Əsas Səhifə > Güney Press, Araşdırma > RESPUBLİKA GÜNÜ DİLEMMASI

RESPUBLİKA GÜNÜ DİLEMMASI


28-05-2012, 13:03
RESPUBLİKA GÜNÜ DİLEMMASI

NƏDƏN BU TARİXƏ ÖGEY MÜNASİBƏT VAR İDİ?

28 Mayda Azərbaycan Demokratik Respublikasının (ADR) 94-ci ildönümü qeyd olunur. ADR 28 may 1918-ci ildə M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən elan edilmişdi. Qəbul edilən İstiqlal Bəyannaməsində Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edilirdi. Sənəddə deyilirdi ki, ölkədə yaşayan xalqlar bərabər hüquqlara malikdirlər və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan edilir. Müstəqil Azərbaycanın siyasi quruluş forması beynəlxalq birliyin bütün üzvləri, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə mehriban əlaqələr qurmaq niyyətində olan demokratik respublika idi. Bu dövlət öz ərazisində bütün vətəndaşlara milli, dini, sosial və cinsi mənsubiyyətindən asılı olmayaraq vətəndaş və siyasi hüquqların təmin edilməsi zəmanətini verirdi. ADR bütün Şərqdə ilk demokratik parlament respublikası idi.

23 aylıq mövcudluğu ərzində ADR-də bir sıra vacib qanunlar qəbul edilmiş, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmışdı. Cəmi iki il yaşasa da, ADR özünü dünyəvi demokratik inkişaf yolunun və dövlətin müasir parlament modelinin qəti tərəfdarı olan ölkə kimi göstərdi. Bu işdə onun lideri Məmmədəmin Rəsulzadənin – müstəqillik və demokratiya idealına sadiq olan bu görkəmli şəxsiyyətin xüsusi xidmətləri vardı. Bütün bunlar həmin idealların həyata keçirilməsi üçün obyektiv və subyektiv şəraitin çox əlverişsiz olduğu bir dövrdə baş verirdi. Azərbaycan Demokratik Respublikası 27 aprel 1920-ci ildə Rusiya tərəfindən Azərbaycanı işğal etmək üçün göndərilən XI Qızıl Ordunun təzyiqləri ilə devrildi. ADR-in banilərindən bir qismi güllələndi, bir qismi sürgün edildi, bəziləri isə mühacirət etməyə məcbur oldular. Respublikanın banisi M.Ə.Rəsulzadə uzun illər mühacirətdə yaşadı. Amma heç vaxt Azərbaycanın yenidən müstəqil olacağına inamını itirmədi. O, 6 mart 1955-ci ildə (71 yaşında) Türkiyədə vəfat etdi və orada dəfn olundu. Azərbaycan isə öz müstəqilliyini bir çox illər sonra – 18 oktyabr 1991-ci ildə bərpa etdi.

Sovet hakimiyyətinin 70 ili ərzində («qırmızı işğal») ADR və onun banisi M.Ə.Rəsulzadə haqda xatirə Azərbaycanın tarixindən köklü şəkildə silindi. Amma uğursuz şəkildə: Azərbaycanda milli-azadlıq hərəkatı (SSRİ dağılana qədər) ADR-in şərəfli tarixinə və onun lideri M.Ə.Rəsulzadəyə lazımi qiymət verdi. Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin özü (18 oktyabr 1991-ci il) ADR-in xatirəsinin, rəmzlərinin və uğurlarının bərpası şüarları altında keçirdi.

Azərbaycan dövlət müstəqilliyi əldə edən vaxtdan sonradan Respublika günü elan edilən, hər il dövlət səviyyəsində də qeyd edilən 28 Maya cəmiyyətdə ölkənin ən əhəmiyyətli və şanlı siyasi bayram kimi ehtiram göstərilməyə başlandı. Adama elə gəlirdi ki, ADR-in və onun banilərinin unudulması istiqamətində 70 illik imperiya təcrübəsi iflasa uğrayandan sonra çətin ki, kimsə belə nalayiq və əbəs cəhdləri təkrar etməyə çalışar. Amma artıq Heydər Əliyevin hakimiyyəti dövründə ADR və onun lideri Rəsulzadənin xatirəsinə qarşı qəribə bir qısqanclıq nümayiş etdirilməyə başladı. Çox vaxt onun adının üstündən sükutla keçilir, ADR-in fəaliyyətinə isə bəzən şübhə kölgəsi salınırdı. Təəssüf ki, bu qəribə ənənə irsən növbəti hakimiyyətə də keçdi: Respublika günü (28 May) və Rəsulzadənin adı düz 2008-ci ilə qədər başqa bir tarixin – ümummmilli liderin ad gününün kölgəsində qalırdı. Təkcə müxalifət partiyaları, müstəqil KİV, QHT-lər və ölkə ictimaiyyətinin nümayəndələri bu tarixi layiqincə qeyd edirdilər. Belə ssenari uzun illər davam etdirildiyindən bunda, görünür, müəyyən gizli siyasi məna vardı – ADR-in və onun liderlərini nüfuzdan salmaq. Prinsipcə hər şey belə də olurdu: taleyin hökmü ilə Gül bayramı ilə (10 may) Qurtuluş günü arasında (15 iyun) olan Respublika günü ölkənin eks-prezidentinə olan bitib-tükənməyən difirambların atmosferində qismən əridilirdi.

2008-ci ildə situasiyanın buzu hiss olunacaq qədər əridi: prezident İlham Əliyev ADR-in 90 illik yubileyinin qeyd edilməsi barədə xüsusi sərəncam verdi. Sərəncamda təhsil, elm və mədəniyyət müəssisələrində xüsusi konfransların, həmçinin xüsusi bayram tədbirlərinin küçirilməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin özü Respublika günü münasibətilə yeni yaradılan «İstiqlal Bəyannaməsi» memorialına çiçək dəstələri qoydu. Bundan başqa, Milli Məclisin xüsusi iclası Respublika gününə həsr edildi, “Gülüstan” sarayında isə yubiley şərəfinə xüsusi təntənələr təşkil edildi. 28 May axşamı Milli Parkda bayram konserti keçirildi, xalq gəzintisi, atəşfəşanlıq oldu.

Görünür, Respublika günlərinin başqa ölkələrdə təntənə ilə keçirilməsi təcrübəsi bizim hakimiyyətə ayıldıcı təsir göstərdi. Yəqin, qardaş Türkiyədə ADR və M.Ə.Rəsulzadənin xatirəsinə hər zaman xüsusi diqqət yetirilməsi də burada mühüm rol oynadı. Belə ki, 2008-ci ildə Ankarada ADR-in 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Türkiyənin baş naziri və başqa yüksək rütbəli şəxslər iştirak edirdi. Bundan başqa, Bakıda yox, məhz Türkiyədə ADR-in banisi M.Ə.Rəsulzadənin abidəsinin açılışı oldu. Üstəlik, hakimiyyət anlamamış deyil ki, Azərbaycan cəmiyyətinin özündə ADR-in tarixi əhəmiyyətinə kölgə salmaq ciddi dəstək qazanmır. Görünür, bütün deyilən səbəblərdən hakimiyyət ölkənin asas siyasi bayramına soyuq-qısqanc münasibəti dəyişməyi qərara aldı. Əgər doğrudan da belədirsə, bunu yalnız alqışlamaq olar. Hərçənd Respublika günü münasibətilə mərasim proseduru istisna edilsə, əvvəllər olduğu kimi, hakimiyyətin xüsusi bayram ovqatı hiss edilmir.

Turan Analitik Xidməti

Geri qayıt