Əsas Səhifə > Hadisə > “BİZ MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏYİK”

“BİZ MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏYİK”


20-10-2011, 12:36
“BİZ MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏYİK”

“BUNDAN SONRA DA “XURAL” QƏZETİ GÜNDƏLİK ÇAPINI DAVAM ETDİRƏCƏK”

Dünən Nərimanov rayon məhkəməsinin məhkəmə icraçıları “Xural” qəzetinin əmlakını siyahıya alıb və iş günü başa çatdıqdan sonra saat 19-da qəzetin əmlakını müsadirə edərək aparıblar.

Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı “Turan”a bildirib ki, məhkəmə icraçıları redaksiyada olan 9 dəst kompüteri, skanerləri, printerləri, telefon aparatlarını, diktofonları, hətta flaş kartları belə müsadirə ediblər. “Məhkəmə icraçılarının hərəkətləri qanunsuzdur. Biz məhkəməyə müraciət edəcəyik. Çünki apardıqları avadanlıqların heç biri redaksiyanın mülkiyyəti deyil”, - deyə o qeyd edib.

Baş redaktor təzyiqlərə baxmayaraq, qəzetin çapının dayandırılmayacağını bildirib. “Biz müsadirədən sonra oxucuların, dostlarımızın notbuklarının köməyi ilə qəzetin çapını həyata keçirdik. Bundan sonra da “Xural” qəzeti gündəlik çapını davam etdirəcək”, - deyə Əvəz Zeynallı vurğulayıb.

Xatırladaq ki, son illər məhkəmələr “Xural” qəzetinə qarşı 30-dək iddiaya baxıb. Qəzetə qarşı 19 min manat cərimə icraya yönəlib. Son olaraq qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məhkəməyə verib. Bu ilin sentyabrında Nərimanov məhkəməsi qəzeti Ramiz Mehdiyevin iddiası ilə 10 min manat, Prezident yanında Mətbuata Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərlinin iddiası üzrə isə 5 min manat cərimə edib.


Geri qayıt