Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN “JİQULİ” ANTİPATİYASI

ZİYA MƏMMƏDOVUN “JİQULİ” ANTİPATİYASI


18-10-2011, 11:36
ZİYA MƏMMƏDOVUN “JİQULİ” ANTİPATİYASI

NAZİR NİYƏ TAKSİ SÜRÜCÜSÜNƏ BU QƏDƏR QƏZƏBLİDİR?

DİA.AZ: - Bir neçə gün əvvəl telekanallara verdiyi müsahibəsində bir taksi sürücüsünün davranışlarından şikayətlənən nəqliyyat naziri Ziya Məmmədovun həmin sözlərini eşitdikdə, əgər Azərbaycanda yox, bir başqa, normal ölkədə yaşasaydıq, nazirimizin bu məsum söhbətindən əməlli-başlı kövrələ bilərdik. Amma nə yazıq ki, bizlər Azərbaycanda yaşayırıq və Ziya Məmmədovun danışdıqları bizdə heç də nazirin ürəyincə olmayan bir təəssüratı yaratmış oldu.

Qaçıranlar üçün xatırladaq ki, nazir həmin söhbətində bir neçə gün əvvəl başına gələn bir hadisəni danışır. NN şefinin bildirdiyinə görə, bu günlərdə Bakının mərkəzi küçələrinin birində maşını qırmızı işıqda dayanıbmış. Bu zaman onların yaxınlığında köhnə sovet «jiquli»si dayanır (ilanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər). Nazir diqqət edir ki, həmin «jiquli»nin sürücüsü yanındakı «bardaçok»dan bir taksi nişanı çıxarıb maşınının üstünə yapışdırır. Bunu seyr edən nazir sürücüsünə «ondan soruş ki, nə edir» deyir. Nazirin sürücüsü soruşduqda taksi sürücüsü qayıdıb deyir ki, «sənə nə». Hər halda, olayı nazir belə təsvir edib. Daha sonra nazir qayıdıb deyir ki, bu adam hələ dövlət məmuruna belə bir cavab qaytarır, gör başqası olsa nə edər…

Hər halda, bu «olayı» danışmasıyla Ziya Məmmədovun nəyə işarə etdiyini təxmin etmək o qədər də çətin deyil. Cənab nazir, «mus-mus» deyincə birdəfəlik «Mustafa» deyin, bitsin. Biz yaxşı bilirik ki, siz köhnə sovet maşınlarının taksi kimi xidmət göstərdiyini görəndə utanırsınız. Biz onu da yaxşı bilirik ki, siz Azərbaycan xalqını «London» taksisi kimi sırıdığınız «kitayski» maşınların hər birindən 20 min dollara yaxın xeyir götürübsünüz. Biz həm də yaxşı bilirik ki, necə ki, ayrı-ayrı istiqamətlər digər oliqarx-məmurlar arasında bölüşdürülüb, eləcə də taksi biznesidir və ümumiyyətlə, nəqliyyata aid nə varsa, bunların hamısı sizin ixtiyarınızdadır və kimsə sizə «sənə nə var» deyə bilməz. Biz bunları yaxşı bilirik.

Amma bizim bilmədiyimiz odur ki, görəsən, ölkə rəhbərliyi də bunları bilirmi?


Geri qayıt