Əsas Səhifə > Cəmiyyət, Manşet > SABİRABADDA OQTAY GÜLALIYEVƏ AZADLIQ TƏLƏBİ
SABİRABADDA OQTAY GÜLALIYEVƏ AZADLIQ TƏLƏBİ30-05-2012, 13:55 |
4 KƏNDİN NARAZI SAKİNLƏRİ İCRA HAKİMİYYƏTİNDƏ OLDULAR DİA.AZ: - Sabirabadda vəziyyət yenidən gərginləşib. Bu barədə DİA.AZ-a məlumatı rayondakı qaynaqlar ötürüb. Bildirək ki, Kür çayının daşması nəticəsində Sabirabad rayonuna külli miqdarda ziyan dəymiş və bu məqsədlə dövlət büdcəsindən vəsaitin ayrılmasına baxmayaraq, hələ də Kürqırağı rayonların sakinləri, eləcə də Sabirabad camaatı görülən işlərin yarımçıqlığından və həmçinin həyata keçirilən xərclənmələrin qeyri-şəffaflığından şikayətçidirlər. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, hazırda Sabirabad rayonunun 4 kəndinin - Muradbəyli, Axtaçı, Qaçımbəyli və Əsgərbəyli kəndlərinin sakinləri etiraz əhval-ruhiyyəsindədirlər: «Bu gün həmin kəndlərdən olan 4 ağsaqqal 60 nəfər kənd sakinindən ibarət heyətlə icra hakimiyyətinin başçısı Nazim İsmayılovla görüşməyə cəhd ediblər. Lakin onları icra başçısı qəbul etməyib və narazı sakinlər başçının müavini Həsən Həsənovun qəbulunda olublar». Maraqlıdır ki, Nazim İsmayılovun narazı sakinlərin qabaından qaçması fərqli bir bəhanə ilə əsaslandırılıb: «Həsən Həsənov ağsaqqallara bildirib ki, Mirzə Ələkbər Sabirin yubileyi ilə əlaqədar Nazim İsmayılov onlarla görüşə bilməyəcək. Hər halda, bunun bəhanə olduğu faktdır. Amma başçının müavini bildirdi ki, Nazim İsmayılov narazı sakinləri gələn həftənin birinci günü qəbul edə bilər». Onu da xatırladaq ki, keçən il 5 may tarixində prezident İlham Əliyev Sabirabadda olarkən yerli sakinlərlə görüşündə seldən zərər görmüş yaşayış evlərinin bərpası, yenilərinin tikilməsi ilə bağlı göstəriş də vermişdi. Amma aradan bir ildən artıq müddətin keçməsinə baxmayaraq, hələ də sakinlərin problemləri həll olunmayıb. Bu tələbi icra başçısının müavini qarşısında səsləndirən kənd ağsaqqalları eyni zamanda hazırda saxta ittihamlarla həbsdə saxlanılan «Kür» Vətəndaş Qərərgahı Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevə də azadlıq tələb ediblər. Sakinlərdən birinin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, onlar bu günlərdə Milli Məclisin iclasında etdiyi çıxışına görə, tanınmış müğənnimiz, dünya şöhrətli Zeynəb Xanlarovaya da təşəkkür edirlər. Rayondan verilən məlumatda o da bildirilir ki, əgər tələbləri yerinə yetirilməzsə, 4 kəndin sakinləri Sabirabad rayonunun mərkəzində yerləşən Mədəniyyət Sarayının qarşısında 1000 nəfərlik etiraz aksiyası keçirəcəklər. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |