Əsas Səhifə > Siyasət, Manşet > KƏMALƏDDİN HEYDƏROV DAHA BİR RAYONU ƏLƏ KEÇİRİR

KƏMALƏDDİN HEYDƏROV DAHA BİR RAYONU ƏLƏ KEÇİRİR


13-06-2012, 13:49
KƏMALƏDDİN HEYDƏROV DAHA BİR RAYONU ƏLƏ KEÇİRİR

FHN ŞEFİNİN İCRA BAŞÇISI İLƏ MÜNAQİŞƏSİ PİK HƏDDƏ ÇATIB

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Lənkəran icra hakimiyyəti başçısı postunda təzə olan Taleh Qaraşov postundan alına bilər. İndi isə DİA.AZ-a icra başçısı ilə bağlı yeni məlumatlar daxil olub. Hələlik isə bəzi xatırlatmalar edək.

Verilən məlumatlarda bildirilirdi ki, bir neçə gün əvvəl hakimiyyətin aparıcı fiqurlarından biri olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovu qəzəbləndirməyə «müvəffəq olmuş» Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov vəzifəsindən azad oluna bilər.

Mənbəmiz bildirir ki, Taleh Qaraşovu nazirin hədəfinə çevirən olay may ayının sonlarına yaxın baş verib: «Həmin ərəfədə Azərbaycan paytaxtında «Avroviziya-2012» yarışması keçirilirdi. Lənkəranın icra başçısı Taleh Qaraşov da Bakıda olub. Və paytaxtda təşkil olunan məclislərin birində Taleh Qaraşovdan xırda məmurlardan biri Kəmaləddin Heydərovun adından xahiş edib. Amma icra başçısı Xəzər dənizinin Lənkəran sahillərində 2 hektarlıq ərazinin istənilməsinin yer aldığı həmin xahişi qulaqardına vurub».

Mənbə idda edir ki, əslində Taleh Qaraşov inanmayıb ki, Kəmaləddin Heydərov öz sözünü məhz xırda bir şəxsin araçılığı ilə desin: «Amma sonradan aydın olub ki, əslində FHN şefi Lənkəranda yeni bir istirahət güşəsinin yaradılması ideyasına malikdir və onun üçün Xəzər sahili ən uğurlu yerdir. Və bu işi həmin xahişi başçının qulağına pıçıldayan xırda adamının adı altında və əli ilə həyata keçirməyi planlaşdırıbmış».

Məlumatlara görə məsələ nazirin qulağına çatıb və Kəmaləddin Heydərov icra başçısına heç nə deməyib: «Amma hamı bilir ki, FHN şefi sakit oturmayacaq. Elə Taleh Qaraşovun təlaşından da bunu sezmək olar və o da nazirin tədbir görəcəyindən duyuq düşüb».

Bir başqa mənbələr isə bildirir ki, artıq Kəmaləddin Heydərov Taleh Qaraşovun yerinə kadr hazırlayır və bu da o deməkdir ki, Neftçala rayonundan Astaraya, oradan isə Lənkərana transfer olunan Taleh Qaraşov ən qısaömürlü karyeraya malik icra başçılarından biri kimi tarixə düşəcək.

Redaksiyamıza daxil olan son məlumatlarda bildirilir ki, bir müddət əvvəl Qəbələ rayonunun kuratorluğunu əldən verən FHN şefi bunun əvəzində Lənkəranı ələ keçirmək niyyətindədir: «Elə Taleh Qaraşovla bağlı yaranmış konflikt də nazir üçün bir fürsət rolunu oynayıb. Və artıq Kəmaləddin Heydərov nəinki Lənkəranda rəhbər dəyişikliyində, hətta rayonun əl dəyişdirməsində maraqlıdır».

Bu arada məlumatlı mənbələr onu da bildiriblər ki, Taleh Qaraşov bağışlanması üçün Kəmaləddin Heydərova yollar axtarsa da, hələlik buna nail ola bilməyib. Əslində nail olması da qeyri-mümkündür. Çünki Kəmaləddin Heydərov öz qərarını verib.

Hadisələrin inkişafını bizdə izləyin…


Geri qayıt