Əsas Səhifə > Cəmiyyət > NƏŞRİYYAT İŞÇİLƏRİ “BANDOTDEL”DƏ SAXLANILIR

NƏŞRİYYAT İŞÇİLƏRİ “BANDOTDEL”DƏ SAXLANILIR


5-06-2012, 12:21
NƏŞRİYYAT İŞÇİLƏRİ “BANDOTDEL”DƏ SAXLANILIR

DİN-DƏN İSƏ “XƏBƏRİMİZ YOXDUR” DEYİLİR

Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin “Parlayan Günəş” nəşriyyatında keçirdiyi əməliyyat zamanı həbs olunanlar polisə müqavimət ittihamı ilə 5 sutka həbs cəzası alıblar. Məlumatı “Media forum” saytına nəşriyyatın icraçı direktoru Nurman Şahmərdanlının atası Elman Şahmərdanov verib.

Elman Şahmərdanov iyunun 4-də oğlunun, yaxın qohumu Qabil Şahmərdanovun, nəşriyyatın işçisi İsmayıl Süleymanovun, həmçinin Rizvan İsmayılovun saxlandığı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu deyib: “Bizə onlarla bağlı heç bir məlumat vermirlər. Yalnız saxlanılan zaman polisə müqavimət göstərdiklərini bildirirlər. Yemək apardıq, amma bilmirəm özlərinə çatdırdılar, ya yox”.

Elman Şahmərdanov oğlunun və digər həbs olunanların hər hansı cinayət törətmədiyini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə dini kitablar çap etdiklərini vurğulayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinin əməkdaşları iyunun 1-də nəşriyyatın ofisinə gəlib işçiləri bölməyə aparıb, sonra isə ofisdə olan kitabları və kompüterləri götürüblər. Həmin gün Nizami Rayon Məhkəməsi saxlanılanların hər birinə 5 sutka həbs cəzası verib.

“Media forum” saytının əldə etdiyi xəbərə görə, Nizami Rayon Məhkəməsi saxlanılanlardan Rizvan İsmayılovu (o, “Parlayan Günəş”in əməkdaşı deyil) 25 manat cərimələyib. Məhkəmə binasından çıxanda isə onu Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsinə, daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Media forum” saytına bildirilib ki, “Parlayan Günəş” nəşriyyatında aparılan əməliyyatla bağlı onlarda hər hansı məlumat yoxdur.


Geri qayıt