Əsas Səhifə > Dünya > DUSTAQLAR DƏYİŞDİRİLİR

DUSTAQLAR DƏYİŞDİRİLİR


18-10-2011, 12:08
DUSTAQLAR DƏYİŞDİRİLİR

450 FƏLƏSTİNLİ EVİNƏ DÖNƏCƏK

450 fələstinli məhbusdan ibarət qrup Misirlə sərhəd məntəqəsinə gətiriliblər. Onlar burada israilli kapral Gilad Şalitlə dəyişdiriləcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Əl-Ərəbiyyə" telekanalı xəbər verib.

Beş ildən artıq Fələstinin islamçı "Həmas" hərəkatının əsirliyində olan və bu gün səhər Misir tərəfinə verilən israilli kapral Gilad Şaliti İsrail hərbiçilərinə və tibb işçilərinə təhvil verilmək üçün İsrail-Misir sərhədindəki "Kerem-Şalom" nəzarət buraxılış məntəqəsinə aparılır.

Bundan əvvəl KİV xəbər vermişdi ki, "Həmas" əldə olunmuş razılaşmaya uyğun olaraq, Şaliti İsrail həbsxanalarında olan minlərlə fələstinli dustaqla dəyişdirmək üçün Misir tərəfinə təhvil verib.

İsrail ordusunun kapralı Gilad Şalit 2006-cı il iyunun 25-də "Həmas" hərəkatına əsir düşüb. Onun azad edilməsi üçün hərəkatın üzvləri mindən artıq fələstinli məhbusun, eləcə də uzun müddətə həbsə məhkum edilmiş liderlərinin İsrail həbsxanalarından buraxılmasını tələb ediblər. "Həmas", habelə İsrail həbsxanalarından bütün fələstinli qadın və uşaqların buraxılmasını da tələb edib.

Oktyabrın 11-də "Həmas"la İsrail arasında əsirlərin dəyişdirilməsi barədə əldə olunan sazişə görəŞalitin müqabilində 1027 fələstinli azad olunacaq. Onların arasında 27 qadın var. Dustaqlar iki mərhələdə azadlığa buraxılacaqlar. Tərkibində 450 məhbuusn olduğu (onlardan 315 nəfəri ömürlük cəzaya məhkum olunub) birinci qrup Şalitin israillilərə təhvil verilməsindən sonra, digərləri isə iki aydan sonra azad olunacaqlar. Bununla yanaşı İsrail azad edilmiş 40 fələstinlini İordan çayının Qərb sahilinin və Qəzza sektorunun hüdudlarından kənara, Qərb sahilindən olan 163 nəfəri isə Qəzzaya deportasiya edir.


Geri qayıt