Əsas Səhifə > Cəmiyyət > SALYAN ƏHALİSİ MƏMURLARDAN ŞİKAYƏTÇİDİR

SALYAN ƏHALİSİ MƏMURLARDAN ŞİKAYƏTÇİDİR


25-05-2012, 12:10
SALYAN ƏHALİSİ MƏMURLARDAN ŞİKAYƏTÇİDİR

DAŞQIN ZONASININ ƏSAS PROBLEMİ: MƏMUR LAQEYDLİYİ

Cümə axşamı Salyanda bölgə sakinlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Mil-Muğan regionunda mülkiyyət hüquqları problemi müzakirə olunub.

Görüş Qadınların Hüquqlarını Müdafiə Komitəsi, “Din, demokratiya və insan haqları” İctimai Birliyi tərəfindən təşkil edilib. Görüşdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının və Beynəlxalq İnsan Haqları Evi Şəbəkəsinin təmsilçiləri iştirak ediblər.

Görüş ictimai qəbul formatında keçirilib. 2010-cu ilin daşqınından əziyyət çəkənlər üzləşdikləri problemlərdən danışıblar.

Ən xarakterik problem kimi bütün səviyyələrdə məmurların vətəndaşların müraciətlərinə laqeyd yanaşması göztərilib. Demək olar ki, dövlət müəssisələri “İnformasiya azadlığı haqqında” və “Vətəndaşların müraciətinə baxılması qaydaları haqqında” qanunları pozaraq vətəndaşların suallarını cavablandırmır və ya ağlabatan söz demirlər. Məsələn, əgər məktub ölkə prezidentinə və ya FHN-ə göndərilirsə, şikayətçi standart cavab alır ki, onun məktubu qərar qəbul olunmaq üçün yerli rayon icra hakimiyyətinə göndərilir. Praktikada bu o deməkdir ki, vətəndaş heç bir cavab almayacaq.

Salyan və Saatlı rayonlarının kəndlərində sakinlərin hüquqlarının pozulmasına misal kimi məmurların adlarına göndərilən qalaq-qalaq cavabsız məktub və teleqramları göstərmək olar.

Çıxışlardan məlum olub ki, daşqından sonra evlərin və kəndli təsərrüfatlarının bərpası məsələsi indiyədək həll olunmamış qalır. Yoxsulluq, işsizlik və əlacsızlıq demək olar ki, hər çıxışda öz əksini tapıb.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev daşqının nəticələrinin aradan qaldırılması ətrafında vəziyyət barədə toplaşanları məlumatlandırıb. O bildirib ki, 100 min ha-dan çox sahəni və 20 min evi əhatə edən daşqının nəticələrinin aradan qaldırılması üçün iki il ərzində 400 mln.-dan çox vəsait ayrılıb. Bu, problemin həlli üçün yetərli ola bilərdi. Lakin miqyaslı korrupsiya və dövlət vəsaitinin mənimsənilməsi məsələnin həllini yubadıb. “Təkcə son 6 ayda 70 mln. manat ayrılıb. Lakin işlər ləng gedir, şəffaf deyil və belə düşünməyə əsas var ki, bu vəsait mənimsəniləcək”, - o vurğulayıb.

M.Əliyevin fikrincə, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin saxta ittihamla həbsinin motivi də məhz budur. O həmçinin qeyd edib ki, daşqının problemlərinin ləğvi üzərində vətəndaş cəmiyyətinin nəzarəti davam etdiriləcək. Yaxın vaxtlarda regionda vəziyyətə dair xüsusi hesabatın hökumət və bir sıra idarə rəhbərləri ilə müzakirəsi planlaşdırılır.

Aytəkin İmanova bildirib ki, görüş zamanı vətəndaşların səsləndirdikləri şikayətlər təhlil olunacaq və müvafiq hakimiyyət orqanlarına təqdim ediləcək.


Geri qayıt