Əsas Səhifə > Siyasət, Manşet > SABİQ MƏMURLAR YENİ PARTİYA YARADIR

SABİQ MƏMURLAR YENİ PARTİYA YARADIR


14-06-2012, 12:40
SABİQ MƏMURLAR YENİ PARTİYA YARADIR

HAKİM DÜŞƏRGƏDƏN QOVULANLARIN 2013-CÜ İLLƏ BAĞLI ŞOK PLANLARI

DİA.AZ: - Dünən ölkənin nüfuzlu ziyalıları adından hazırda həbsxanada saxlanılan keçmjiş səhiyyə naziri Əli İnasnovla bağlı müraciət Avropa İnsan Haqqları Məhkəməsi rəhbərliyinə ünvanlandı. Əslində bütün bunlar bəlli bir prosesin başlanğıcıdır. Redaksiyamızın Əldə etdiyi məlumatlardan aydın olur ki, sabiq məmurlarla bağlı bir hərəkətlənmə baş verməkdədir.

Ümumiyyətlə, son günlər sabiqlərin aktivləşməsi haqda məlumatlar artmaqdadır. Onlar özləri «siyasi fəaliyyətlə məşğul olmuram» desə də baş verənlər başqa mənzərəni ortaya qoyur. Bütün bunların 2013-cü il prezident seçkilərinə hesablanmış addım olduğunu deyən mənbənin sözlərinə görə, artıq sabiq məmurların bəziləri indidən seçkilərə hazırlıq üçün qollarını çırmalayıblar.

DİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, 1996-2006-cı illərdə ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Əli Nağıyev son zamanlar aktiv siyasi fəaliyyətə başlamaq istiqamətində sabiq nazirlərin bəzilərilə müəyyən danışıqlara başlayıb: «Əli Nağıyev vəzifəsindən kənarlaşdırıldıqdan sonra bir xeyli incimiş və sarsılmışdı. Çünki o, Yeni Azərbaycan Partiyasının qurucularından olub. Düzdür, bu günlərdə o, mətbuata verdiyi açıqlamasında ancaq elmi-pedoqoji fəaliyyətlə məşğul olduğunu bildirsə də, əslində heç də belə deyil. Əli Nağıyev evdə oturan, siyasətdən uzaq qala biləcək adam deyil. O, nəyin bahasına olursa-olsun, fəaliyyətə başlamağa çalışır. Artıq bunun ilkin işartıları da görünməkdədir. Belə ki, mətbuata «siyasi fəaliyyətlə məşğul olmuram» deməsinə baxmayaraq, Əli Nağıyev partiya yaratmağı düşünür və bununla bağlı sabiq nazirlərin bəzilərilə fikir mübadiləsi edib. Çünki o, vəzifəsiz yaşaya bilməz. İndi məqsədi necə olursa-olsun, vəzifəyə gəlməkdir».

Mənbənin bildirdiyinə görə, sabiq baş prokuror, hazırda ölkəmizin rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri olan Eldar Hümbət oğlu Həsənov da fəallaşmaq niyyətindədir. Əldə etdiyimiz məlumatlarda, sabiq baş prokurorun hətta özünə yaxın bildiyi bir sıra şəxslərlə Rumıniyada görüşdüyü də qeyd olunur: «Eldar Həsənov təcrübəli hüquqşünasdır, peşəkar kadrdır. O, uzun müddət daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini və baş prokuror vəzifələrini icra etmiş, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi olmuş adamdır. Odur ki, Eldar Həsənov daim irəli addımlamaq barədə düşünüb və bu gün də qabağa getməkdən ötrü ölkənin baş prokuroru olduğu dönəmlərdə kəskin münasibətdə olduğu insanlarla belə, işbirliyinə hazırdır. Görünür, ortaya çıxan ümumi maraqlar bütün umu-küsüləri aradan qaldırıb».

Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi və Azərbaycanın Tacikistandakı keçmiş səfiri, polis general-leytenantı Məhərrəm Əliyevin də adı aktiv siyasətə qoşulmaq niyyətində olanlar sırasında hallanır. Bildirilir ki, o, yuxarıda adıçəkilən şəxslərlə birlikdə ciddi müzakirələrə başlayıb və onlarla eyni komandada təmsil olunur: «Onun bu gün də yuxarı dairələrdə ciddi əlaqələri var. Odur ki, Məhərrəm Əliyev son illərin sükutu ilə barışmaq istəmədiyindən, əlinə düşən fürsətdən yararlanmağa, hərəkətlənmələrdə iştirak etməyə meylli görünür. Artıq hamıya bəllidir ki, Məhərrəm Əliyev heç bir zaman zəif və iradəsiz məmur ovqatı bağışlamayıb. Məhz bu səbəbdən də onun da hansısa formada nələrsə edə biləcəyini güman etmək olar».

Mənbə bildirir ki, yuxarıda adları qeyd olunan hər üç şəxs ayrı-ayrılıqda fəallaşmaqdan bir qədər ehtiyat etdikləri üçün sıralarında daha bir şəxsi də cəlb etmək fikrindədirlər. Həmin şəxsin sabiq maliyyə naziri Əvəz Ələkbərovun olduğunu deyən mənbənin sözlərinə görə, onun hələ də lazımi yerlərdə sözü keçən adamları var: «Bu gün Əvəz Ələkbərov bahalı avtomobillərin biznesilə məşğuldur. O, işini yaxın adamlarından birinin vasitəsilə idarə edir. Sabiq nazirin əlində kifayət qədər kapital toplanıb və o, müzakirələrin nəticəsindən aslı olaraq pullarının bir qismini siyasətə də yatıra bilər. Məhz buna görə onun da yaradılacaq olan komandada təmsil olunması istiqamətində müəyyən cəhdlər edilir». Mənbənin sözlərinə görə, Əvəz Ələkbərovun razılığı alındıqdan sonra siyasi arenaya yeni komanda və yeni partiya daxil ola bilər.


Geri qayıt