Əsas Səhifə > Cəmiyyət > REKTORDAN PREZİDENTƏ ŞİKAYƏT EDİLDİ

REKTORDAN PREZİDENTƏ ŞİKAYƏT EDİLDİ


28-05-2012, 14:20
REKTORDAN PREZİDENTƏ ŞİKAYƏT EDİLDİ

PROFESSOR HAKİMLƏRƏ QARŞI DA İTTİHAM İRƏLİ SÜRÜB

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Dövlət Mükafatı Laureatı, iqtisad elmləri doktoru Bədirxan Musayev Prezident İlham Əliyevə, Akademik, cənab Ramiz Mehdiyevə, Prezident Administrasiyasının şöbə müdiri Fatma xanım Abdullazadəyə və baş nazir Artur Rəsizadəyə şok məktubla müraciət edib.

Professorun mia.az-a daxil olan müraciətinin surətində deyilir: «Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev tərəfindən əsassız işdən çıxarılmağım və məhkəmələr tərəfindən mənə qarşı çıxarılan haqsız qərar və qətnamələrlə bağlı yenidən Sizə müraciət etmək məcburiyyətindəyəm. Belə ki, İşə bərpa olunmağım haqqında Səbail Rayon Məhkəməsində qaldırdığım iddia ərizəsi heç bir əsas olmadan rədd olunub. Hazırda bununla bağlı apellyasiya şikayəti vermişəm. May ayının 30-da Bakı Apellyasiya Məhkəməsində şikayətimlə bağlı hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə məhkəmə iclası keçiriləcək. Ümidliyəm ki, hakim Kəmaləddin Bədəlov şikayətimi obyektiv araşdırıb, ədalətli qərar verəcək. Mənim hakim Kəmaləddin Bədəlova qarşı hər hansı bir iradım və ya etirazım yoxdur. Sadəcə mənim ehtiyatlandığım başqa amillər var. Çünki rektor Şəmsəddin Hacıyev deputat mandatı və pulunun gücü ilə digər məhkəmə hakimlərinə ədalətli qərar çıxarmağa imkan verməyib. Necə ki, Bakının Səbail və Nəsimi Rayon Məhkəmələrində, həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmovanın simasında belə bir faktla üzləşmişəm. Belə ki, həm işə bərpa, həm də özlərinin tərtib etdiyi sənədlərdə təhqir olunmağımla bağlı ərizələrimə göstərilən ögey münasibət, hətta vəkillərimlə bərabər, məsləhətləşdiyim digər hüquqşünaslarda belə, xəyal qırıqlığı yaradıb. Odur ki, may ayının 30-da işə bərpa ilə bağlı Bakı Apellyasiya Məhkəməsində keçiriləcək prosesdən əvvəl Sizə üz tutub, ədalətin bərqərar olmasına köməklik göstərməyinizi xahiş edirəm».

Daha sonra rektor Şəmsəddin Hacıyev bəzi dairələrə yalan məlumatlar verərək, barəsində heç bir əsası olmayan rəy yaratmağa çalışdığını qabardan professor yazıb ki, iddiaların əksinə olaraq, onun yeganə məqsədi 60 il çalışdığı və onlarla elmlər namizədi və doktoru yetişdirdiyi universitetə işə bərpa olunmasıdır: «Tam məsuliyyətlə deyirəm ki, hazırda mənim yeganə məqsədim ömrümün 60 ilini keçirdiyim və onlarla elmlər namizədi və doktoru yetişdirdiyim universitetə işə bərpa olunmağımdır. Şəmsəddin Hacıyev universitetə 30-dan çox məsləhətçi vəzifəsinə işçi götürüb. Necə olur ki, heç bir müzakirə aparmadan əmək qabiliyyətini tamamilə itirmiş, elmi dərəcələri olmayanları bu vəzifəyə götürə bilirlər, amma professor, iqtisad elmləri doktoru və rektordan başqa universitetdə bütün vəzifələrdə işləmiş mənə bu imkanı tanımırlar?».

Sonda professor Bədirxan Musayev prezident və digər rəhbər şəxslər onun müraciətinə müsbət cavab verib, həm məhkəmədəki işləri, həm də işə bərpa olunmasına köməklik göstərəcəklər».


Geri qayıt