Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOV YENƏ DƏ ŞOUMENLİK EDİR

MİSİR MƏRDANOV YENƏ DƏ ŞOUMENLİK EDİR


21-10-2011, 11:12
MİSİR MƏRDANOV YENƏ DƏ ŞOUMENLİK EDİR

REYDƏ DÜŞƏN MƏKTƏBLƏRİN DİREKTORLARI QABAQCADAN XƏBƏRDAR OLUNUBLAR

DİA.AZ: - Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə paytaxtdakı ümumtəhsil məktəblərdə dərsə davamiyyətlə bağlı reydlərə başlayıb. Məlumata görə, ilk reydlər Bakının Nərimanov rayonundakı 177, 47 və 258 nömrəli orta məktəblərdə dünən keçirilib. Jurnalistlərin iştirakı ilə hər üç məktəbin müxtəlif siniflərində keçirilən monitorinq zamanı məlum olub ki, məktəblərdə davamiyyət 95 faizdən yuxarıdır.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib ki, reydlər təhsil naziri Misir Mərdanovun tapşırığına uyğun olaraq keçirilir və ilin sonunadək davam etdiriləcək: “Reydlər həftədə bir dəfə və hər dəfə Bakının bir rayonunda keçiriləcək. Reydlər keçirən zaman müəssisə rəhbərlərinə əvvəlcədən heç bir xəbərdarlıq edilmir. Bütün monitorinqlər jurnalistlərin iştirakı ilə keçiriləcək. Reyd üçün məktəblər media mənsublarının istəklərinə uyğun olaraq seçiləcək”.

B. Hüseynzadənin sözlərinə görə, reydlər məktəblərdə davamiyyətin və nizam-intizamın daha da gücləndirilməsinə səbəb olacaq.

Təbii ki, bu kimi reydlərin keçirilməsinə zərurət var. Amma gərək ki, reallığı əks etdirsin. Əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, təhsil nazirliyi yenə də şou göstərib və bir-iki jurnalisti öz şousuna şərik etməklə cəmiyyəti aldatmağı düşünür.

Mötəbər qaynaqların “Dünya” İnformasiya Agentliyinə (dia.az) verdiyi məlumata görə, təhsil nazirliyi reyddən əvvəl hər üç orta məktəbin rəhbərliyini qabaqcadan xəbərdar edib: «Bunun nəyi reyd olur. Reyd barədə qabaqcadan məlumat verilmir. Və yoxlama xəbərsiz şəkildə aparılır».

Mənbəmiz onu da bildirir ki, əgər təhsil nazirliyi səmimidirsə, bu prosesə neytral qəzetlərin nümayəndələrini qoşmalıdır və reydlərin keçirildiyi orta məktəbləri nazirlik yox, jurnalistlər müəyyən etməlidir: «Bu baş vermirsə, deməli, şoudur. Başa düşmək olmur, Misir Mərdanov bu şou ilə nə demək istəyir. Kimi aldatmağı düşünür. Amma başa düşülən odur ki, bu adama daha tövbə yoxdur. Hətta bu boyda vurhavurdan sonra da adam gözə kül üfürürsə, köhnə metodlarından əl çəkmirsə, deməli, heç nə düzələn deyil».


Geri qayıt