Əsas Səhifə > Cəmiyyət > AXIR Kİ, NN YUXUDAN AYILDI

AXIR Kİ, NN YUXUDAN AYILDI


20-10-2011, 13:35
AXIR Kİ, NN YUXUDAN AYILDI

BAKIDA AVTOBUSLARA QARŞI REYDLƏR KEÇİRİLƏCƏK

Nəqliyyat Nazirliyi avtobus sürücüləri tərəfindən yol-hərəkət qaydalarının pozulması hallarının qarşısını almaq üçün Bakıda reydlər keçirəcək.

Nəqliyyat Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, reydlər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə keçiriləcək.

Nazirlikdən bildirilib ki, belə tədbirlər mütəmadi keçirilir. Avtobus sürücüləri barədə nazirliyə vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və təsdiqini tapdığı halda həmin sürücülər cəzalandırılırlar.

Son günlər Bakıda avtobuslar tərəfindən törədilən yol qəzaları ilə bağlı nazirlikdən bildirilib ki, həmin qəzalar avtobus sürücüləri tərəfindən deyil, digər avtomobil sürücülərinin və piyadaların təqsiri səbəbindən baş verib.

Avtobus sürücülərinin seçimi ilə bağlı suala cavab olaraq nazirlikdən qeyd edilib ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs müvafiq icazə almaq üçün "Bakısərnişinnəqliyyat" MMC-yə müraciət edir və müvafiq şərtlər daxilində şəxsə bu fəaliyytlə məşğul olmaq üçün icazə verilir. Nazirlik həmin fiziki və hüquqi şəxslərin kadr seçiminə və təsərrüfat fəaliyyətinə müdaxilə edə bilməz.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, avtobus sürücüləri ilə bağlı problem hər zaman aktual olub və problemin qarşısını almaq üçün mütəmadi reydlər keçirilir.

Şöbə rəisinin sözlərinə görə, bir sıra hallarda avtobusların sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə olunması faktları aşkarlanır.

"Belə hallar aşkar edilərkən avtobusun müvəqqəti duracağa aparılması üçün tədbir görülməsi məqsədilə sərnişinlərin avtobusdan düşürülməsi tələb olunanda sərnişinlər polisi buna görə qınayır. Halbuki, polis vətəndaşın təhlükəsizliyinin təmin olunması üçün belə tədbirlər görür. Bu məsələdə vətəndaş nəzarəti olmalıdır. Vətəndaşlar avtobus sürücülərinə qayda pozuntularına yol verdikləri zaman etiraz bildirməlidirlər", - İslamov vurğulayıb.

O qeyd edib ki, sürücülük vəsiqəsi olmadan avtobusların idarə olunması hallarına daha çox sürücülərin nahar fasiləsi zamanı rast gəlinir.

"Sürücü fasiləyə çıxanda avtobusu ya konduktora, ya da kənar şəxsə idarəetməyə verir. Bu halda həm sürücü, həm də avtomobili idarə edən cəzalandırlır. Sürücü nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxsə idarə etməyə verdiyi üçün inzibati məsuliyyətə cəlb edilir. Sahibkar isə xəttə sürücülük hüququ olmayan şəxsi buraxdığı halda inzibati məsuliyyətə cəlb olunur", - İslamov deyib.

Şöbə müdiri bildirib ki, Nəqliyyat Nazirliyinin müfəttişləri avtobus sürücüləri tərəfindən belə hallara yol verilməsinə çox zaman göz yumurlar.

Bu ilin 9 ayında sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 1726 fakt aşkar edilib və qaydaları pozan şəxslər barəsində inzibati cəza tədbirləri görülüb. Bu müddət ərzində avtobus sürücüləri tərəfindən 86 yol qəzası törədilib və nəticədə 27 nəfər ölüb, 105 nəfər yaralanıb.

İdarə rəsmisi nəqliyyatın intellektual darəetmə sistemi fəaliyyət başlayandan sonra bu sahədə problemlərin həllini tapacağına ümidvar olduğunu deyib.


Geri qayıt