Əsas Səhifə > Cəmiyyət > “EUROVISION -2012”NİN DİLƏNÇİLƏRƏ ZİYANI

“EUROVISION -2012”NİN DİLƏNÇİLƏRƏ ZİYANI


27-05-2012, 12:31
“EUROVISION -2012”NİN DİLƏNÇİLƏRƏ ZİYANI

“DİLƏNÇİSİZ BAKI” LAYİHƏSİ YÜZLƏRLI SƏFİLİN HƏBSİ İLƏ NƏTİCƏLƏNİB

DİA.AZ: - Bugünlərdə özəl mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, hakimiyyət Bakıda keçirilən “Eurovision” şousu öncəsi dilənçilərlə bağlı xüsusi layihəyə start verib. Məsələ ilə bağlı şok faktlar açıqlayan mənbə bildirir ki, iqtidarın ölkə paytaxtında keçirilən beynəlxalq musiqi festivalı ilə əlaqədar Azərbaycana gələn qonaqlara “dilənçisiz Bakı” göstərmək istəyi yüzlərlə səfil insanın həbsi ilə nəticələnib. Mənbənin DİA.AZ-a açıqladığı faktların əsas məqamlarını nəzərinizə çatdırırıq.

“Zənginlər və bəxtəvərlər diyarı”, yaxud gerçək yerinə illüziya

Mənbənin sözlərinə görə, paytaxt ərazisindəki səfil və dilənçilərin hədsiz çoxluğundan narahat olan hakimiyyət “arzuedilməz çoxluğun” turistlərdə mənfi təəssürat yarada biləcəyindən ehtiyat etdiyi üçün onlar haqqında təcili “ölçü götürməyə” qərar verib: “Paytaxt küçələrində gündən-günə artan səfil və dilənçilərin çoxluğu, bu çoxluğun gələn əcnəvi qonaqlarda yarada biləcəyi mənfi təəssürat hakimiyyəti hərəkətə gətirib. Belə ki, Prezident Administrasiyası səviyyəsində verilən göstərişə əsasən, paytaxt ərazisində yaşayan bütün dilənçilər Bakıdan çıxardılıb. Hakimiyyət bununla ölkə paytaxtını avropalı qonaqlara ac və səfil insanların olmadığı bir şəhər kimi təqdim etmək niyyətindədir. Hakimiyyət istəyir ki, Qərb jurnalist və muqisiçiləri, onları müşahidə edən texniki heyət və s. geri qayıdan zaman söyləsinlər ki, günlərlə Azərbaycanda qalsaq da, Bakıda bir nəfər də olsun dilənçiyə rast gəlmədik. Yəni hakimiyyət Bakını əcnəbilərə heç bir sosial problemi olmayan, zənginlər və bəxtəvərlər diyarı kimi təqdim etməkdə qərarlıdır”.

Mənbə bu məqsədlə Bakı ərazisindəki bütün dilənçilərin polis əməkdaşlarının vasitəsilə toplanaraq paytaxt ərazisindən çıxarıldığını bildirib: “Prezident Administrasiyası dilənçilərlə bağlı qərarı yalnız son anda qəbul etdiyi üçün dilənçilərin toplanması və paytaxt ərtazisindən çıxarılması “Eurovision” açılışına cəmi iki gün qalmış bir müddətdə həyata keçirilib. Paytaxt polisinin əlahiddə bölmələrinin tam bir məxfilik əsasında həyata keçirdiyi əməliyyat nəticəsində Bakı küçələrini qarış-qarış, tin-tin dolaşan hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılarına çıxan dilənçiləri avtomobilə əyləşdirərək öncədən müəyyənləşən toplantı məntəqələrinə cəmləyib, buradan isə xüsusi avtobuslarla, polis nəzarəti altında paytaxtdan çıxarılıb”.

Paytaxtın üz qarası qismində sürgün edilən dilənçilər harda məskunlaşıb?

Mənbənin sözlərinə görə, paytaxt ərazisindən çıxarılan dilənçilər Bakıdan o qədər də uzaqda olmayan bir rayonda məskunlaşdırılıb: “Dilənçilərin saxlanıldığı rayon və ümumiyyətlə dilənçilərlə bağlı məlum layihənin məxfiliyi ciddi şəkildə qorunur. O cümlədən, onların yerləşdirildiyi ərazi də polis əməkdaşları tərəfindən ciddi şəkildə qorunur ki, dilənçilər müvəqqəti düşərgəni tərk edərək yenidən Bakıya qayıtmasınlar”.

Məlumata əsasən, hakimiyyət “Eurovision” tədbirləri başa çatdıqdan sonra da bəzi turistlərin hələ paytaxtı gəzib dolaşacağını nəzərə alaraq, nəzarət altındakı dilənçiləri final gecəsindən təxminən 10 gün sonra azad edəcək: “Hakim elita haqlı olaraq belə hesab edir ki, məlum festival başa çatandan dərhal sonra heç də bütün qonaqlar ölkəni tərk etməyəcək, onlardan bəzisi bir həftə-10 gün sonra öz ölkəsinə dönəcək ki, bu amili də nəzərə almaq zəruridir. Odur ki, hakimiyyət “Eurovision”dan bir müddət sonra da vəziyyəti nəzarətdə saxlamağa, inzibati resursların səfərbərliyini hələ bir müddət davam etdirməyə məcburdur”.

