Əsas Səhifə > Gündəm, Manşet > FƏRHAD ƏLİYEV HƏBSXANADAN ÇIXARILA BİLƏR

FƏRHAD ƏLİYEV HƏBSXANADAN ÇIXARILA BİLƏR


20-06-2012, 12:07
FƏRHAD ƏLİYEV HƏBSXANADAN ÇIXARILA BİLƏR

KEÇMİŞ NAZİRİN SƏHHƏTİNDƏKİ PROBLEMLƏR DAHA DA CİDDİLƏŞİB

DİA.AZ: - Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, haırda həbsxanada saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həyatı təhlükə altındadır. Sözügedən məlumatı mətbuata açıqlayan keçmiş nazirin hüquqlarının müdafiə komitəsinin sədri, sabiq millət vəkili Cəmil Həsənlinin sözlərindən belə aydın oldu ki, Fərhad Əliyevin səhhətində ciddi problemləri var.

Xatırladaq ki, Fərhad Əliyev 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunub və buna rəğmən 2007-ci ildə iqtisadi xarakterli cinayətlər ittihamı ilə mühakimə olunaraq məhkəmə tərəfindən barəsində 11 il azadlıqdan mərhumetmə cəzası çıxarılıb. Qeyri-rəsmi məlumatlara görə, keçmiş nazirə qarşı qaldırılan ilk ittiham üzərə mühakimə hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin Azərbaycana gətirilməsinə qədər ertələnib. Bir sözlə, bu səbəbdən də Fərhad Əliyevin hansısa formada əfv olunmayacağı, adının amnistiya siyahısına belə salınmayacağı söylənilir.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, bu istiqamətdə vəziyyət dəyişə bilər. Çünki Fərhad Əliyevin son günlər səhhətinin kəskin şəkildə pisləşməsi, ürək ağrılarının artması hakimiyyəti əvvəlki qərarından daşındıra bilər. Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, iki gün əvvəl Fərhad Əliyev həbsxana şəraitində ciddi şəkildə müayinə olunub: «Hətta həbsxanaya bu məqsədlə diaqnostik aparatlar da gətirilib. Və müayinə zamanı keçmiş nazirin sağlıq durumunun təhlükəli nöqtədə olması təsdiqlənib».

Hələlik onunla bağlı hansı qərarın verilib-verilmədiyinin qətiləşmədiyini bildirən mənbəmizin sözlərinə görə, istənilən halda hakim düşərgə Fərhad Əliyevin həyati durumu ilə əlaqədar hansısa addımı atmaq zorundadır: «Çünki həkimlər keçmiş nazirin həbsxana şəraitində saxlanılmasını qeyri-məqbul hesab ediblər və verilən rəydə göstərilir ki, əks halda bu ona həyatı bahasına mail ola bilər».

Artıq bu barədə hakimiyyətin üst düzəyinin də məlumatlandırıldığını bildirən mötəbər mənbəmiz onu da əlavə edib ki, yaxın günlərdə Fərhad Əliyevin ən azından xəstəxana şəraitinə köçürülməsi planlaşdırılır.


Geri qayıt