənin hüquq müdafiəçilərinə ünvanladığı müraciətdə də qeyd edilir ki, Ehtiram Məmmədovun yaxınları İlhamın şərlənməsini şəxsən Saatlı rayon İcra Hakimiyyəti Başçısı Siracəddin Cabbarov və rayon polis İdarəsinin rəisi Cəbrayıl Vəliyevin tapşırığı ilə planlaşdırıldığını etiraf ediblər və Ehtiramın bu işdə ciddi rolunun olmadığını bildiriblər.

İlham Süleymanov hazırda istintaq təcridxanasına gətirilib və ona Saatlı rayon polis İdarəsində saxlanılan zamanlarda işgəncə verilməsi ilə bağlı məlumatlar var.

Azərbaycan Demokrat Partiyası İdarə Heyəti İlham Süleymanovun həbsi ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“İlham Süleymanovun siyasi baxışlarına və jurnalistlik fəaliyyəti ilə əlaqədar şərlənərək həbs edilməsinə heç bir şübhəmiz yoxdur. İlham bəy on ildən çoxdur ki, ADP üzvüdür və müstəqil mətbuatda daim tənqidi yazılarla çıxış edir. Onun həbs edilmə planı da o qədər bəsit və səbatsız təşkil edilib ki, yazılarına və siyasi mövqeyinə görə həbs edilməsi tam aşkar görünür.

ADP İH İ.Süleymanovun həbsini tam siyasi motivli həbs kimi qiymətləndirir və bu hadisəni son vaxtlar mətbuata qarşı başladılmış repressiyaların tərkib hissəsi hesab edir.

ADP İdarə Heyəti hakimiyyətdən İlham Süleymanovu dərhal azad etməyi və onun həbsində günahkar olan məmurları ciddi cəzalandırmağı tələb edib.

ADP İdarə Heyəti həmçinin yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarını İlham Süleymanovun pozulmuş hüquqlarının bərpası istiqamətində ciddi səy göstərməyə çağırıb.”


Geri qayıt