Dilənçilərin yaşadığı həbsxana-kazarma kabusumu xatırladır?

Mənbə dilənçilər üçün inşa edilən taxta “həbsxana-kazarma” ilə bağlı da maraqlı informasiyalar diqqətə çatdırdı. Onun məlumatına görə, hazrıda yüzlərlə dilənçinin dəhşətli sıxlıq içində yaşadığı “həbsxana” qəribə konstruksiyası ilə diqqət çəkir: “Onların saxlanma yeri təcili sürətdə, sırf taxta konstruksiyadan istifadə edilməklə inşa edilib. Daha dəqiq desək, “müvəqqəti həbsxana” üçün rayon ərazisindəki körpülərdən biri seçilib ki, kazarma bu körpünün alt hissəsində, körpü uzunu inşa edilib. Körpünün hər iki yanı, habelə qabaq və arxa tərəfi taxta hasarlarla tutulub ki, bu da körpü uzunluğunda kazarmanın meydana gəlməsi ilə nəticələnib”.

Mənbə kazarmanın bir neçə taxta arakəsmə ilə baraklara bölündüyünü qeyd etdi: “Kazarma bir neçə taxta arakəsmə ilə baraklara bölünüb ki, burada məqsəd dilənçilərin yatması üçün konkret ərazi bölgüsünün aparılması, bununla da onlar arasında hər hansı bir konfilikin baş verməməsinə hesablanıb”.

Dilənçilərin aclıq imtahanı

Mənbə nəzarət altında, qapalı şəkildə saxlanılan dilənçilərin yeməklə təminatı məsələsində ciddi problemlərin olduğuna diqqət çəkdi. Saxlanılan dilənçilərin ərzaq rasionuna yalnız yumurtanın daxil edildiyini bildirən mənbə, hər dilənçiyə gün ərzində 3 yumurta və bir parça çörək verildiyini vurğuladı: “Həbsdəki dilənçilərə gün ərzində 3 yumurta, bir qədər çörək və bir dəfə çay adına ilıq, bulanıq su verilir. Bu isə təbii ki, onların tələbatını ödəmir. Məhz buna görə də bu gün dilənçilər arasında aclıq və ümidsizlik hökm sürməkdədir. Onlar ərzaq rasionunun bir qədər artırılmasını tələb etsələr də, onların bu tələbinə əhəmiyyət verən yoxdur”.

Mənbə dilənçilər arasında hökm sürən qorxu və təlaşa da toxundu: “Dilənçilərin Bakı küçələrindən toplanması, avtomobillərlə rayon ərazisinə gətirilməsi və qapalı şəraitdə saxlanılmasının səbəbləri ilə bağlı onların özünə heç bir məlumat verilməyib. Buna görə də onlar nə baş verdiyini anlamır, öz aqibətləri haqında narahatlıqla düşünürlər”.

Vicdan ağrısı və çörək qorxusu

Məlumata görə, dilənçilərin saxlanma vəziyyəti, onlara bəslənilən qeyri-insani münasibət vəzifə gərəyi onlara baş çəkən bəzi yüksək çinli məmur və dövlət qulluqçularını belə dəhşətə gətirib: “Körpü altında inşa edilən və heç bir məişət rahatlığı olmayan “həbsxana”da saxlanılan dilənçilərin acınacaqlı vəziyyəti hətta müvafiq tapşırıq əsasında əraziyə baş çəkməli, vəziyyəti nəzarətdə saxlamalı olan bəzi yüksək rütbəli məmurlar tərəfindən də ürək ağrısı ilə müşahidə edilməkdədir. Onların bəzisi gördüyü bu mənzərə qarşısında dəhşətə gəlib, öz işlərini tələm-tələsik başa çatdırdıqdan sonra dərhal ərazini tərk ediblər. Bu cür məmurlar arasında “həbsxana”nı alman konslagerləri ilə müqayisə edənlər də mövcuddur”.

Nəzarət altındakı dilənçilərin hamam, ayaqyolu, tibbi yardım kimi problemlərinin nəzərə alınmadığı “həbsxana”da hədsiz üfunət və darısqallığın mövcud olduğunu bildirən mənbə, belə davam edəcəyi təqdirdə “Eurovision” sonuna kimi arzuedilməz hadisələrin qaçılmaz olacağını vuğuladı: “Dilənçilərin saxlanıldığı yer taxta konstruksiyalardan “sonuncu kateqoriyalı” insanlar üçün inşa edildiyi üçün onların rahatlığı adına heç nə nəzərdə tutulmayıb. Məhz buna görə də orada hamam yoxdur, “məhkum”ların ayaqyolu təminatı isə qismən həll edilib ki, bu məsələdə də da ciddi çatışmazlıqlar var. Vəziyyəti ağırlaşan, özünü pis hiss edən insanların səhhətinin qayğısına qalmaq üçün də heç bir tibbi personal və ya sanitar məntəqəsi nəzrədə tutulmayıb. Mövcud situasiya isə həqiqətən də gərgindir. Bu gün dilənçilərin məskunlaşdığı kazarmaya yaxınlaşan hər bir kəs bəlli bir məsafə qalmış dəhşətli üfunət iyini duya, xəstə insanların öskürək səsini, yalvarış və şikayətini eşidə bilər. Bir sözlə, ora hər şeyi ilə əsl cəhənnəmi xatırladır”.


Geri qayıt