Əsas Səhifə > Dünya > İNQİLAB HƏM DƏ ZİYAN VURUR

İNQİLAB HƏM DƏ ZİYAN VURUR


17-10-2011, 15:59
İNQİLAB HƏM DƏ ZİYAN VURUR

“ƏRƏB BAHARI” 55 MİLYARDA “BAŞA GƏLİB”

«Ərəb baharı» Yaxın Şərq və Şimali Afrika ölkələrinə 55 mlrd. dollar zərər vurub.

Bu barədə «Geopolicity» beynəlxalq konsaltinq şirkəti məlumat yayıb.

Ən çox itkiyə məruz qalan ölkələr Suriya və Liviyadır. Hesablamada insan itkiləri, infrastrukturun dağılması, investorların itkiləri və əldə edə bilmədikləri gəlirlər nəzərə alınmayıb. «Geopolicity»nin ekspertləri qeyd edir ki, Suriya, Misir, Liviya, Tunis, Bəhreyn və Yəməndə əməyin məhsuldarlığının azalması nəticəsində ÜDM ümumilikdə 20 mlrd. dollar azalıb. Bu ölkələrdə büdcə itkiləri isə 35 mlrd. dollar təşkil edir. Səbəb dövlət gəlirlərinin azalmasıdır. «Məsələn, Liviyada gəlirlər 84%, Yəməndə 77% aşağı düşüb» - deyə araşdırmada bildirilir.

Ən böyük itkilər Suriyada baş verib. Burda təqribən 3 min nəfərin həlak olduğu kütləvi iğtişaşlar hələ də davam edir. Liviya uzunmüddətli hərbi əməliyyatlar nəticəsində 14 mlrd. dollar itirib, Misirin itkiləri isə 10 mlrd. dollar təşkil edib. Bundan sonra Tunis (2,52 mlrd. dollar) və Bəhreyn (1,09 mlrd. dollar) gəlir. Hələlik ən az itki Yəməndədir - 1 mlrd. dollar. Qeyd edək ki, Yəmən adı çəkilən ölkələrdən ən kasıbıdır.

Suriyadakı qarşıdurmalar zamanı Bəşər Əsəd rejiminin əleyhdarları dəfələrlə neft və qaz kəmərlərinə hücumlar ediblər, bəzi hallarda bu baş tutub. Münaqişə başlayandan bəri bu ölkəyə turist səfərləri dayanıb. Misirdə də turizm sektoru zərərə düşüb. Fevral-may aylarında bu ölkəyə turist axını 60% azalıb. Liviyada isə münaqişə infrastruktura ziyan vurub, avqust ayında ölkədəki bütün 5 neftayırma zavodları xammal qıtlığı və texniki vəziyyətə görə, fəaliyyətini dayandırmalı olub, neft terminalları isə bombardman zamanı ciddi zərər çəkib.

Qonşu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu iğtişaşlardan kənarda qalsalar da , büdcə xərclərini artırmalı olublar - Səudiyyə Ərəbistanında büdcə xərcləri 25%, BƏƏ-də isə 31,8% artıb. “Bu, ona görə baş verdi ki, adı çəkilən ölkələrin hökumətləri neftin satışından gələn gəlirlərin böyük hissəsini sosial proqramlara və bəzi siyasi dəyişikliklərə yönəltdilər» - deyə konsaltinq şirkətinin hesabatında bildirilir.


Geri qayıt