Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLUYA QARŞI İTTİHAM

SƏRDAR CƏLALOĞLUYA QARŞI İTTİHAM


20-06-2012, 11:50
SƏRDAR CƏLALOĞLUYA QARŞI İTTİHAM

“ONUN NAXÇIVAN HAQDA DEDİKLƏRİ TAMAMİLƏ YALNIŞDIR”

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Naxçıvan Muxtar Respublikası ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən Modern.az-a açıqlayıb. Deputat qeyd edib ki, müxalifət funksionerinin Naxçıvana əlavə səlahiyyətlərin verilməsi haqda fikir söyləməsi tamamilə yolverilməzdir.

“Sərdar Cəlaloğlunun bu barədə mövqeyi kökündən yanlışdır. Naxçıvan Azərbaycanın muxtar bir bölgəsidir. Bu gün muxtar respublikaya aid olan bütün statuslar Naxçıvana verilib. Eyni zamanda nəzərdən qaçırmayaq ki, Naxçıvan anklavdır. Aramızda tarixi Azərbaycan torpaqları hesabına qurulmuş Ermənistan var. Orada bir çox məsələləri yerindəcə, operativ həll etmək imkanı duyulur.

Bu gün hansısa qurumun Naxçıvanda yaradılması onun Azərbaycandan ayrılması demək deyil. Əksinə, məsələlərin muxtar respublika statusuna uyğun olaraq yerindəcə həll edilməsi üçündür. İndiyə qədər də atılan addımların düzgün olduğu görünür. Naxçıvanda dövlətçilik naminə çox böyük işlər görülür. Eyni zamanda muxtariyyətin Naxçıvan modeli göstərir ki, gələcəkdə Dağlıq Qarabağa da yüksək muxtariyyət veriləcək”, – deyə A.Mirzəzadə ADP sədrinə iradını bildirib.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu Naxçıvanın təhsil və gömrük qurumlarının Azərbaycanın vahid idarəetmə sistemindən qoparılaraq muxtar respublikanın Ali Məclisinə tabe etdirilməsini pisləyib, bu cür cəhdlərin unitar quruluşa zidd olduğunu bəyan edib.

S.Cəlaloğlu həmçinin qeyd edib ki, dövlət qurumlarının Naxçıvana verilməsi ilə dövlət içində dövlət yaradılır. Siyasətçinin sözlərinə görə, bu da Dağlıq Qarabağ ayrıca dövlət kimi formalaşmasına zəmin yarada bilər.


Geri qayıt