Əsas Səhifə > Ölkə > ORDUMUZA 20 MİLYON YARDIM EDİLİB

ORDUMUZA 20 MİLYON YARDIM EDİLİB


18-10-2011, 12:04
ORDUMUZA 20 MİLYON YARDIM EDİLİB

SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA YIĞILAN PULLARIN MİQDARI AÇIQLANDI

“Silahlı Qüvvələrə Yardım Fondu ilə bağlı bəzi mətbuat orqanlarında verilən məlumatlar həqiqəti əks etdirmir. Gah fonda nə qədər vəsait yığıldığının gizlədildiyini, gah müəssisə və təşkilatlardan fonda məcburi əsasda pul yığıldığını, gah da yığılan vəsaitin mənimsənildiyini yazırlar. Bütün bunlar savadsızlıqdan ortaya çıxan məlumatlardır”.

Bunu APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib.

T. Abdullayev bildirib ki, Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitlərlə bağlı son məlumat belədir: 17 661 446 manat, 140 791 dollar, 593 avro.

Onun sözlərinə görə, müəssisə və təşkilatlardan fonda məcburi qaydada pul yığılması ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir. Fonda pul köçürməsi könüllüdür və kim istəyirsə, Beynəlxalq Bankın Binəqədi filialındakı hesaba vəsait köçürə bilər: “Köçürülən vəsait yalnız və yalnız mədaxildir. Yəni hesaba vəsait daxil olsa da, məxaric yoxdur. Bu isə o deməkdir ki, fond yaradılandan bu günə kimi bir manat da olsun hesabdan pul çıxarılmayıb və ya xərclənməyib. Ona görə fonda yığılan vəsaitin mənimsənilməsi barədə deyilənlər də tamamilə absurd fikirlərdir. Silahlı Qüvvələrə Yardım Fondunun Əsasnaməsi var, həmin Əsasnaməyə görə vəsait ancaq Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə çıxarıla və ordu ilə bağlı müxtəlif xərclərə sərf edilə bilər. O cümlədən Əsasnaməyə görə fonda rəhbər təyin etmək də cənab prezidentin səlahiyyətindədir”.

Geri qayıt