Əsas Səhifə > Cəmiyyət > İLHAM ƏLİYEVDƏN ÖNƏMLİ QARABAĞ AÇIQLAMASI
İLHAM ƏLİYEVDƏN ÖNƏMLİ QARABAĞ AÇIQLAMASI29-05-2012, 12:12 |
“MÜHARİBƏ HƏLƏ BİTMƏYİB” “Media forum” saytı prezident İlham Əliyevin Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Dağlıq Qarabağ münaqişəsi haqqında dediklərini təqdim edir: - Ölkə qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir nəticə yoxdur. Ermənistan uzun illərdir ki, beynəlxalq hüququ kobudcasına tapdalayır, beynəlxalq hüquq normalarına riayət etmir. Dünyanın mötəbər, aparıcı beynəlxalq təşkilatlarının qətnamələrinə əhəmiyyət vermir, məhəl qoymur. Nə hərb, nə sülh vəziyyəti davam edir. Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıb. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı dörd qətnaməsi var. Bir neçə gün bundan əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə yenə bu məsələ ilə bağlı çox əsaslı və ədalətli qətnamə qəbul edilib, münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ərazi bütövlüyü orada yeganə prinsip kimi göstərilib. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar münaqişə ilə bağlı kifayət qədər çox qətnamələr, qərarlar qəbul edib. Yəni məsələnin hüquqi müstəvidə həlli üçün əlavə heç bir addıma ehtiyac yoxdur. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi və indiki vəziyyəti uzatmaq cəhdləri hələ imkan vermir ki, məsələ həllini tapsın. Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Bizi bu günə yaxınlaşdıran amillər həm siyasi, həm iqtisadi və digər sahələrlə bağlıdır. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz var. Dünya birliyində böyük dəstəyimiz var. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir. Bölgədə mövqelərimiz möhkəmdir. İqtisadi sahəyə gəldikdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir və bundan sonrakı illərdə bu rəqəm yalnız artacaq. Çünki uzunmüddətli inkişaf strategiyamız bizə imkan verəcək ki, növbəti on il ərzində, - yəni qarşıya belə hədəf qoyulub, - ümumi daxili məhsulumuzu iki dəfə artıraq. Müqayisəedilməz fərq var. Məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik-siyasi imkanlardan istifadə edirik, eyni zamanda hərbi gücümüzü də artırırıq. Bu istiqamətdə də böyük addımlar atılıb. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü orduların sırasındadır. Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər vacib amillər də mövcuddur və bu amillər də Azərbaycanın mövqeyini gücləndirir. İqtisadi gələcəyimiz. Biz dəqiqliklə bilirik ki, gələcəkdə bizi nələr gözləyir. Çünki gələcəyimizi biz özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən, yaxud da veriləcək və ya verilməyəcək ianələrlə bağlayır. Belə olan halda uzunmüddətli inkişafı proqnozlaşdırmaq mümkün deyil. Uzunmüddətli inkişafa nail olmaq üçün biz nə qədər işləmişik, nə qədər səfərbərlik işləri aparmışıq, proqramlar qəbul etmişik, layihələr icra etmişik. Yəni uzunmüddətli inkişafa nail olmaq üçün bir neçə il vaxt lazımdır. Bu gün yaranmış bu müsbət inersiya bizi qabağa aparır. Ona görə mən tam məsuliyyətlə deyə bilərəm ki, on il bundan sonra Azərbaycanın iqtisadi durumu təxminən necə olacaq. Amma Ermənistana gəldikdə, orada ümumiyyətlə iqtisadiyyat iflic vəziyyətindədir və heç bir iqtisadi perspektiv yoxdur. Ölkədən kütləvi şəkildə miqrasiya baş verir və əlbəttə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz rolunu oynayacaq. Uzun illər biz yalnız siyasi, iqtisadi, hüquqi, hərbi amilləri nəzərdən keçirirdik. Deyə bilərəm ki, hazırda demoqrafik amillər də nəzərdən keçirilməlidir. Çünki bu amillər nəinki bizim bölgədə, artıq dünyada ön plana çıxır. Demoqrafik inkişaf, bəzi ölkələrdə müsbət, bəzi ölkələrdə tənəzzülə uğrayan demoqrafik proseslər, əlbəttə ki, bu gün təhlil mövzusudur. Azərbaycanda demoqrafik vəziyyət də çox müsbətdir. Bizim əhalimiz artır, 9 milyon 200 mindən çoxdur. Ermənistanda isə əksinə, əhali azalır. Yəni mən heç şübhə etmirəm ki, biz suverenliyimizi, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik və vahid Azərbaycan uğurlu inkişafa davam edəcək. Geri qayıt |