Əsas Səhifə > Ölkə, Manşet > MTN STRUKTURLARINDA İSLAHAT

MTN STRUKTURLARINDA İSLAHAT


18-06-2012, 15:17
MTN STRUKTURLARINDA İSLAHAT

QURUM «AVROVİZİYA» YARIŞMASINDAN ALNIAÇIQ ÇIXA BİLMƏYİB

DİA.AZ: - Məlum olduğu kimi, Bakıda düzənlənən «Avroviziya-2012» mahnı yarışması həm dövlətimiz üçün və həm də dövlət qurumlarımız üçün bir sınaq rolunda çıxış etdi. İlk dəfə idi ki, Azərbaycan bir dövlət olaraq belə bir mühüm tədbirə ev sahibliyi edirdi. Bu baxımdan «Avroviziya» yarışmasına az qala bütün dövlət qurumları səfərbər olunmuşdu.

Onu da bildirək ki, ən əsas vəzifə dövlətin güc strukturlarının üzərinə düşürdü. Belə ki, son zamanlar müxtəlif təxribatçı qüvvələrin Azərbaycanda «Avroviziya» yarışmasının keçirilməsini az qala dəhşətli bir olay kimi təqdim edərək ölkəmizin üzərinə yeriməsi də müvafiq dövlət qurumlarımızın məsuliyyət yükünü birə beş artırmaqda idi.

Qeyd edək ki, həmin ərəfədə mətbuatda belə bir informasiya yayıldı ki, «Avroviziya» yarışmasının təhlükəsizliyinin təminatı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilib. Halbuki bui şin icrasının əvvəlcədən Daxili İşlər Nazirliyinə həvalə ediləcəyi söylənilirdi. Amma bu baş vermədi. Nəzarət MTN-ə verildi və qeyd olunurdu ki, hətta DİN-nin strukturları da bu baxımdan həmin dönəm üçün MTN-nin tabeçiliyinə verilib.

MTN də yarışma dönəmində öz işini görürmüş kimi təəssürat bağışladı. Bir neçə təxribatçı qüvvənin Bakıda terror cəhdinin qarşısının alındığı söylənildi. Hətta MTN tərəfindən yayılan açıqlamalarda bildirilirdi ki, «Avroviziya» yarışması keçirilən ərazidə, yəni Bayıl qəsəbəsində yaşayış evlərinin birində içi trotil dolu bir maşın da partladılmalı imiş ki, bunun dat qarşısını MTN-çilərimiz alıb.

MTN-çilərin «Avroviziya» yarışması dövründəki fəaliyyətləri ilə bağlı həmin ərəfədə bir maraqlı məlumat da yayıldı. Bildirilənə görə, yarışmanın təşkilatçıları ilk əvvəl hərbi formada müsabiqənin mühafizəsini təşkil edən MTN-çilərdən xoflanıblar və hətta bu barədə olan iradlarını rəsmi Bakının diqqətinə də çatdırıblar. Bundan sonra MTN-çilərimiz ucdan-tutma kostyuma bürünüblər ki, sanki bununla onları kimsə təsbit edə bilməzmiş. Halbuki həmin ərəfədə Bayıl qəsəbəsindəki körpə uşağa da xüsusi kostyumları ilə fərqlənən və geyimləri ilə bir-birilərinin kserosurəti təəssüratını bağışlayan MTN əməkdaşlarının kimliyi tam olaraq məlum idi.

Bu cür naşılıqları da nəhayət MTN-ni bir struktur olaraq hədəfə gətirib. Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı dairələrdən ötürülən informasiyada bildirilir ki, «Avroviziya» sınağından heç də uğurla çıxmayan Azərbaycanın xüsusi xidmət orqanları birbaşa olaraq hakimiyyətin üst düzəyinin hədəfinə çevrilib.

Mənbənin bildirdikləri: «Məlumdur ki, MTN şefi Eldar Mahmudova qarşı çox ciddi bir qruplaşma fəaliyyət göstərir. Həmin qruplaşma da ələ düşən fürsətdən gen-bol yararlanaraq MTN-nin «Avroviziya» dövründəki yarıtmaz fəaliyyətini prezident qarşısında qabartmağa başlayıb. Və bu kimi çabalar artıq öz səmərəsini verib».

Mənbəmiz bildirir ki, buna görə də hakimiyyətin üst düzəyi tərəfindən MTN-də ciddi kadr islahatlarının həyata keçirilməsi barədə qərar verilib: «Doğrudur, MTN şefinin özü bu prosesdən kənarda qalacaq. Amma nazirliyə aid iki yüksəkçinli məmurun görəvdən alınması gözlənilir. Onların arasında hətta son olaraq general rütbəsi almış bir MTN məmuru da var».

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir…

Geri qayıt