Əsas Səhifə > Ölkə, Manşet > FHN ŞEFİNİN HƏBSİNƏ TƏDARÜK GÖRÜLÜBMÜŞ
FHN ŞEFİNİN HƏBSİNƏ TƏDARÜK GÖRÜLÜBMÜŞ21-05-2012, 15:26 |
NAZİRİN RƏQİBLƏRİ 2005-Cİ İL OLAYLARINI TƏKRARLAMAQ İSTƏYİB DİA.AZ: - Hazırda qondarma ittihamlarla bağlı həbsdə saxlanılan «Kür» Vətəndaş Qərərgahı Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevlə bağlı bir müddət əvvəl verdiyimiz məlumatda bildirmişdik ki, onun həbsi hakimiyyət daxilində ikitirəliyə nədən olub. Belə ki, iqtidar daxilindəki bir sıra qüvvələrin hədəfinə çevrilən Oqtay Gülalıyev məmurlardan birinin ucbatından həbs olunub. Bildirək ki, Gülalıyev bir QHT rəhbəri olaraq sel daşqınları zamanı zərərgörən Kür ətrafındakı rayonların sakinlərinin hüquqlarını müdafiə etmək istiqamətində xüsusi fəallıq nümayiş etdirirdi. Elə bu təşəbbüs və fəaliyyətləri də hakimiyyət içindəki bəzi çevrələrin xoşuna gəlmədiyindən onu həbs etdilər. Bu həbslə bağlı danışan iqtidar daxilindəki mötəbər qaynaq iddia edir ki, əslində Oqtay Gülalıyevin məsələsində hakimiyyət ikiyə parçalanmış durumda olub. Oqtay Gülalıyevlə bir QHT rəhbəri olaraq sağlam tərəfdaşlıq münasibətində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan fərqli olaraq FHN şefinə əks qütbdə dayanmış Prezident Administrasiyasının rəhbərliyi «Kür»ün koordinatorunu üst dairələrə təxribatçı» kimi təqdim etməyə çalışıblar ki, nəhayətdə buna nail oldular da. Mənbəmizin söylədikləri: «Təbii ki, Oqtay Gülalıyev şərlənərək həbs olundu. Amma bütün bunların ssenarisi PA-da cızıldı. Hətta bu məsələdə Kəmaləddin Heydərovun da QHT rəhbərini müdafiə imkanları olmadığından, rəqibləri sui-istifadə mövqeyindən bacardıqları qədər istifadə etməyə çalışdılar». Redaksiyamızın əldə etdiyi son məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərova bu işlə bağlı torba tikmək də isətyiblər. Nazirlər Kabinetindəki mənbəmizin DİA.AZ-a söylədikləri: «Belə bir təəssürat yaratmağa çalışıblar ki, guya Oqtay Gülalıyev Kəmaləddin Heydərovun təlimatları ilə işləyib. Yəni guya ki, sel daşqınları nəticəsində zərər görmüş insanların durumu «Kür» Vətəndaş Qərargahının hesabatlarında süni şəkildə şişirdilib ki, bunun da nəticəsində dövlət büdcəsindən FHN-yə əlavə vəsaitlərin ayrılması işi təşkil olunub». Bütün bu absurd ideyaların Prezident Administrasiyası tərəfindən düşünüldüyünü və ortaya atıldığını bildirən mənbəmiz vurğulayır ki, sonradan Oqtay Gülalıyevin məsələsi qaldırılıb: «Gülalıyevi dövlət başçısına bir təxribatçı kimi təqdim ediblər və onu bölgədə baş verən etiraz aksiyalarının təşkilatçısı kimi təqdim ediblər. Hətta bu aksiyalarda FHn rəhbərliyinin də maraqlı tərəf olduğu iddia edilib. Sonuncu dəfə Sabirabad rayonunda təşkil olunan etiraz aksiyası isə məsələlərin pik nöqtəsi olub». Mənbəmiz bildirir ki, Oqtay Gülalıyevi «yuxarılara» təxribatçı kimi təqdim edən qüvvələr Kəmaləddin Heydərova qarşı səsləndirdikləri ittihamlarında belə bir şaiyə yayıblar ki, guya Sabirabadda və İimişlidə təşkil olunan etiraz aksiyalarının maliyyəsi də Kəmaləddin Heydərov tərəfindən ayrılıb. Əslində bunun 2005-ci ildə Fərhad Əliyevə və Əli İnsanova qarşı cızılan planın bənzəri olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, lakin Kəmaləddin Heydərovun avtoriteti və eyni zamanda prezidentin FHN şefinə olan etimadı imkan verməyib ki, Fərhad Əliyevin aqibəti Kəmaləddin Heydərovun həyatında təkrarlansın. Amma buna rəğmən Oqtay Gülalıyev həbs edilib. Mənbəmiz onu da bildirdi ki, artıq məsələlərdən tam olaraq hali olan Kəmaləddin Heydərov Oqtay Gülalıyevlə bağlı məsələnin də tam hüquqi çərçivədə araşdırılmasında maraqlı tərəfə çevrilməkdədir: «Əslində bu obyektivlik, Kəmaləddin Heydərovun özünə də lazımdır. Çünki Gülalıyevin təmizə çıxarılması ona da lazımdır ki, PA tərəfindən dövriyyəyə buraxılan şaiyələr darmadağın edilsin». Geri qayıt |