Əsas Səhifə > Ölkə > ƏLİ HƏSƏNOV BELƏ DEYİR, SƏFİR İSƏ ELƏ

ƏLİ HƏSƏNOV BELƏ DEYİR, SƏFİR İSƏ ELƏ


24-05-2012, 13:15
ƏLİ HƏSƏNOV BELƏ DEYİR, SƏFİR İSƏ ELƏ

“AVROVİZİYA” SİYASİLƏŞMƏLİDİR, YAY YOX?

“Artıq “Eurovision” müsabiqəsini siyasiləşdiriblər. İsveçin Azərbaycandakı səfiri, İsveçin mahnı müsabiqəsindəki nümayəndəsi fəal şəkildə müxalifət dairələri, siyasi qruplar və bəzi mərkəzləşmiş antiazərbaycan fəaliyyətini həyata keçirən Norveç İnsan Hüquqları Evi, Amnesty International ilə birgə burda fəaliyyətə başlayıblar. Bunu qəti şəkildə pisləyirik”. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov hesab edir ki, bu, ilk növbədə Avropa Yayım Birliyinə hörmətsizlikdir.

“Avropa Yayım Birliyi mütləq şəkildə buna müdaxilə etməlidir və bu tipli siyasiləşmə aksiyalarının qarşısını almalıdır. O biri tərəfdən, bu cür çıxışlar Azərbaycanda "Eurovision"a qatılan digər iştirakçılara hörmətsizlikdir. Bu, müsabiqəyə bilet alıb, tədbiri izləyən tamaşaçılara hörmətsizlikdir, Avropa musiqi yarışmasının tərəfdarlarına hörmətsizlikdir. Düşünürəm ki, bu siyasiləşmənin qarşısı tezliklə alınmasa, “Eurovision” yarışmasına qatılanlar, onu təşkil edənlər buna müvafiq münasibət bldirəcəklər”, - deyə PA rəsmisi əlavə edib.

İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Eriksson isə bu ölkənin “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Lorindən müsabiqədə siyasi bəyanatlarla çıxış etməyi xahiş etmədiyini deyib.

M. Eriksson açıqlamasında mayın 22-də həqiqətən də qəbul təşkil etdiyini bildirib: “Bu qəbula hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin və müxalifət təmsilçiləri dəvət olunublar. Bu cür qəbulların təşkili normal praktikadır və burada qəribə heç nə yoxdur. Həmin qəbulda İsveçin “Eurovision-2012” təmsilçisi kimi Lorin də iştirak edib”.

Səfir bildirib ki, dünən Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə də bu məsələ müzakirə olunub: “Mən nazirliyin əməkdaşlarını əmin etdim ki, bu məlumat həqiqətə uyğun deyil”.

Lorinin müxalifətçilər, yerli hüquq müdafiəçilərinin nümayəndələri ilə görüşməsi, Azərbaycanda insan haqlarının durumu, demokratiya və s. məsələlərlə bağlı müsahibə və bəyanatlar verməsi barədə sualı cavablandıran səfir bildirib ki, müğənninin bu cür görüşlər keçirməsindən xəbərdardır: “Lakin bu onun şəxsi seçimidir. Mən bu görüşdə iştirak etməmişəm, görüşün təşəbbüskarı da deyiləm”.


Geri qayıt