Əsas Səhifə > Ölkə > BAKIDA ƏCNƏBİLƏRƏ QARŞI ƏMƏLİYYAT
BAKIDA ƏCNƏBİLƏRƏ QARŞI ƏMƏLİYYAT18-05-2012, 15:23 |
QANUNSUZ MİQRANT “OVUNA” START VERİLDİ «Evrovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Bakıda xidmətə qadın polislər cəlb edilib. APA-nın Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinə istinadən verdiyi xəbərə görə, «Evrovision-2012» mahnı müsabiqəsinin təşkilində və keçirilməsində daxili işlər orqanlarının üzərinə mühüm vəzifələr qoyulub. Bu vəzifələrin effektiv həyata keçirilməsi və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyində xüsusi Tədbirlər planı hazırlanıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Sərəncamı ilə DİN-in bütün orqan və hissələri may ayının 10-dan 31-dək gücləndirilmiş iş rejiminə keçib, bu strukturlarda sutkalıq fəaliyyət göstərən əməliyyat qrupları yaradılacaq və rəhbər əməkdaşların xüsusi cədvəl üzrə növbətçiliyi təşkil edilib. Tədbirlər planında Bakı polisinin də üzərinə konkret vəzifələr qoyulub. İlk növbədə müsabiqə ərəfəsində və keçirildiyi dövrdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək şəxsi heyətin sayı, stasionar post və marşrutların dislokasiyası müəyyənləşdirilib. Məlumatda bildirilir ki, müsabiqənin keçiriləcəyi məkanın ətrafında, müsabiqə iştirakçılarının, rəsmi şəxslərin, nümayəndə heyətlərinin işlədikləri, istirahət etdikləri, əyləndikləri və yaşadıqları yerlərdə, şəhərin mərkəzi küçələrində ictimai asayişin gücləndirilmiş rejimdə qorunması təmin ediləcək. Artıq bu işə məsul konkret şəxslər müəyyən olunub. Eyni zamanda, qonaqların ictimai nəqliyyatdan da istifadə edəcəyi nəzərə alınaraq, metroda, marşrut avtobuslarında, dəmir yolu vağzalında, habelə müsabiqə iştirakçılarının qatarla hərəkət marşrutunda ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, cinayətlərin (xüsusilə cibgirliklərin) qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir. Bayır xidmətinin müasir tələblərə uyğun təşkil olunması üçün xidmətə qadın polislər cəlb edilib, əməkdaşların ingilis dilli kurslardan keçməsi üçün müvafiq işlər görülüb. Əcnəbilərlə bağlı hadisə baş verən yerlərə göndərilməsi üçün xarici dilləri mükəmməl bilən əməkdaşlardan ibarət xüsusi mərkəz yaradılıb. Paytaxtın rayon polis idarələrinin və ərazi polis bölmələrinin növbətçi hissələrində xarici dil bilən əməkdaşlar sutkalıq xidmətə cəlb olunub. Saxlanılmış şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün müsabiqə keçirilən ərazinin rayon polis idarəsində tərkibində istintaq və təhqiqat xidmətlərinin əməkdaşları da olan və müsabiqə dövründə sutkalıq fəaliyyət göstərən xüsusi işçi qrup yaradılıb. Əcnəbilərin yerləşəcəyi mehmanxanalarda polis naryadlarının sayı artırılıb. Bakıda yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət olunması istiqamətində nəzarət tədbirləri daha da gücləndirilib. Aidiyyəti dövlət qurumları ilə birgə şəhərdə qeydiyyatsız yaşayan əcnəbilərin müəyyən edilməsi və barələrində qanunauyğun tədbirlərin görülməsi prosesi davam edir. Bakı şəhərində küçələrdən dilənçilərin yığışdırılması, qanunsuz ticarətin qarşısının alınması ilə bağlı tədbirlər də qanuna müvafiq olaraq davam etdirilir. Paytaxtda beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar avaralığa və dilənçiliyə qarşı mübarizə, belə halların qarşısının alınması, azyaşlı uşaqları dilənçiliyə təhrik edənlərin aşkarlanıb barələrində qanunauyğun tədbirlərin görülməsi daha da gücləndirilib. Geri qayıt |