Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV MƏTBU ARSENALINI İŞƏ SALIR

RAMİZ MEHDİYEV MƏTBU ARSENALINI İŞƏ SALIR


23-05-2012, 14:14
RAMİZ MEHDİYEV MƏTBU ARSENALINI İŞƏ SALIR

HAKİMİYYƏT İÇİNDƏ İKİNCİLİK UĞRUNDA BÖYÜK SAVAŞ BAŞLAYIR

DİA.AZ: - Hakimiyyət daxilində yeni qarşıdurma episentri yaranıb. Bu barədə elə dünənlərdə də məlumat vermişdik və bildirmişdik ki, artıq məmurlar arasındakı konflikt parlamentə də sirayət etmə mərhləsindədir. Söhbət Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun arasındakı çəkişmənin yenidən alovlanmasından gedir. Xatırladaq ki, bu münaqişə ocağı buna qədər də bir neçə dəfə alışmışdı.

Məsələn, FHN şefinə bağlı deputat Qüdrət Həsənquliyev bir sıra nazirləri və komitə rəhbərlərini açıq-aşkar xalqa zülm etməkdə ittiham etmişdi. Əlbəttə, biz bu hadisəni vətənpərvərliyin “od püskürməsi” və ya ədalət hissinin yaratdığı “vicdan zəlzələsi” qismində təqdim etmək fikrindən uzağıq. Ölkədə baş verən olaylar ən sadəlövh vətəndaşın belə, aldanmasına imkan verməyəcək dərəcədə aşkar və amansız tərzdədir.

Qüdrət Həsənquliyev təkcə xalqa tutulan divandan söz açmamışdı. O, eyni zamanda, dövlət vəzifəlilərinin bir-birini saymadığını, hətta telefonlarına belə, cavab vermədiklərini demişdi. Bu məsələ isə tamam başqa aspektdən şərh olunmalıdır.

Əlbəttə, bu olayları şərh edərkən mənbə kimi Qüdrət Həsənquliyevin müsahibəsinə istinad etmək siyasi baxımdan doğru olmaz. Ona görə ki, Qüdrət Həsənquliyevin konkret bağlı olduğu oliqarxın fikirlərini səsləndirdiyi şübhəsizdir. Görünür, bu məsələnin ortaya çıxması təsadüfi deyil.

İlk növbədə Qüdrət Həsənquliyevin açıqladığı faktları gözdən keçirək. Birincisi, korrupsiya və rüşvət halları ilə bağlıdır. Bu istiqamətdə vəziyyət hər kəsə bəllidir. Ikinci məsələ dövlət vəzifəlilərinin bir-birinə hörmətsiz yanaşmaları və tabeçilik münasibətlərinin sıradan çıxmasıdır. Bu isə uzun müddətdir ki, dövlət aparatına mərkəzi nəzarətin sıradan çıxdığının sübutudur.

Əslində həmin ərəfədə FHN şefi deputatının dili ilə birbaşa olaraq korrupsiya ilə mübarizəyə cavabdeh olan Ramiz Mehdiyevin mövqelərini hədəfə almışdı. Ona görə ki, “boz kardinal” vəziyyətə nəzarət edə bilmir. Əslində, ittihamların əsas hədəfi də elə akademikdir.

Əvvəllər belə hadisələr olmazdı. Hakimiyyət bütün xeyir və şər addımlarını mərkəzləşdirilmiş qaydada planlaşdırır və həyata keçirirdi. Amma son bir neçə ildə, xüsusilə, 2008-ci ildən sonra Azərbaycanda mərkəzi hakimiyyətin sıradan çıxdığı aşkar görünürdü.

Kəmaləddin Heydərovun bu addımları əslində, gözlənilən idi. Ramiz Mehdiyevin öz kürəkənini aşkar siyasətə çəkməsi isə, artıq “boz kardinalın” öz gələcəyi barədə əndişələndiyinə işarədir. Görünür, biz bu vəziyyəti postmehdiyev dövrü üçün hazırlığa start kimi qiymətləndirməliyik.

İndi isə hücum sırası Ramiz Mehdiyevdə olduğundan PA rəhbərinin Kəmaləddin Heyərovu hətta həbs etdirmə niyyətinə qalxdığı da məlum oldu. Belə ki, hazırda həbsdə saxlanılan «Kür» Vətəndaş Qərargahı Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevə qarşı planın məhz Prezident Administrasiyasında cızıldığı məlum oldu. Bu barədə DİA.AZ-ı bilgiləndirən qaynaqların iddialarından aydın olurdu ki, əslində burada əsas hədəfə elə Kəmaləddin Heydərov olub. Bu yolla FHN şefinə olan «yuxarıların» etimad dərəcəsi kifayət qədər zədələndi. Belə bir təəssürat yaradıldı ki, guya Kəmaləddin Heydərov Oqtay Gülalıyevin əli ilə sel daşqınlarından əziyyət çəkən Kürqırağı rayonlardakı vəziyyəti şişirtməklə dövlət büdcəsindən öz nazirliyinə əlavə vəsaitləri cəlb etməyə nail olub.

Oqtay Gülalıyevə qarşı ilkin olaraq elan edilən ittihamda «kütləvi ictişaş» motivinin yer alması da Ramiz Mehdiyevin planlarının nə qədər KÜTLƏVİ olmasından xəbər verirdi. Amma Kəmaləddin Heydərov özünü qoruya bildi. Lakin etimadını yox. Hər halda, bu gün Oqtay Gülalıyevin həbsdə saxlanılması hər zaman FHN şefinin başı üzərində dayanan «Domokl qılıncı» effektini yaratmış olacaq.

Bu barədə redaksiyamıza daxil olan son məlumatlardan aydın olur ki, PA-da FHN şefinə qarşı yeni plan da cızılır. Bu barədə məlumatı verən mənbə iddia edir ki, yeni planın icrası üçün «Avroviziya» yarışmasının bitməsi gözlənilir:

«Plana görə, Mehdiyevin nəzarəti altında olan qəzetlərdə Kəmaləddin Heydərova qarşı yeni kampaniya start götürəcək. Bununla bərabər, Oqtay Gülalıyevlə bağlı məsələ də şişirdiləcək. Hələlik gözləmə mövqeyindədirlər. Çünki başları qarışıqdır. Amma plan artıq hazırdır və hətta Mehdiyevin nəzarəti altında olan bir sıra müxalif mövqeli qəzetlərə də oxşar təlimatlar ünvanlanıb».

Bu isə artıq münasibətlərin yenidən gərginləşməsi deməkdir. Çünki mətbu güc baxımından Kəmaləddin Heydərov heç də Ramiz Mehdiyevdən aciz birisi deyil. Onu da vurğulayaq ki, bəzi çevrələr bu hakimiyyət nəhəngi arasındakı çəkişməni ikincilik uğrunda başlanan “Böyük Savaş” kimi də xaraketrizə edirlər.


Geri qayıt