Əsas Səhifə > Cəmiyyət > ƏFV FƏRMANI OLACAQMI?
ƏFV FƏRMANI OLACAQMI?13-06-2012, 13:11 |
“YALNIZ PREZİDENT ƏFVİN NƏ VAXT OLACAĞINI DEYƏ BİLƏR” Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Çingiz Qənizadə qurumun siyasi məhbus hesab etdiyi şəxslərin tezliklə əfv olunacağı xəbərlərinə münasibət bildirib. O, belə xəbərin yayılmasının çaşqınlıq yaratdığını deyib: “Hüquq müdafiəçilərinin konkret vaxt göstərməklə hansısa məsələnin həll olunacağını deməsi düzgün deyil. Əfv etmək prezidentin konstitusion hüququdur. Yalnız prezident əfvin nə vaxt olacağını deyə bilər. Mətbuata bu cür informasiyaların sızması cəmiyyətdə çaşqınlıq yaradır. Belə halların əleyhinəyəm. Hazırda nə əfvdən, nə də amnistiya aktından söhbət gedir. Amnistiya aktı Milli Məclisə gəlməli, müzakirə edilməlidir. Milli Məclisdə də belə bir layihə yoxdur. Amma hüquq müdafiəçilərinin siyahılarında olan məhbusların taleyini rəsmi qurumlarla müzakirə edir. Monitorinq qrupunun üzvləri kimi görüşün, müraciətlərin hazırlanmasının iştirakçısıyıq. Əfv, amnistiya aktı olmadan da məhkəmə qaydasında bu şəxslərin azadlığa çıxmasına imkan var. Məsələnin müsbət həllinə çalışırıq. Nə vaxt olacaq, bunu deyə bilmərəm”. Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Çingiz Qənizadə və Arzu Abdullayevanın təmsil olunduğu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyasi məhbus saydığı şəxslərdən 20 nəfər həbsdə qalır. Bunların 10-u 2 aprel mitinqinə görə həbs olunan şəxslərdir: Müsavat Partiyasının üzvləri Arif Hacılı, Tural Abbaslı, Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, AXCP üzvləri Məhəmməd Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov. Qurum 2011-ci ildə məhkum olunmuş daha 2 nəfəri siyasi məhbus sayır: AXCP üzvü Şahin Həsənli, hüquq müdafiəçisi Vidadi İsgəndərli. “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı bu 2 şəxsi və 2 aprel məhbuslarını vicdan məhbusu sayır, dərhal azadlığa buraxılmasını istəyir. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu xalq hərəkatının liderlərindən olan Nemət Pənahlını da siyasi məhbus sayır. Qrupun siyahısında daha 7 nəfərin adı var: sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, iş adamı Rafiq Əliyev, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandirlərindən olmuş Dəyanət Kərimov, sabiq XTPD-çi Şəmsi Abdullayev, iş adamı Şəmsi Səmədzadə, İranla əlaqəyə görə tutulmuş Telman İsmayılov. Geri qayıt |