Əsas Səhifə > Gündəm, Manşet > 28 MAY – NƏ GÖZƏL MÜQƏDDƏSLİK!!!

28 MAY – NƏ GÖZƏL MÜQƏDDƏSLİK!!!


28-05-2012, 12:34
28 MAY – NƏ GÖZƏL MÜQƏDDƏSLİK!!!

O GÜN AZADLIĞI DADDIQ, BU GÜN AZADLIĞIN BAYRAĞINI DAŞIYIRIQ

DİA.AZ: - Azadlığın qədrini bilmək üçün bu dünyada bircə gün azad yaşamaq belə yetər. Söhbət cismanı yox, ruhi azadlıqdan gedir, insan o zaman özünü tam azad hiss edir ki, ruhu buxovlardan azad olur. Ruhumuzu buxovlayan bizlərik, öz ruhumzun azadlığında boğulmaqdan qorxudumuz üçün...

Millətlərin azadlığı da azad ruhların azadlığı kimidir, pərvaz vurur, bəlkə də azadlıq qədrinin nə olduğunu bilmədən azadlığın dadını çıxarar. İtirdiyinin arxasında həsədlə baxdığında bilir nə böyük nemət itirdiyini. Kaş ki itirilənləri təəssülə geri qaytarmaq mümkün olsaydı...

Amma bəzən itirilənlərin geri qayıdışı daha möhtəşəm olur, ruhunu sarmış azadlıq yanğısının qalib gəlib buxovları qırdığı günün təntənəsini daşıdığı üçün. Əslində o gündən, peşimançılıqların təəssüflə birləşib itirilənləri geri qaytarmaq mücadiləsinin başlandığı gündən başlayır azadlığın tarixi. Azad olmağı istəmək ona doğru atılan birinci addımdır. Yolun lap əvvəlidir. Amma çətinliyinə görə bəlkə də ən çətini. İnsan azadlığını əvvəlcə öz içinə sindirməlidir ki, sonra onu başqasına qəbul etdirə bilsin.

Bir millətin düz 94 il əvvəldən başlayan azadlıq yoluna işıq salan da məhz bu cəsarət olub - azadlığı istəməyin cəsarəti. Azadlığı istəməyin cəsarəti azad yaşamağın çətinliyindən də çətindir, bu cəsarəti özünə yedirə bilməyənlər də çoxdur, yolun çətinliyindən qorxub geri çəkilənlər də. Amma bu istəyin insana və millətə qazandırdıqlarının yanında heç bir çətinlik geri çəkilməyə vadar edəcək qədər güclü görünməz. Azadlıq insanın ruhundadır, köləliyə tabe olmaq kimi. Bir ruhda iki duyğunun mübarizəsinin sonunda kamilləşir insan da, millət də. Azadlıq istəyinin qalib gəldiyi millətlər tarixin şərəf səhifələrində özünə yer edir, köləlik ruhunun qalib çıxdığı millətlər isə yalnız bir zamanların möhtəşəmliyində gizlətməyə məcburdurlar bu günlərini, gələcəklərini. Biz birincini bacardıq, düz 94 il əvvəl, ruhumuzun azadlıq dənizində üzməsi üçün istəkli olduq, bu dinizin dibində bizi gözləyən təhlükələri göz önünə alaraq. Azadlıq ruhumuza hakim kəsildi, ruhumuzu bu tatlı “bəla”ya təslim etdik.

“Nədir azadlıq” deyə soruşanlara mən bu gün nə tariximizin şanlı səhifələrindən, nə keçmişin xatirələrindən, nə də gələcəyimizin gözəl günlərindən danışaram. “Nədir azadıq” deyə soruşanlara mən azad ölə bilmək xoşbəxtliyindən danışaram. Ölümün də yaşamaq kimi şərəflisi, şərəfsizi var. Ölüm də yaşam kimi yazıdır, onun da yaxşısını qismət etsin Tanrı deyə yalvarırıq. Şərəfli ölüm şərəfsiz yaşamaqdan minlərcə dəfə şərəflidir, ölümü belə doya-doya yaşamaq kimi... Ölumün ölümsüzləşənlər kimi...

Ruhuna azadlıq hakim kəsilənlərin bir millətə verdiyi ən böyük tövhədir bir müstəqil dövlətin vətəndaşı olmaq. Artıq ruhunu azadlığa çıxarmaq sənin əlindədir, sənə azadlığı dadızdıranların böyük əməli qarşısında bunu lütfən özün bacar!. Bacar ki, illər sonra, sən də kimlərəsə bircə damcı da olsa azadlıq daddıra biləsən.

Azadlıq içinə çəkdiyin nəfəs kimidir, bəzən gözlərini yaşla doldurar, bəzən boğazından aşağı yanıb qovrula-qovrula keçər. Azadlıq əl açıb tutacağın xoşbəxtlik qədər həm yaxındır, həm uzaq. Ruhuna hansı məsafədə dayanırsa, cisminə o məsafədə dayanır. Azadlıq gözünü dolandırıb səmaya doya-doya baxa bilməyin sevincidir, o səmadan başına daşlar yağsa belə. Azadlıq evində böyütdüyün bir körpəyə oxunan layladır, illər keçsə belə ruhuna höpmuş həzinliyini unuda bilməzsən. Azadlıq ayaqların altındakı torpağın müqəddəsliyidir, üstünə basanların onu qorumaq borcunu hər addımda xatırladar. Azadlıq azad ruhların qarşısında utanmamaq dirənişidir, onların bacardığını bacara bilmək üçün. Azadlıq öləndə sarılmaq üçün bir bayrağının olmasıdır, o bayrağı qorumaq üçün hər cür mərhəməti düşmənə nifrətə qurban verməyi bacarmalısan. Biz hələ ki bacarmırıq, 94 il əvvəl başımızın üstünə qaldırılan bayrağı Qarabağda başımızın üstündən endirənlərə qarşı qalib savaşımızın verəcəyi rahatlığı hələ ki, yaşaya bilmirik. Günlərin birində ruhumuz mütləq azad olacaq, cisminin sarılmaq üçün bir bayrağının olmasından alacağı güclə azadlığına qovuşacaq. O gün ruhumuzu azadlığa çıxarmaq üçün canlarını qurban vermiş babalarımızın yolunu şərəflə davam etdirməyimizin qürurunu yaşayacağıq. Həyat o zaman var olacaq, ölsək belə...

DİA.AZ olaraq Sizin hər birinizə BAYRAMINIZ –CÜMHURİYYƏT GÜNÜNÜZ MÜBARƏK! Deyirik...


Geri qayıt