Əsas Səhifə > Sosial, Manşet > XATƏMİDƏN RƏSMİ BAKIYA SƏRT İTTİHAMLAR

XATƏMİDƏN RƏSMİ BAKIYA SƏRT İTTİHAMLAR


27-05-2012, 11:33
XATƏMİDƏN RƏSMİ BAKIYA SƏRT İTTİHAMLAR

SEYİD ƏHMƏD XATƏMİ AZƏRBAYCAN İQTİDARINI HƏDƏLƏDİ

DİA.AZ - Azərbaycan türkünə və Azərbaycan dövlətinə aşkar düşmənçilik siyasəti yürüdən rəsmi Tehran hətta bu qərəzini prezidentləri Əhmədinejadın Azərbaycanın dövlət başçısına ünvanlanan təbrik məktublarındakı təmtəraqlı ifadələrinin altında da gizlədə bilmədilər. Mahmud Əhmədinejadın 28 May - Respublika Günü münasibətilə Azərbaycan dövlətinin rəhbərliyini təbrik etmək kimi bir protokoldan doğan jestinin üstündən az belə vaxtın keçmədiyi şəraitdə İranın xüsusi xidmət orqanları əvvəlki əhvallarının - antiAzərbaycan ovqatlarının yaratdığı təzahürləri - içlərinin xıltlarını ortaya qoymaqda davam etdilər.

DİA.AZ bildirir ki, bu dəfə isə Azərbaycan hakimiyyətini hədələyən İran mollaları ölkəmizə qarşı təbliğatlarında yeni üsul icad ediblər. Guya ki, Azərbaycanın hakimiyyətdən narazı olan qüvvələrinin xeyrinə olan bir mövqedə görünürmüş kimi davranan rəsmi Tehranın bununla əslində nələrə nail olmaq istədiyi hər kəsə aydındır. Amma Tehranda oturanlar unudurlar ki, əgər Azərbaycanda kiminsə hakimiyyətdən narazılığı varsa, hətta bu halda belə heç bir Azərbaycan türkü bu hakimiyyəti vurmaqla Azərbaycanda rəğbət qazanmaq istəyən iran agenturasının toruna düşməz. Çünki bütün bu münasibətlər Azərbaycanın iç siyasətinə aiddir.

Hər halda, sizlər üçün də maraqlı olacağını zənn edərək, «arannyus» portalında yer almış keçən cümə günü Tehranın imam-cüməsi Ayətullah Seyid Əhməd Xatəminin dilindən səslənən hədyanları diqqətinizə çatdırırıq:

«Tehran cümə namazının xitabətçisi Ayətulah Seyyid Əhməd Xatəmi Tehran cümə namazı mərasimində Azərbaycan Respublikasının dünyanın ikinci böyük şiə ölkəsi olduğuna işarə edərək rəsmi Bakını İslama və xalqın dini inanclarına qarşı addımlardan çəkinməyə çağırmışdır.

Ayətullah Xatəmi deyib: "Azərbaycan hökuməti islama zidd hərəkətlərini dayandırmalıdır. Son vaxtlar bu ölkədən dinə və hicaba zidd olan hərəkətlərlə bağlı xoşagəlməz xəbərlər gəlib çatır. O Ölkədəki səfirliyimiz qarşısında rəzil hərəkətlər edilir. Biz böyük bir ölkə olaraq bu ölkəyə nəsihət edirik ki, islamla üz-üzə durmasın. Hər kəs islamla üz-üzə dursa, evi yıxıldı.

Azərbaycanın dünyanın ikinci şiə ölkəsi olduğunu nəzərə alaraq Azərbaycan hökmranlarına deyirik ki, əgər indiki prosesi davam etdirsəniz, qabaqda sizi Ben Əlinin taleyi gözləyəcək. O, xalqın dini ilə üz-üzə durduğuna görə devrildi. Əgər bu yolu getmək istəyirsinizsə, buyurun. Lakin bilin ki, süquta uğrayacaqsınız."

Tehranın müvəqqəti imam cüməsi bu gün cümə namazı xütbələrində həmçinin deyib: İran xalqı heç vaxt nüvə enerjisindən dinc məqsədlər üçün istifadə üzrə öz qanuni haqqına göz yummayacaq.

Ayəttullah Seyid Əhməd Xatəmi İran İslam Respublikasının özünün nüvə hüququnu müdafiə üzrə siyasətlərini məntiqili adlandırıb və deyib: İran xalqı dinc məqsədlər üzrə nüvə enerjisindən istifadəni özünün haqlı hüququ bilir və bu haqda öz hüququnun reallaşması uğrunda səy göstərəcək.

Ayətullah Seyid Əhməd Xatəmi Qərbin 3 il öncə İran İslam Respublikası tərəfindən uranın zənginləşdirilməsinin dayandırılması qarşılığında İranın nüvə yanacağını təmin etmək haqdakı sözünü tutmamasına işarə edərək, deyib: İran qərbin öz vədlərinə sadiq qalmamasının ardınca öz nüvə mütəxəssislərinin yardımı ilə uranın zənginləşdirilməsi prosesini yaratmağa müvəffəq oldu.

İslam İnqilabının Böyük Rəhbərinin fitvasına əsasən, İran İslam Respublikasında atom silahının istehsalının haram olduğunu bildirən Tehranın cümə namazı xətibi daha sonra deyib: Rəsmi Tehran öz nüvə fəaliyyətlərinin sülhsevər olduğunu sübut etmək üçün dəfələrlə nüvə mərkəzlərinə baxış keçirmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə icazə verib, bu müfəttişlər isə İranın nüvə fəaliyyətlərinin sülhsevər olmaması haqda heç bir fakt tapa bilməyiblər.

Ayətullah Xatəmi sonra deyib: Hazırda sıra 5+1 Qrupuna çatıb ki, etimad yaratsın və özünün İran ilə müzakirələrində sionizm və beynəlxalq imperializmin siyasətlərini icra etmək ardınca olmadığını sübut etsin.

Tehranın müvəqqəti imam cüməsi Misirdə keçirilmiş prezident seçkilərinə də toxunub.

"Misirin bəsirətli xalqı 30 ildən sonra öz müqəddəratını təyin etmək üçün fürsət əldə edərək, seçkilərdə iştirak etdi və biz ümid edirik ki, bu ölkənin gələcək prezidenti əxlaqi və islami prinsiplərə bağlı bir şəxs olsun və Misirin inkişafı və yüksəlişi uğrunda çalışsın.

Tehranın cümə namazı xətibi Bəhreynin Ərəbistana birləşdirilməsini Bəhreyn xalqına qarşı böyük xəyanət adlandırıb və deyib: Bəhreynin qeyrətli xalqı heç vaxt icazə verməyəcək ki, ölkələri qarət edilsin. Bu xalq diktatura və müstəmləkəçilik siyasətləri qarşısında tam müqavimətlə zəfərə qədər, qətiyyətlə dayanacaqdır».

Geri qayıt