Əsas Səhifə > Gündəm, Manşet > «AVROVİZİYA» SARAYININ YANINDA QUDUZ İTLƏR

«AVROVİZİYA» SARAYININ YANINDA QUDUZ İTLƏR


5-06-2012, 12:59
«AVROVİZİYA» SARAYININ YANINDA QUDUZ İTLƏR

YENİ BULVARA GETMƏK İSTƏYƏN SAKİNLƏRİN HƏYATI TƏHLÜKƏDƏDİR

DİA.AZ: - Artıq «Avroviziya-2012» mahnı yarışması geridə qaldı. Hər halda, Azərbaycanın bu sınaqdan necə çıxıb-çıxmadığınının gözlərimizlə şahidi olduq. İndi isə əsas məsələ, yarışmadan sonrakı Azərbaycanın halıdır.

Keçən günlərdə diqqətinizə çatdırdığımız materialların birində vurğulamışdıq ki, turistlərin Bakıdan çəkilməsini belə gözləməyən kommunal xidmət işçiləri bəlkə də yarışma ərəfəsindəki gərgin iş rejimindən yorularaq dincə çəkiliblər. Əgər belə olmasaydı, bu gün «Avroviziya» yarışmasına ev sahibliyi edən Bayıl qəsəbəsinin küçələri zibilxananı xatırlatmazdı. Havada uçuşan boş paketlər isə sözügedən mənzərəni daha da rövəqləndirməkdədir.

İndi isə Bayılda yeni bir təhlükə peyda olub. Bu barədə DİA.AZ-a məlumat verən qəsəbə sakinlərinin sözlərinə görə, axşam saatlarında Bayılın küçələrində qorxunc sahibsiz itlər sürü şəkildə peyda olur: «Onlara qarşı isə heç bir tədbir görülmür. Dəfələrlə MİS işçilərinə etdiyimiz şikayətlər də qulaqardına vurulur».

Sakinlər bildirir ki, əsasən yeni bulvar ərazisinə gedən yeraltı keçidlərdə qərarlaşan quduz itlər bir neçə dəfə insanların üzərinə hücuma da keçiblər: «Əgər kimsə həmin keçiddən tək keçərsə, yəqin ki, vəhşi itlər onu anındaca parçalayacaq. İki gün əvvəl isə bir qadın onların yemi olmaqdan canını zorla qurtardı».

Narazı sakinlər redaksiyamız vasitəsilə aidiyyatı qurumlara müraciət də ediblər: «Bizim bu gün həyatımız təhlükə altındadır. Hərəkət etdiyimiz yollar nəzarətsiz qalıb. Hər halda, bu quduz itlər də terrorçular kimi insanların həyatına təhlükə törədir. Bir tədbir görün».

Geri qayıt