Əsas Səhifə > Güney Press, Araşdırma > MƏMURLARIN KEÇİRDİYİ YOL QƏZALARI

MƏMURLARIN KEÇİRDİYİ YOL QƏZALARI


24-05-2012, 12:37
MƏMURLARIN KEÇİRDİYİ YOL QƏZALARI

BİR BÖLGƏDƏN MARAQLI STATİSTİKA

Ötən həftə Lerik rayonundan mobil telefonuma bir neçə zəng gəldi. Zəng edənlər az qala şadyanalıqla xəbər verirdilər ki, bu rayonun təhsil şöbə müdiri Balaşirin Nəsirov təzə aldığı “Misştubi” markalı maşını ilə qəza törədib. Özü, uşaq bağçası müdiri işləyən həyat yoldaşı və bir məktəb direktoru həmin maşının dağa çırpılması nəticəsində əzilib, xəsarət alıblar. Adı çəkilən şəxslərin bəzisi bir neçə gün işə çıxmayıb.
Bu məlumat, deyilənlərdən də göründüyü kimi, sıradan bir qəza xəbəridir. Hər gün onlarla belə qəzalar olur – 5-i yaralanır, 3-ü dünyasını dəyişir. Təbii ki, bu qəzaları kimin törətməsindən asılı olmayaraq, başqasının bədbəxtliyinə, fəlakətinə sevinmək də alicənablıqdan uzaq işdir. Amma nə gizlədək, Balaşirin müəllimin törətdiyi qəza ilə bağlı bizə zəng vuran leriklilər çox sevinirdilər. Həm də yaxın keçmişi də xatırlatmağı unutmurdular ki, filankəsin itkin düşməsində, filankəslərin təqiblərə, təzyiqlərə məruz qalmasında, filan şikayətçinin pulla “lal” edilməsində bu şəxsin adı hallanır.
Bütün bunlar nə qədər düzdür, yalandır, deyə bilmərik. Amma el demişkən, od olmasa, tüstü çıxmaz. Hər halda, bəzi leriklilər bu qəzaya nədənsə sevinirdilər.
Bu xəbər yadımıza digər “xatirələri” saldı. Ötən il xəbər yayıldı ki, 20 il Cəlilabad təhsilinə rəhbərlik edən, buranı ən azından saxta diplomların və şəhadətnamələrin məskəninə çevrən Ədalət Əsgərovun evi yanıb. Özü də bir dəfə yox, iki dəfə. Sonra bəyan etdilər ki, xəbər yalandır, evdə təmir gedir.
Ötən ay Lənkəranın sabiq təhsil şöbə müdiri, hazırda Lənkəran İcra hakimiyyətində humanitar şöbənin müdiri işləyən Səmədağa Abdullayevin maşınla qəza törətməsi, 2 bacını eyni vaxtda həlak etməsi, sonra bu işi sürücünün üstünə qoyması və qısa müddətdə polisdə saxlanılan sürücünün azadlığa çıxmasına nail olması xəbəri də uzun tarix deyil.
Lənkəran Mərkəzi xəstəxanasının sabiq baş həkimi də vəzifədə olanda maşını Lerik dərəsinə diyirlənmişdi.
Yardımlılara son 5 ildə “dağlar” çəkən sabiq icra başçısı Xəzər Aslanovun da rayonda inşa etdirdiyi binanın üstündən yıxılıb, bir neçə ay şikəst həyatı keçirtdiyi də yardımlıların yaddaşından silinməyib.
Bu günlərdə Masallıda xəbər yayıldı kı, illərlə insanları ilan kimi zəhərləyən bir ailənin evinə doğruçu ilanlar hücum edib, “sanepstansiya” işçiləri, yanğınsöndürənlər dərman vuran maşınlarla, tüstü ilə olayı güclə sahmana salıblar.
Bəlkə, bu siyahını uzatmaq da olar. Hələ bir çox məmurların hansı bədheybəd xəstəliklərdən əziyyət çəkməsini demirik. Lakin məramımız hansı məmurlara Allah tərəfindən göndərilən bəlalardan kolleksiya düzəldib, bunu bayram etmək yox, sadəcə, bəzi məqamları diqqətə çəkməkdir.
Axı, bu məmurlara bəla baş verəndə insanlar niyə sevinir. Ən adi qəzalardan da təəssüflənənlər, məmurların düçar olduğu bəlalara niyə sevinirlər?
Bu sualların cavabını eşitdiyim və gördüyüm bir neçə ibrətamiz hadisələrdə aramağa çalışdım.
30 il Azərbaycana rəhbərlik edən, bir sıra dəhşətli ölümlərdə adı hallanan Mircəfər Bağırov məhkəmədə ona ölüm hökmü oxunanada deyib ki, məni güllələmək yox, xalqa etdiyim bu zülmlərə, bəzi şəxslərə inandığıma görə şaqqalamaq lazımdır.

Əli İnsanov həbsə düşəndən sonra müxalifətçilərdən üzr istədi.
Bir neçə il bundan əvvəl dəhşətli əzabla, ağır xəstəliklə dünyasını dəyişən, əlillərlə bağlı idarəyə rəhbərlik edən şəxs, eşitdiyimə görə son nəfəsində deyib:
- Mən ki, əlillərə o qədər zülm etdim, onların haqqını çırpışdırıb eyş-işrətə sərf etdim, mən bundan da artıq zülmlə ölməli idim.
Nəhayət, sonuncu hadisə təxminən 20 il öncə olub. Komsomolda işləyən bir dostumla təsadüfən ona yaxın olan bir prokurorun evində qonaq olduq. Təvazökarlıqdan uzaq olan bu adamın iki sözündən biri bu idi: “Filankəsi belə basdırdım, filankəsi belə fufla elədim, onu belə asaram, bunu belə kəsərəm, qabağımda dayanan çətin tapılar”, - və sair. Elə bu söhbətin məqamında onun 10-12 yaşlı oğlu büdrəyib yıxılaraaq şiş uclu stolun tininə ilişdi. Gözünün altının parçalanması ilə nəticələn bu qəzada az qaldı ki, uşağın gözü çıxsın. Həkimlərin yardımı sayəsində vəziyyət yaxşılaşandan sonra prokuror dərindən bir ah çəkib qəmli-qəmli dedi: “Allah mənə ibrət dərsi verdi. Tanrı görür ki, yerdə bizə batan az olar, burada Allaha bəndəlik etmirik. Ona görə, mənə və mənkimilərə bu hadisə ilə qandırdı ki, bircə anda həyatını tarmar edib gözünün ağı-qarsı olan oğlunu əbədi kor edər, gözsüz qoyaram”.

Zahir


Geri qayıt