Əsas Səhifə > Güney Press, Araşdırma > İSA BƏY, 42 MİN MANATINIZ VARMI?

İSA BƏY, 42 MİN MANATINIZ VARMI?


20-06-2012, 13:38
İSA BƏY, 42 MİN MANATINIZ VARMI?

MÜSAVAT “KRİSTAL ZAL”IN BİR SAATINA BU QƏDƏR ÖDƏMƏLİDİR

Ötən gün Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında deyib ki, iqtidar Müsavat Partiyasına qurultay üçün yer ayırmağa hazırdılar. Dövlət rəsmisi bildirib ki, hətta qurultay üçün Müsavat Partiyasına “Eurovision-2012”nin keçirildiyi “Bakı Kristal Zalı”nı da verə bilərlər, lakin icarə pulunu ödəmək şərtilə.

Maraqlıdır, “Bakı Kristal Zalı” kim tərəfindən və neçəyə icarəyə verilr?

Bunula bağlı qısa araşdırma aparılıb.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov əyləncə mərkəzinin faktiki olaraq dövlət sifarişi ilə inşa edildiyini dedi. Amma zalın Mədəniyyət və Turizm Nazirliyinin balansında olmadığını bildirdi. Onun sözlərinə görə, zal istifadəyə verilsə də, hələlik hansı dövlət təşkilatının balansına keçirilməsi rəsmən bəlli deyil:

“Hələlik bu rəsmiləşməyib. Ola bilər ki, həmin zalda musiqi yarışmalarından başqa, idman və bundan daha böyük tədbirlər də keçirilsin”.

“Bakı Kristal Zalı”nın faktiki sahibi bəlli olmasa da, onun icarəyə verilmə qiymətləri dəqiq müəyyən olunub. Qeyri-rəsmi rəqəmlərə görə, zalda mühafizə, texniki avadanlıqlarla təchiz edilmə də daxil olmaqla 1 saatlıq tədbir üçün 42 min manat pul tələb olunur. Lakin qiymətlər dəyişə də bilər. Belə ki, tədbirlərin mahiyyəti üzrə qiymətlər fərqli dəyərdə də təklif edilə bilər. Məsələn beynəlxalq əhəmiyyətli olan və dövlətin təşkilatçılığı ilə olmayan tədbirlər üçün qiymətlərdə güzəşt edilir. Bu güzəştlərdə daxili auditoriya üçün olan tədbirlərdə endirimlər nəzərdə tutulmayıb.

Məlumatlara görə, qiymətlər dünyanın bir sıra paytaxtlarında eyni standartlara cavab verən zallarla müqayisədə müəyyən edilib.

Onu da əlavə edək ki, “Bakı Kristal Zalı” 25 min tamaşaçı üçün nəzərdə tutulub. / gundeminfo /

Geri qayıt