Əsas Səhifə > Ölkə > AZƏRBAYCAN ÖZ KONSULLUĞUNU QORUYACAQ

AZƏRBAYCAN ÖZ KONSULLUĞUNU QORUYACAQ


22-05-2012, 15:01
AZƏRBAYCAN ÖZ KONSULLUĞUNU QORUYACAQ

RƏSMİ BAKIDAN SEPAH-A CAVAB

“Təəssüf ki, Azərbaycanda “Eurovision” kimi bir müsabiqənin keçirilməsi bəzilərində, o cümlədən İranda həsəd hissi doğurur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev verib.

Onun sözlərinə görə, İranın özündə qeyri-müəyyənlik yaranıb: “İranın Azərbaycandakı diplomatik nümayəndəliyindən bildirirlər ki, səfir adi məsləhətləşmələr üçün Tehrana çağırılıb. Eyni zamanda bir sıra kütləvi informasiya vasitələrində qeyd olunur ki, səfirin Tehrana çağırılması müəyyən reaksiyadır. Yəni, İranın özündə belə bu məsələ ilə bağlı qeyri-müəyyənlik var və müəyyən qüvvələr səfirin Tehrana nə üçün çağırılmasının səbəbini müəyyənləşdirə bilmirlər. Təəssüf ki, Azərbaycanda “Eurovision” kimi bir müsabiqənin keçirilməsi və ölkəmizə çoxlu sayda xarici vətəndaşların gəlməsi bir çoxlarında, o cümlədən İranda həsəd hissi doğurur. ”

Elman Abdullayev Azərbaycanın regionda sürətlə inkişaf edən və böyük potensiala malik ölkə olduğunu deyib. O müsabiqə ilə əlaqədar Bakıya gələn turistlər arasında iranlı turistlərin də olduğunu bildirib.

“Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin təhlükəsizliyi yerləşdiyi ölkə tərəfindən təmin olunur. Azərbaycan da öz diplomatik missiyasının təhlükəsizliyinin təmin olunması üçün müəyyən addımlar atır”.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev İran mətbuatında ölkəmizin Təbrizdəki konsulluğuna hücum olunması ehtimalı ilə bağlı xəbərləri belə şərh edib. O qeyd edib ki, Azərbaycan xaricdəki diplomatik missiyalarının təhlükəsizliyinə diqqətlə yanaşır.


Geri qayıt