Əsas Səhifə > Cəmiyyət, Manşet > ZİYA MƏMMƏDOVA QARŞI YENİ ÜSYAN DALĞASI

ZİYA MƏMMƏDOVA QARŞI YENİ ÜSYAN DALĞASI


20-06-2012, 14:22
ZİYA MƏMMƏDOVA QARŞI YENİ ÜSYAN DALĞASI

TAKSİ SÜRÜCÜLƏRİ NN-DƏ OLUBLAR, NAZİR ONLARI QƏBUL ETMƏYİB

DİA.AZ: - Məlum olduğu kimi, dünən Nəqliyyat Nazirliyi (NN) Dövlət Yol Polisi (DYP) ilə birgə Xırdalan-Sumqayıt yolu istiqamətində taksi sürücülərinə qarşı reydlər keçirib. Bildirək ki, bu barədə yayılan məlumatlarda da nazirlik və DYP əməkdaşları tərəfindən saxlanılan sürücülərin dəqiq sayı barədə məlumat verilmir, sadəcə olaraq bildirilir ki, çoxlu sayda taksi cərimə meydançasına aparılıb.

DİA.AZ-a bu barədə məlumatı verən NN-dəki məlumatlı mənbələrin sözlərindən belə aydın olur ki, bu kimi reydlərin keçirilməsi davamlı xarakter daşıyacaq: «Dünənki reydə gəlincə isə, həqiqətən də dəqiq rəqəm yoxdur. Sadəcə olaraq DYP əməkdaşları tərəfindən təxminən 124 protokolun yazıldığı məlumdur. Amma NN müfəttişlərinin əllərində olan protokol sayı daha artıqdır. Çünki elə hallar olub ki, daha çox NN-ə aid qayda pozuntusu hesab olunub».

Mənbəmiz onu da bildirdi ki, artıq bu gün səhər saatlarında bir neçə taksi sürücüsü nazirliyə şikayətə gəlib: «Sayları təxminən ona çatan narazı sürücülər nəqliyyat naziri Ziya Məmmədovla görüş istəsələr də, onları şöbə müdiri səviyyəsində qəbul etdilər və onlara bildirilib ki, proses sırf qanun çərçivəsində həyata keçiriləcək və cərimə meydançalarına aparılan maşınları da yalnız DYP-nin müvafiq sənədi əsasında geri ala bilərlər».

Bu arada narazı sürücülərdən bir qrupu da redaksiyamıza müraciət ediblər və onlar bildirirlər ki, əgər Ziya Məmmədov onlarla görüşüb, problemlərini müzakirə etməzsə, yenidən etiraz aksiyalarına əl atacaqlar.

Xatırladaq ki, keçən ilin sonlarına yaxın köhnə sovet maşınları ilə taksi xidməti göstərən sürücülər davamlı olaraq NN-nin binası qarşısında etiraz aksiyaları təşkil etmişdilər və onları qəzəbləndirən Ziya Məmmədovun həmin taksilərin fəaliyyətinə qadağa qoyması faktı idi. Belə ki, Ziya Məmmədovun yaxın adamları tərəfindən real qiymətindən olduqca baha qiymətə Bakıya gətirilən «London taksiləri»nin istismara buraxılmasından sonra köhnə sovet maşınlarına qarşı reydlər keçirən nazirlik nəhayətdə sürücülərin aksiyalarını nəzərə alaraq öz qərarını 1 may tarixinə qədər ertələməli olmuşdu.

İndi isə münasibətlərin yenidən gərginləşdiyi görünür. Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt