Əsas Səhifə > Cəmiyyət > “BU NECƏ MÜXALİF BİRLİKDİR Kİ?”...

“BU NECƏ MÜXALİF BİRLİKDİR Kİ?”...


18-10-2011, 13:40
“BU NECƏ MÜXALİF BİRLİKDİR Kİ?”...

SƏRDAR CƏLALOĞLU YENƏ DƏ İP-DƏN DANIŞDI

“Müxalifətin birliyinin formalaşması istiqamətində ciddi nailiyyət yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib.

S. Cəlaloğlu deyib ki, Müsavat və AXCP-nin mövqeyində dəyişiklik olmadığından müxalifətin ümumi birliyinin yaradılmasında problemlər qalmaqdadır: “Söhbət müxalifətin birliyindən gedirsə, ölkə və beynəlxalq ictimaiyyətin Azərbaycanda müxalifət kimi tanıdığı qüvvələrin birliyi yaradılmalıdır. Yoxsa, müxalifətin daxilində qrup maraqlarının olması təbiidir. Müxalifətçilik prizmasından yanaşsaq, istənilən partiya müxalifət adından danışa bilər. Amma burada bütünlükdə ölkə ictimaiyyətinin tanıdığı qüvvələrdən söhbət gedir. Bu da ən azı 6-7 partiyanın birliyi deməkdir. Bunu mütləq yaratmaq lazımdır. Bu birlikdən kənarda hansısa qüvvələr varsa, müxalifətin tam güc mərkəzi kimi təqdim oluna bilməz”.

S. Cəlaloğlu qeyd edib ki, oktyabrın 19-da Vətəndaş və İnkişaf, Liberal, Klassik Xalq Cəbhəsi, Demokrat və Ümid partiyalarının liderləri arasında növbəti görüş keçiriləcək: “Hələlik müzakirələr ümumi tezislər üzrədir. Çalışırıq ki, müxalifətin ümumi mərkəzi ideyası reallaşsın. Müsavat və Xalq Cəbhəsi partiyaları hesab edir ki, İctimai Palata bunun üçün yetərlidir. Lakin biz hesab edirik ki, İctimai Palatada ictimai təşkilatların, hətta YAP-ın üzvləri olduğuna görə, bu qurumu müxalifətin güc mərkəzi kimi təqdim etmək olmaz”. ADP sədri bildirib ki, Müsavat Partiyası və AXCP birgə müzakirələrdən bəhanələrlə yayınırlar: “Bizim təşkil etdiyimiz formata da müxtəlif bəhanələrlə hələlik qoşulmurlar. Görünür, bu birliyin reallaşması üçün ciddi sosial sifariş yoxdur. Yoxsa, kimsə cəmiyyətin tələbinə qarşı gedə bilməz”.

O, seçkidən qabaq bu məsələlərin həllinin vacibliyini də vurğulayıb: “Hazırda Vətəndaş Hərəkatı Forumu çərçivəsində 5 partiya liderinin danışıqları gedir. Lakin AXCP və Müsavat Partiyası kənarda qaldığına görə, bu partiyaların yarada biləcəyi birliyi də müxalifətin güc mərkəzi kimi təqdim etmək olmaz. Sadaladığım bütün partiyaların prezident seçkiləri ilə bağlı problemi var. Seçkidə vahid namizəd məsələsi həll olunmasa, yarana biləcək həmin birliyin də əhəmiyyəti olmayacaq”.

Qeyd edək ki, Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə hazırda Vətəndaş və İnkişaf, Liberal, Klassik Xalq Cəbhəsi, Demokrat və Ümid partiyalarının liderləri arasında müzakirələr aparılır.


Geri qayıt