Əsas Səhifə > Gündəm, Manşet > SEYİD ÖVLADINI NARKOMAN KİMİ İŞDƏN QOVUBLAR

SEYİD ÖVLADINI NARKOMAN KİMİ İŞDƏN QOVUBLAR


11-06-2012, 11:22
SEYİD ÖVLADINI NARKOMAN KİMİ İŞDƏN QOVUBLAR

KEÇMIŞ MÜHARİBƏ İŞTİRAKÇISI RAMİL USUBOVDAN KÖMƏK ETMƏSİNİ İSTƏYİR

DİA.AZ: - Qubadlı rayon Polis şöbəsinin sabiq əməkdaşı Ağəli Zeynalov redaksiyamıza şikayət məktubu ilə müraciət ünvanlayıb. Şikayətçi özünün ağır seyid ocaqlarından birinin nümayəndəsi olduğunu və həyatı boyunca nə spritli içki, nə də hansısa uyuşdurucu maddə qəbul etmədiyini bildirməsinə rəğmən Qubadlı rayon polis şöbəsindən «narkoman» kimi işdən qovulduğunu və bu zaman ədalətsizliyə yol verildiyini bildirir. DİA.AZ redaksiyası ilə yanaşı, Daxili İşlər Naziri Ramil Usubova da ünvanlanan həmin müraciətin mətnini olduğu kimi diqqətinizə çatdırırıq:

“1992-ci ildən 2009-cu ilədək Qubadlı rayon polis şöbəsində çalışmışam. Nümunəvi polis nəfəri olduğundan rəhbərliyin məsləhəti ilə Polis Akademiyasında təhsil almaq üçün DİN tibb idarəsinə müayinə üçün göndərilmişəm. DİN tibb İdarəsinin həkim kommissiyasına getməzdən bir gün əvvəl özümdə soyuqdəymə hiss edərək həkimə müraciət etmişdim. Həkimin yazmış olduğu reseptə əsasən dərmanlar alıb qəbul etmişdim. Dərmanların sırasında “Alqorex Forte” adlı dərman da olmuşdur. Hansı ki, həmin dərman apteklərdə reseptsiz də satılır.

Adı çəkilən dərmanın tərkibində “Kodein Fosfat” olduğundan mənim müayinə zamanı analizlərimdə özünü göstərdi. Həkimlərin dediyinə əsasən bütün ağrı kəsicilərdə bu kompanent mövcuddur və apteklərdə sərbəst şəkildə satılır. Göstərilən analizlərin cavabına əsasən, DİN tibb İdarəsinin raportu əsasında 2009-cu ildə Qubadlı rayon Polis şöbəsindən polis nəfəri kimi işdən azad olundum. Mən 3 tibbi müəssisədə, Tibbi Ekspertiza və Pataloji Anotomiya birliklərində müayinədən keçdim. Bu halı Qubadlı rayon polis şöbəsinin keçmiş rəisi Faiq Kərimovun iştrakı ilə etdim. Analizlərimdə heç nə aşkarlanmadı.

Həmin ekspert rəylərini hələ də saxlayıram. Xahiş edirəm ki, məni qəbul edib həmin sənədlərlə tanış olasınız. Onu da xatırladım ki, Qubadlı rayon məşhur Mirlər kəndi Mir Sədi baba ocağının nümayəndələrindənəm. Nəslimizdə və kəndimizdə spirtli içki, sigaret çəkən və digər neqativ vasitələrdən uzaq insanlarıq.

Hörmətli cənab nazir!

Mən DİN tibb İdarəsinin haqqımda çıxardığı ədalətsiz qərarın qurbanı olmuşam. Mən hər il DİN tibb İdarəsinin Həkim Komissiyasından keçmişəm. Həmişə də DİN Tibb İdarəsi tərəfindən sağlam rəy almışam. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştrak etmişəm. Üç qardaşım müharibə əlilləridir. Qardaşım İmdad isə qarın nahiyəsində qəlpə gəzdirir. Vətənimizi və dövlətimizi canımızdan və qanımızdan çox sevirik. Yenə də hər zaman Ali Baş Komandanımız İlham Əliyev cənablarının əmrini gözləyirik və Sizin Komandanlığınız altında torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırıq.

İllərdir ki, Sizin qəbulunuza düşə bilmirəm. Son ümidim Sizsiniz. Xahiş edirəm ki, yenidən məni tibbi ekspertizadan keçirdərək haqqımda ədalətli qərar çıxararaq işimə bərpa edəsiniz.

Bir daha xahiş edirəm. Şəxsən məni qəbul edəsiniz”.

Onu da bildirək ki, bu məsələ ilə əlaqədar redaksiyamız tərəfindən araşdırmalara başlamışıq və araşdırmaların nəticəsini yaxın günlərdə diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt